Türk dünyasının mədəniyyət incisi
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı layihələrin həyata keçirilməsinə, xarici şirkətlərin də marağı böyükdür. Bu da təbii ki, ölkəyə cəlb olunacaq kapital deməkdir. Bir sözlə, 30 ilə yaxın müddətdə düşmənin dağıtdığı, viran qoyduğu şəhərlərimiz, kəndlərimiz bu günlər dirçəlir, gözəlləşir. O torpaqlara həyat yenidən qayıdır.
Heç kəsə sirr deyil ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərini azad etməsi bütün müharibənin taleyini həll etdi. Vətən müharibəsinin 43-cü günündə millətin bu arzusu reallaşdı. Bu, 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. 1750-ci ildə Qarabağın ən səfalı yerində şiş uclu dağların əhatəsində təməli qoyulan Şuşa şəhərinin azad edilməsi ilə nəticələnən, “Şuşa əməliyyatı” hələ də xarici hərbi eksperlər tərəfindən şərh olunur. Dünyanın inkişaf etmiş aparıcı ölkələrinin ali hərbi məktəblərində “Şuşa əməliyyatı” haqqında müzakirələr, təhlillər aparılır.
2021-ci ilin yanvarın 14-də cənab Prezident Şuşa şəhərinə səfər etdi, burada tarixi-mədəni irsin bərpası, Şuşanın əvvəlki şöhrətinin özünə qaytarılması üçün tapşırıq verdi. Şuşada bir çox infrastruktur obyektlərinin, mədəniyyət və tarixi abidələrin bərpası və yenidən qurulması ilə bağlı tədbirlər görüldü, yeni təməlqoyma mərasimləri keçirildi. Çünki terrorçu ermənilər, vandal Ermənistan hakimiyyətinin tapşırığı ilə Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşudbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Dövlət Xalça Muzeyinin filialını və Xalq Tətbiqi Sənəti Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq Musiqi Alətləri Fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talayaraq məhv etmişdilər. Bir sözlə, erməni vandalları Şuşada mədəni soyqırım törətmişdilər
2021-ci ilin mart və may aylarında Şuşaya növbəti səfərləri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra mühüm obyektlərin, o cümlədən Qafqazın ən nəhəng məscidinin və Şuşa şəhər 1 saylı məktəbin təməllərini qoydular. May ayında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarix beşiyimiz olan Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalını təşkil etdi. İyunun 15-də qardaş Türkiyənin Prezidenti Şuşaya səfər etdi, bir sıra mühüm tədbirlər təşkil olundu, tarixi Şuşa Bəyannaməsi imzalandı. Avqustun 29-da Şuşa şəhərinə növbəti səfərləri zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin Baş planı təqdim olundu. Həmin səfər zamanı bir sıra obyektlərin açılışı oldu, yeni layihələrin təməli qoyuldu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, eyni zamanda, Vaqifin büstünün açılışı oldu. Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı baş tutdu. Natəvanın adını daşıyan bulaq istifadəyə verildi. Şuşanın simvollarından biri olan və təmir-bərpa zamanı füsunkar memarlıq ansamblı qorunub saxlanılan “Qarabağ” hoteli də cəmi bir neçə ay ərzində istifadəyə verildi. Cənab İlham Əliyev avqust ayında Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu. Vaqif Poeziya Günləri keçirildi. Beləliklə, zəngin mədəniyyət ənənələrimizin 30-40 ildən sonra yaşadılması gerçəkləşdi. Xatırladaq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci ildə işğaldan azad edilmiş ərazilərimizə 32 səfər gerçəkləşdirdilər ki, bunlardan 7-si Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi, musiqi beşiyimiz Şuşa şəhərinə edilib. Tarixi Zəfərimizdən sonra ilk Novruz tonqalı da məhz Qafqazın incisi Şuşada, Cıdır düzündə alovlandırıldı.
Ötən ayın sonlarında Qarabağın döyünən ürəyi Şuşa ilə bağlı baş verən beynəlxalq səviyyəli hadisə bu ecazkar diyarın dünyaya təqdimatında mühüm addım oldu. Türkiyənin Bursa şəhərində TÜRKSOY Daimi Şurasının növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olundu.
Təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın incisi, tacı olan, füsunkar təbiətə malik, mədəniyyət paytaxtımız adlandırılan bu qala şəhəri hər birimiz üçün müqəddəs və doğmadır.