Ermənistanın təxribatçı deputatlarının Qarabağa buraxılmamasını Bakı tələb edib? – açıqlama
Politoloq: “Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər”
Aprelin 12-də Qarabağdakı Rusiya sülhməramlıları Qarabağa gedən Ermənistan parlamentinin müxalifəti təmsil edən 17 deputatını Laçın rayonunun girəcəyində saxlayıblar. Zabux kəndində bir neçə saat dayandıqdan sonra onları qarşılamağa gələn Qarabağın “parlament üzvləri” söhbət edə bilib.
Qeyd edək ki, İrəvandan gələnlərə hərbi cinayətkar, Ermənistanın keçmiş müdafiə naziri və Xocalı cəlladlarından biri Seyran Ohanyan başçılıq edib. Erməni mətbuatının yazdığına görə, Robert Köçəryanın tərəfdarları və İrəvandan gələn daşnaklar Qarabağda hansısa tədbir təşkil etmək niyyətində olublar. Erməni mediası yazıb ki, bu aksiyanın məqsədi Qarabağın “müstəqilliyi” uğrunda mübarizəyə dəstək olmaq idi.
Bəs hesab etmək olarmı deputatların Qarabağa girişi Bakının tələbi ilə bağlanıb?
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan parlamentinin 17 deputatının Qarabağa buraxılmaması Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Eyni zamanda bu, Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının Laçın dəhlizi ilə bağlı məsuliyyətinin nə qədər böyük olduğunun da bir ifadəsi kimi qiymətləndirilir: “Nəzərə almaq lazımdır ki, dəfələrlə Laçın dəhlizi vasitəsilə Ermənistanın yüksək vəzifəli şəxsləri, deputatları Azərbaycanın Qarabağ ərazisinə səfər ediblər və bu neqativ reaksiyalar ilk növbədə sülhməramlıların fəaliyyətinin mənfi məcrada qiymətləndirilməsinə səbəb olub. Digər önəmli məsələ Ermənistanda olan radikalların, revanşist və daşnak siyasətçilərin Qarabağa gələrək burada hüquqi siyasi təxribatlar törətmək cəhdləridir. Xüsusilə qeyd olunmalıdır ki, İrəvandan gələn deputatlar sırasında Ermənistanın keçmiş müdafiə naziri və Xocalı cəlladlarından biri olan Seyran Ohanyan da iştirak edirdi. Həmçinin ”Hayastan” və “Şərəfim var” blokunun nümayəndələri ilə yanaşı, Daşnaksütyun Partiyasının da nümayəndələri burada yer alırdı. Onların Qarabağa buraxılmaması mənə elə gəlir ki, rəsmi Bakının son dövrlər göstərdiyi xüsusi qətiyyət, siyasi iradə sayəsində mümkün olub”.
Ekspert qeyd etdi ki, bu hadisənin hazırda sülh müqaviləsinin imzalanması və onun hazırlanması istiqamətində fəaliyyətin həyata keçirildiyi bir zamanda baş verməsi maraqlıdır: “Bu yaxınlarda xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığının baş tutması da onu göstərir ki, 6 aprel tarixində Avropanın siyasi paytaxtı Brüsseldə keçirilən görüşdəki danışıqlar öz əməli praktiki nəticələrini verir. Brüssel formatında keçirilən danışıqlarda həm sülh sazişinin hazırlanması, həm də sərhədlərin delimitasiyası üçün komissiyanın mandatının qəbul olunması istiqamətində konkret tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində fəaliyyət həyata keçirildiyi bir müddətdə revanşist qüvvələrin Qarabağa səfər etməsi məhz sülh yaratmaqla bağlı bütün təşəbbüslərə əngəl törətməyə xidmət edir. Əgər bu səfər baş tutsaydı, onda təbii ki, Azərbaycan tərəfinin haqlı iradları və təpkiləri və geniş rezonans doğuran etirazlar müşahidə olunacaqdı. Yaxşı ki, bu təxribatçı deputatların səfəri baş tutmadı. Bu səfərin baş tutmasının qarşısının alınması sülh yaradılması istiqamətində bir addım kimi dəyərləndirilə bilər”.