22 Noyabr 2024

Prezident İlham Əliyevin Brüssel səfəriAzərbaycanın diplomatik qələbəsinin təqdimatıdır.

Bu gün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan cənab Prezident İlham Əliyevin hər bir xarici səfəri Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilir.

     Bu gün gündəmdə olan əsas müzakirə mövzusu dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə işgüzar səfəridir. Səfər çərçivəsində ölkə Prezidentinin qurumun rəsmisi ilə təkbətək görüşü, eyni zamanda, Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin üçtərəfli görüşü mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı istər ölkəmizin qurumla, istərsə də quruma üzv dövlətlərlə münasibətlərində özünün aydın ifadəsini tapır. 2018-ci ildə Prezident İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi bütün məqamları özündə ehtiva edir. Tarixi Zəfərimizdən sonra Avropa İttifaqının ölkəmizlə münasibətləri, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə üçtərəfli görüşün keçirilməsi və sair kimi mühüm addımlar postmünaqişə dövrünün əsas reallıqlarının təqdimatıdır. Ötən ilin dekabrında Brüsseldə sülh gündəliyinin əsası qoyulmuşdur. Aprelin 6-da keçirilən görüş Brüssel gündəliyinin əsas tərkib hissəsi kimi dəyərləndirilir. Üçtərəfli əsasda 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın. İki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Məlum olduğu kimi, bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh müqaviləsində əsas şərtlərdən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsidir. Tarixi Zəfərimizdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanın hələ də sülh təklifinin imzalanması ilə bağlı tərəddüdləri diqqətdən kənarda qalmır. Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa olunmasında maraqlı olduğunu hər bir bəyanatında ifadə edir. Amma istər ötən ilin dekabrın 14-də, istərsə də aprelin 6-da keçirilən görüşlərin sonunda qəbul olunan bəyanatda “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinad olmayıb. Qarabağ münaqişəsi artıq tarixə qovuşub və indi bölgədə yeni səhifə açılıb. Minsk qrupunun vasitəçiliyinə gəldikdə, 1992-ci ildə münaqişənin həllinə vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradıldığı gündən qurum vəzifəsinin nədən ibarət olduğunu dərk etmək istəmədi. Təbii ki, bunun səbəbləri var idi. Vasitəçi tərəf tuta bilməz, neytral mövqedə dayanaraq məsələnin ədalətli həllinə öz dəstəyini göstərməlidir. Amma 30 ildə Azərbaycan tamamilə fərqli bir mənzərənin şahidi oldu. ATƏT-i Minsk qrupunun həmsədrləri işğalçını adı ilə çağırmağın münaqişənin həllinə maneə ola biləcəyini bildirərək, açıq-aşkar Ermənistana dəstək missiyasını yerinə yetirdi. Qurumun fəaliyyətsizliyi, tərkibinin dəyişdirilməsi məsələsi daim gündəmin əsas müzakirə mövzularından olub. Azərbaycan 44 günlük Vətən müharibəsinin getdiyi dövrlərdə də ATƏT-in Minsk qrupunun ikili standartlara əsaslanan siyasətinin şahidi oldu. Artıq münaqişə həll olunub, Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü təmin edib, işğala son qoyub. Bu gün postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinin zamanıdır. Azərbaycan ATƏT-in Minsk qrupundan postmünaqişə dövrü ilə bağlı yeni təklif gözləsə də, bunun mümkünsüzlüyü göz önündədir. Belə olan təqdirdə, onun uğursuz vasitəçilik missiyasını yenidən bərpa etməyə ehtiyac varmı? 44 gündə işğala son qoyaraq münaqişəni özü həll edən Azərbaycan üçün ATƏT-in Minsk qrupu lazımsız təsisatdır. Artıq bu qurum tarixin arxivində yer alıb.

 Azərbaycanın günbəgün artan hərbi gücü və nüfuzu qarşısında dalana dirənən Ermənistan rəhbərliyi artıq başa düşməlidir ki, Azərbaycana qarşı apardıqları işğalçılıq siyasətinə son qoymasalar, Ermənistanın üçün faiəvi sonluq qaçılmaz olacaq. Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.

      Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərin suallarına cavabına yönəldərək bildirib ki, qurum rəsmisinin “Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq” cavabı hazırkı və sonrakı proseslərin aydın mənzərəsini yaradır. Ümumilikdə hər bir görüş Azərbaycanın diplomatik qələbəsinin təqdimatıdır. Artıq Ermənistan, həmçinin dünya gücləri sülh müqaviləsinin imzalanması ilə bağlı istəklərini ortaya qoyaraq bu istiqamətdə dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin müzakirəsinə başlayıb. Son Brüssel görüşü də təsdiqləyir ki, Avropa İttifaqı da 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır.

Rövşən Qurbanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.