22 Noyabr 2024

Bərdə rayonunun Bəcirəvan kəndində şəhid Şövqi İsmayılzadənin anım tədbiri keçirilib

Fevralın 23-də şəhid Şövqi İsmayılzadənin doğulub , boya – başa çatdığı Bərdə rayonunun Bəcirəvan kəndində anım tədbiri keçirilib.

Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Azərbaycan Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynova, Millət vəkili Zahid Orucun köməkçisi Ceyhun Həsənoğlu iştirak ediblər.

Media1.az xəbər verir ki, Tədbir Bəcirəvan kənd qəbristanlılğında uyuyan şəhid Şövqi İsmayılzadənin ziyarəti ilə başlayıb.

Bərdə cümə məscidinin axundu Hacı Ramazan Hüseynov şəhidin ruhuna dualar oxuyub, tədbir iştirakçılarına söz verib. Bərdə Regional Mədəniyyət idarəsinin rəis müavini Validə Nabatova, şəhid Şövqi İsmayılzadənin ailə üzvləri çıxış ediblər.

Şəhid Şövqi İsmayılzadənin doğulub , boya başa çatdığı evin qarşısında inşa olunmuş bulağın açılışı ilə tədbir davam etdirilib. Bərdə rayon İcra hakimiyyətinin    Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Samir Səfərov çıxış edərək şəhidlərin vətən uğrunda canından keçməklə milli mənliyimizin keşiyində dayandıqlarını, müqəddəs vətən, namus kimi dəyərlərimiz uğrunda həyatlarını qurban verdiklərini bildirib.

Bulaq açılışından sonra şəhid Şövqi İsmayılzadə haqqında çəkilmiş film nümayiş olunub.

Millət vəkili Zahid Orucun köməkçisi Ceyhun Həsənoğlu müsahibə verərərək bildirib ki, şəhidlər müqəddəs amal uğrunda canlarından keçiblər.

Şəhid Şövqi İsmayılzadənin atası Raqub İsmayılzadə bildirib ki, 23 fevral övladının anadan olduğu gündür.

Raqub İsmayılzadə oğlu Şövqi İsmayılzadənin həyat yolundan danışıb. Övladının adının əbədiləşdirilməsi, bulağın inşa olunması onun üçün təsəllidir.

Media1.az- Musa Muradlı