“Su qiymətinə” anlayışı əhəmiyyətini itirir?
Ödənişsiz istifadə su ehtiyatlarına laqeyd münasibətin qarşısının alınmasında ən böyük əngəldir
Dilimizdə tez-tez işlənilən “su qiymətinə” anlayışı bundan sonra çox güman ki, çox ucuzluq, dəyər-dəyməzinə mənasını verməyəcək. Belə ki, Azərbaycanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində davam edən islahatların tərkib hissəsi kimi nəinki içməli sudan, ümumiyyətlə, sudan əksər hallarda istifadənin ödənişlə həyata keçirilməsinə başlanılır.
Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir. Söhbət ondan gedir ki, ölkədə şirin su ehtiyatları onsuz da azdır, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların da xeyli azalması vəziyyəti daha da çətinləşdirib.
Xatırlatmaq yerinə düşər ki, hələ 2020-ci ilin əvvəlində ölkədə su təminatındakı vəziyyət həyəcan təbilinin çalınmasını zəruri etmişdi. Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci rübünün və birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarında yer alan məsələlərdən biri də ölkənin su təminatı ilə bağlı olmuşdu. Yaranmış vəziyyətin həlli üçün, həmçinin Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilmişdi. Eyni zamanda, ölkə başçısının 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.
Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə məlum olmuşdu ki, müəyyən obyektiv və subyektiv səbəblər su qıtlığını qaçılmaz edib. Konkret desək, sözügedən Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayev bildirmişdi ki, su ehtiyatlarının az olması, iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirib. Ş. Mustafayev vurğulamışdı ki, əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və sair layihələrin inşa edilməsinə baxmayaraq, kəskin su çatışmazlığı müşahidə edilir.
Mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alsa da, əksər hallarda səhlənkarlıq ucbatından baş verir. Məsələ burasındadır ki, keçmiş Sovet İttifaqı dövründə çəkilmiş kanalların böyük əksəriyyəti torpaqdan olub və onların böyük hissəsi bu gün də istismardadır. Nəticədə müxtəlif məlumatlara görə, ölkənin su ehtiyatlarından meliorasiya və su təsərrüfatının xətti ilə ildə təqribən 10 milyard kubmetr su götürülür ki, bunun 7 milyard kubmetrindən səmərəli istifadə edilsə də, 3 milyard kubmetri itkiyə gedir. Aydın məsələdir ki, suyun ödənişsiz istifadəsi su ehtiyatlarına laqeyd yanaşmanın qarşısının alınmasında ən böyük əngəldir.
Çaylardan və digər su mənbələrindən götürülən suya görə ödənişin edilməsi zərurəti bu günlərdə Nazirlər Kabineti tərəfindən təsdiqlənən sudan ödənişli istifadə qaydalarından irəli gəlir. Qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək.
Bundan başqa, sudan istifadə qiymətləri də fərqli olacaq. Belə ki, sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.
Görünən odur ki, iqtisadiyyatın müxtəlif istiqamətlərinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya tələbatın artması fonunda sudan istifadənin ödənişli olması ehtiyatların qənaətlə istifadəsinə gətirib çıxara bilər. Həmçinin beynəlxalq təcrübəyə müraciət edəndə məlum olur ki, hətta su resursları ilə zəngin olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir.
Bununla belə, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi yenə də ödənişsiz olacaq.