22 Noyabr 2024

Brüssel görüşündə Azərbaycan növbəti diplomatik qələbəyə imza atdı.

 Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın mühüm görüşü baş tutub.4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinə müvafiq təlimatlar verilib.Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur.Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır.Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib.Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.

Avropa İttifaqının işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi,itkin düşən şəxslərin tapılması,eləcə də quruculuq və bərpa işlərində Azərbaycana öz dəstəyini bildirməsi mühüm əhəmiyyətə malikdir.Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb,telefon danışıqları keçirilib.Keçirilən danışıqlarda ölkə başçımız cənab İlham Əliyevin apardığı siyasət təkcə Azərbaycanla Ermənistan arasında yox,bütün regionda sülhün  və iqtisadi əlaqələrin inkişafına zəmin yaradır.Brüsseldə keçirilən son görüş  göstərir ki,Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri,dövlət və hökumət başçıları arasında dialoq,telefon danışıqları,Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.

6 aprel tarixində keçirilən ​Brüssel  görüşündə ən vacib məqamlardan biri də tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması,birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunmasıdır.Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması,dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır.

Hazırda Ermənistanda gedən proseslər və erməni  cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki,Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır. Brüssel görüşü Prezident İlham Əliyevin diplomatik müstəvidə növbəti  qələbəsini özündə əks etdirir.

Cavid Mustafayev

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.