Neft və qaz nə vaxtsa tükənəcək, insan kapitalı isə…
Azərbaycan cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çox böyük əhəmiyyət verir. Bu sahədə görülən işləri, həyata keçirilən tədbirləri Prezidenti İlham Əliyevin sözləri ilə daha dolğun və aydın ifadə etmək olar: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir. “Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yəni texnologiyadır”.
Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Strateji Yol Xəritəsi 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışlarını əhatə edir.
Strateji Yol Xəritəsində hədəflənən istiqamətlərdən biri də insan kapitalının inkişaf etdirilməsidir. Ölkəmizdə insan kapitalının formalaşdırılması və onun səmərəli idarə olunması həmişə dövlət tərəfindən dəstəklənir. Belə ki, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının formalaşması və inkişafına xüsusi diqqət yetirilir.
Danılmaz faktdır ki, insan kapitalı əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi inkişafda, istehsal və xidmət sektorlarının rəqabətqabiliyyətinin yüksəlməsində, eləcə də ölkənin qlobal bazarlara inteqrasiyasında mühüm rol oynayır. Buna nail olmaq üçün ilk növbədə təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişafında fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə sərmayə qoyuluşunun stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur. Strateji Yol Xəritəsində bildirilir ki, bunları əsas tutaraq Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində həyata keçiriləcək islahatların ayrılmaz tərkib hissəsi kimi insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi və bütün iqtisadi inkişafda rolunun artırılması ilə bağlı tədbirlər hərtərəfli dəstəklənəcək.
Sənədin həmin bölməsində göstərilir ki, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.
Prezident İlham Əliyev daim vurğulayır ki, insan amili, ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, ölkəmizin yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir. Respublikamızda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər beynəlxalq təşkilatların hesabatlarında öz müsbət əksini tapır. Bir müddət əvvəl Dünya Bankının İnsan Kapitalı İndeksində (İKİ) dünya ölkələrində insan kapitalının pandemiyadan əvvəlki vəziyyətinin qiymətləndirilməsinə dair yaydığı hesabatda 103 ölkənin 2010-2020-ci illər arasındakı dövrdə insan kapitalı sahəsində inkişafı təhlil olunub. Bildirilib ki, Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir. Təhsil sektorunda insan kapitalının inkişafı problemlərinin öhdəsindən gəlmək üçün Azərbaycanda uşaqların erkən təhsil proqramlarına cəlb olunmasının genişləndirilməsi və ali təhsilin aktuallığının yaxşılaşdırılmasının zəruriliyi qeyd edilib. İnsan kapitalının üstün investisiyalaşdırılması ideyalarının reallaşdırılması öz əksini Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda tapıb.
Bütün bunlar bir daha deməyə əsas verir ki, ölkəmizdə dayanıqlı iqtisadi artımın əsas şərtlərindən birini təşkil edən insan kapitalına yönəldilən vəsait cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar kimi qəbul olunaraq bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirilir.