ABŞ və Qərb ikitərəfli müzakirə modelini önə çıxarır: Rusiya isə “artsax”dan daha möhkəm yapışır
ABŞ və Qərb Cənubi Qafqazdakı regional prosesləri Rusiyanın təsir dairəsindən çıxartmaq niyyətində israrlıdır, ona görə də, Azərbaycan-Ermənistan yekun sülh sazişinin ən qısa zamanda imzalanmasında maraqlıdır; Son vaxtlar Xankəndi və ətraf bölgədə baş verən təxribatlarda rus sülhməramlıların baş rolda çıxış etməsi, “artsax”ın indi Ermənistandan daha çox Rusiyaya lazım olduğunu göstərir…
Ermənistan qarışır. Brüssel görüşü və onun nəticələri Ermənistan cəmiyyətində şok effekti yaradıb. İndi erməni toplumu bu görüşdə baş verənləri xüsusi emosionallıqla müzakirə edir. Və 30 il ərzində Rusiyanın, eləcə də, Qərbdəki erməni himayədarlarının sayəsində ələ keçirdikləri hər şeyin bir-birinin ardınca yoxa çıxması ilə barışmaq istəmir.
Rusiya da Brüssel görüşündən məmnun deyil. Kreml Brüsseldə yalnız Ermənistanın və erməni separatizminin deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı maraqlarının gələcək taleyinin həll edildiyinin fərqindədir. Ona görə də, tez-tələsik regionda cərəyan edən proseslərə Rusiyanın maraqları çərçivəsində müdaxilə etmək qərarına gəlib.
Təbii ki, indiki situasiyada Kremlin ata biləcəyi ilk addımlardan biri məhz Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələri hərəkətə gətirmək ola bilərdi. Son günlər baş verən hadisələr Rusiyanın bu addımı artıq atdığını göstərir. Və hazırda Kreml ilk mərhələdə Ermənistanda kütləvi etiraz dalğası yaradaraq, Paşinyan hakimiyyətini Brüssel görüşündə əldə olunan anlaşmaların pozulmasına nail olmağa çalışır.
Kreml Azərbaycan və Ermənistan arasında mövcud problemlərin həllində qətiyyən maraqlı deyil. Üstəlik, bu problemlərin həlli prosesinə Rusiyadan başqa hansısa beynəlxalq qurumun vasitəçiliyinə imkan vermək niyyətindən uzaqdır. Kremldə anlayırlar ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin itirilməsi deməkdir.
Ona görə də, Ermənistanın radikal-revanşist müxalifəti yenidən İrəvan meydanlarına çəkilir. Kremlin təlimatlarını yerinə yetirən erməni müxalifəti Brüssel görüşünün nəticələrinə etiraz edir. Azərbaycanın sülh müqaviləsinin hazırlanması üçün Ermənistana təqdim etdiyi beş maddəlik təkliflər paketinin rəsmi İrəvan tərəfindən qəbul olunmasını fəlakət kimi dəyərləndirir. Və bütün bunlara qarşı “artsax üçün ayağa qalx” şüarı ilə fasiləsiz ümumxalq mitinqləri keçiriləcəyini bəyan edir.
Brüssel görüşünün nəticələri erməni politoloqlar tərəfindən də böyük məğlubiyyət kimi şərh olunur. Onların fikrincə, rəsmi Bakı Ermənistana tam kapitulyasiya təklif edir. Və rəsmi İrəvan bunu qəbul edərsə, “artsax” birdəfəlik yoxa çıxar, nəticədə həm də Rusiya regionda çox ciddi məğlubiyyətə düçar olar.
Nyu-York Universitetinin professoru Qeorqi Derluqyan hesab edir ki, rəsmi Bakı Ermənistana qarşı qəzəblidir. Ona görə də, Azərbaycanın siyasi rəhbərliyi Ermənistana tam kapitulyasiyanın bütün şərtlərini qəbul etdirmək niyyətindədir: “Əgər, rəsmi İrəvan bunu qəbul edərsə, onda ola bilər ki, Ermənistanı bağışlasınlar. Halbuki, rəsmi Bakının Ermənistana mərhəmət göstərəcəyinə də tam əmin olmaq mümkün deyil”.
Erməni professor hesab edir ki, hazırda Azərbaycanın planlarına yalnız Rusiya sülhməramlı qüvvələri əngəl ola bilir: “Rəsmi Bakı öz qarşısına maksimal hədəflər qoyub. Yəni, Rusiyaya hələlik lazım olan “artsax”ı birdəfəlik ləğv etmək istəyirlər. Azərbaycan bu hədəfinə çatmaq üçün mövcud situasiyadan və malik olduğu imkanlardan maksimum səviyyədə istifadə edəcək. “artsax”ın ləğvi Rusiya üçün olduqca ağır məğlubiyyət olacaq. Halbuki, 2020-ci ildə Türkiyənin bu regionda möhkəmlənməsi ilə Rusiya onsuz da məğlub olub”.
Əlbəttə, ilk baxışdan, bu, erməni propoqandası kimi də dəyərləndirilə bilər. Ancaq bəzi önəmli məqamlar və Kremldən verilən açıqlamalar tamam fərqli durumdan xəbər verir. Xüsusilə də, Rusiya xarici işlər naziri Sergey Lavrovun əsəbi şəkildə dedikləri bir çox məqamları ortaya çıxarır. Və bu açıqlamaları real şəkildə təsdiqləyən rus sülhməramlılarının son təxribatlarını da diqqətdən qaçırtmaq olmaz.
Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Ermənistanın ən həssas nöqtələrinə təmas etməklə, Kremlin ermənilər üçün əvəzolunmaz himayədar olduğuna eyham vurmuşdu. O, bildirmişdi ki, Brüssel görüşündə Ermənistanın maraqları ümumiyyətlə, nəzərə alınmayıb. ABŞ və Fransa isə ATƏT-in Minsk Qrupunu artıq ləğv ediblər, Azərbaycan-Ermənistan problemi ilə məğlub olmaq istəmirlər. Və yalnız Rusiya bu problemlərin həllinə vasitəçilik edə bilər.
Göründüyü kimi, rus diplomat ilə revanşist erməni müxalifətinin tezisləri tamamilə üst-üstə düşür. Yəni, Kremlin Brüssel görüşünə bağlı prosesi pozmaqda maraqlı olduğu inkaredilməz reallıqdır. Son vaxtlar Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə təxribatların artması da planlı fəaliyyətdən xəbər verir. Üstəlik, həmin təxribatlarda rus sülhməramlılar açıq şəkildə baş rolda çıxış edirlər. Bu baxımdan, Xankəndi və ətraf bölgədə baş verənlərin arxasında Kremlin “gərginliyi son həddə qədər artırın” təlimatının olduğundan şübhələnmək üçün əsaslar olmamış deyil.
Təbii ki, ABŞ və Qərb Kremlin ittihamlarını cavabsız qoymayıb. ABŞ Dövlət Departamenti açıqlama yayaraq, bildirib ki, Ağ Ev Azərbaycan və Ermənistan arasında olan problemlərin həllinə dəstək verməyə hazırdır. Eyni zamanda, Brüssel görüşü və onun nəticələrini alqışlayan ABŞ Dövlət Departamenti Azərbaycana və Ermənistana mövcud problemlərin həlli üçün birbaşa, ikitərəfli təmaslara üstünlük verməyi məsləhət görüb. Yəni, Ağ Ev açıq şəkildə Azərbaycan və Ermənistana “Rusiyadan uzaq durun, problemlərinizi özünüz birbaşa müzakirə ilə həll edin” mesajını verir.
Maraqlıdır ki, Brüssel görüşünün təşkilatçısı olan Şarl Mişelin açıqlamasında da oxşar mesajlar mövcuddur. Ş.Mişel də Azərbaycan və Ermənistanın birbaşa təmaslarla, yəni Rusiyanın iştirakı olmadan daha sürətlə sülh sazişinə nail ola biləcəklərinə eyham vurur. Halbuki, vasitəçilik missiyasını artıq tamamilə itirmiş Minsk Qrupundan hələ də möhkəm yapışmağa çalışan Paşinyan hakimiyyəti bu məsləhətlərə tərəddüdlə yanaşır. Və böyük ehtimalla S.Lavrovun Rusiya adından Ermənistana verdiyi hərbi dəstək vədlərinə hələ də ümid bəsləyir.
Halbuki, Brüssel görüşü ərəfəsində ABŞ dövlət katibi Entoni Blinkenin həm Bakıya, həm də İrəvana telefonla zəng etməsi qətiyyən təsadüfi deyildi. Ağ Ev Cənubi Qafqazdakı regional prosesləri Rusiyanın təsir dairəsindən çıxartmaq niyyətində israrlı olduğunu açıq şəkildə biruzə verməyə çalışır. Bunun ən optimal yolunun isə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ən qısa zamanda imzalanmasının olduğunu da artıq qəbul etmiş kimi görünür. Və bu, baş verərsə, Ağ Ev yalnız Cənubi Qafqazın deyil, ümumiyyətlə, postsovet məkanının tədricən Rusiyanın təsir dairəsindən çıxara biləcəyə əmindir.
Göründüyü kimi, Cənubi Qafqazda Rusiya artıq təkbaşına hegemonluq şanslarını itirmək təhlükəsi ilə üzləşməyə başlayıb. Ona görə də, Kreml son vaxtlar “artsax”dan daha möhkəm yapışmağa çalışır. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin hazırlanması prosesini poza biləcək addımların atılmasına cəhd göstərir. İndi “artsax” Ermənistandan daha çox Rusiyaya lazımdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu