Azərbaycan xalqı 30 illik məhrumiyyətə cəmi 44 günə son qoydu
27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.
Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik.Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf edib, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşıb. Onlar görürlər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, “Qarabağ Azərbaycandır” kəlməsini Azərbaycan tarixinə əbədi həkk edən Lideri var.44 günlük Vətən müharibəsində Şəhid Seyfəddinn Balağayevin anası kimi deyə bilərəmki 30 illik həsrətimizə son qoyub Qarabağ arzusunu möcuzəyə çevirən Ali Baş Komandanımıza və Müzəffər Odumuza təşəkkür edirəm.Allahdan bütün şəhilərimizə rəhmət biz valdeyinlərə səbr diləyirəm
Qarabağ Azərbaycandır!
Balağayeva Besxanım-Şəhid Anası Şabran şəhər T.Abbasov adına 1 saylı tam orta məktəbin İngilis dili müəllimi