Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günləri davam edir (FOTO)
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunda davam edib.
İnstitutun rektoru, professor İbrahim Yuldaşev Bakıdan gələn qonaqları-Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və digər qonaqları ali məktəbin həyətində qarşılayıb.
İnstitutun akt zalında keçirilən tədbirdə alimlər və tələbələr iştirak edib.
İbrahim Yuldaşev tarixən bir-birinə bağlı olan xalqlarımız və müttəfiq olan dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərdən danışaraq, Prezidentlərimiz Şavkat Mirziyoyev və İlham Əliyev arasındakı səmimi dostluq münasibətlərini qeyd edib. İki ölkə arasında mədəni əlaqələrin günü-gündən inkişaf etdiyini bildirən rektor, Özbəkistanın ali məktəbləri ilə Azərbaycan universitetləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. Rektor deyib edib ki, Özbəkistanda nəinki paytaxt Daşkənddə, ayrı-ayrı böyük şəhərlərdə hər il keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri qardaş ölkənin mədəniyyətini öyrənməyə imkan verməklə yanaşı, onun nə qədər zəngin, təkrarsız olduğunun şahidi oluruq.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dövlətlərimiz arasında mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən böyük layihələr haqqında məlumat verib, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, regionlarda Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, vilayətin kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi istiqamətindəki fəaliyyətdən danışıb. S. Abbasov “Şuşa ili” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanının Termez Dövlət Universitetində Xurşidbanu Natəvan adına Mədəniyyət Ocağının açılışı olacağını, Azərbaycan və Özbəkistanın gənc şairlərinin iştirakı ilə 2 əsrdən sonra bərpa edilən “Məclisi-fəramuşan” poeziya məclisinin növbəti görüşlərinin Şuşada keçiriləcəyini və Özbəkistanın Xivə şəhəri ilə Azərbaycanın Şuşa şəhəri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçiriləcəyini söyləyib.
Qənirə Paşayeva Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Deputat xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından danışan deputat qardaş Özbəkistanla bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb, tələbə və müəllim mübadiləsinin mühüm amil olduğunu diqqətə çatdırıb. Q.Paşayeva 44 günlük Vətən müharibəsindən danışıb, Özbəkistanın Azərbaycanın haqq işini müdafiə etdiyini vurğulayıb və bunun üçün minnətdarlıq edib.
Müşfiq Cəfərov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışıb. O deyib ki, bu günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Özbəkistanda olub, yüksək səviyyədə görüşlər keçirib.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli mədəni sahədə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, bu işdə Mədəniyyət nazirliklərinin əməkdaşlığı, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm rolunu qeyd edib. Nazirlik rəsmisi gələcəkdəki birgə layihələrdən danışıb.
Sonra Mədəniyyət institutunun tələbələri Bakıdan gələn modelyer Afaq İsmayılzadənin hazırladığı Azərbaycan və özbək milli libaslar kolleksiyasını nümayiş etdirib. Geyimlərdə hər iki ölkəyə məxsus naxışların əks olunduğu libaslar sərgilənib.
Sonra geniş konsert proqramı keçirilib, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğamlarımızı, xalq mahnı və təsniflərimizi, İlham Abdullayev sazda qədim el havalarını, institutun ansamblı isə Azərbaycan və özbək mahnılarını ifa edib.
Tədbirin sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.