22 Noyabr 2024

“Zəfərdən Dirçəlişə”

Qarabağ Dirçəliş Fondunun və ETSN-in birgə təşkilatçılığı reallaşdırılan bu layihə çərçivəsində Zəngilanda 30 min ağac əkiləcək

Bioloji müxtəlifliyin qorunması prosesləri Azərbaycanın bütün bölgələrində həyata keçirilir

İşğaldan azad edilmiş rayonlarımızda aparılan abadlıq-quruculuq işləri ilə yanaşı, ekoloji aksiyaların, kampaniyaların keçirilməsi də ənənəvi hal alıb. 2021-ci ilin dekabr ayınının 17-də start verilən və 2022-ci ilin payızında yekunlaşdırılması planlaşdırılan “Zəfərdən Dirçəlişə” adlı layihə “Paşa Holding” MMC-nin, “Paşa Bank” ASC-nin, “Kapital Bank” ASC-nin, “Paşa Həyat Sığorta” ASC-nin, ”Paşa Sığorta” ASC-nin, “Paşa İnvestments” MMC-nin, “Competo” MMC-nin, “Agro Dairy” MMC-nin, “Azərbaycan Supermarket” MMC-nin, “Paşa Travel” və “Universal Pro” MMC-nin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Zəngilanda böyük meşə massivi salınacaq.

“Zəfərdən Dirçəlişə” layihəsinin keçirilməsində məqsəd ekoloji tarazlığın bərpası, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgələrinin və ümumilikdə ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağacın – əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, şeytan ağaclarının və Şərq çinarının əkilməsi nəzərdə tutulur və dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun şəkildə aparılır. Enerji təminatı və suvarma sisteminin qurulması, ərazidə müntəzəm müşahidələr aparmaqla əkilmiş sahəyə mütəmadi qulluq edilməsi kimi məsələlərə xüsusi diqqət ayrılır.

Ağacəkmə aksiyası işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etmək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən ilk layihədir. Layihə işğaldan azad olunmuş digər ərazilərdə də davam etdiriləcək. Memorandum çərçivəsində ekoloji tarazlığın bərpası, yaşıllığın artırılması, heyvan və quş növlərinin reabilitasiya edilərək təbiətə qaytarılması kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, işğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi Ermənistanın vandalizm cinayətlərinə məruz qalıb. Bu dövrdə düşmən regionun təbii sərvətlərini talan edib, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədib, bununla da Qarabağın və Şərqi Zəngəzurun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilməsi çətin olan zərər vurub.

Salınacaq meşə massivinin inkişaf prosesini müşahidə etmək məqsədilə mütəmadi olaraq dron, foto və videoçəkilişlər aparılacaq və görüntülər Fondun saytında bu layihə üçün hazırlanan https://qdf.gov.az/layiheler/zeferden-dirchelishe xüsusi bölmədə yerləşdiriləcək.

Bu təşəbbüs çərçivəsində əkilən ağaclar beynəlxalq birliyin Qarabağda və Şərqi Zəngəzurda davamlı gələcəyə dəstəyini simvollaşdıracaq. Gələcək nəsillər bu meşələrin yaratdığı kölgə və təbii istirahət zonalarından zövq alacaq və bütün bölgə bir daha çiçəklənən və sağlam ekosistemdən faydalanacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci ilin yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması, yanvarın 19-da isə bu Fondun fəaliyyətinin təmin edilməsi haqqında müvafiq fərmanlar imzalayıb. Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq – bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.