22 Noyabr 2024

Aşıq Ələsgərin heykəlinin layihəsi müzakirə olunub

Mədəniyyət naziri Anar Kərimov videoformatda mədəniyyət sahəsində çalışan şəxslərin, incəsənət xadimləri və digər vətəndaşların qəbulunu keçirib.

Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, nazir onlayn görüşdə növbəlilik əsasında qəbula yazılmış şəxslərin müraciətlərini dinlənilib, suallarını cavablandırıb.

Qəbulda iştirak edən mədəniyyət və incəsənət nümayəndələrinin, vətəndaşların müraciətləri müxtəlif mövzuları əhatə edib. O cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, fəxri adların, fərdi təqaüdlərin verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma, milli musiqi alətlərimizin araşdırılması, musiqi məktəblərində fəaliyyətin yoxlanılması, Aşıq Ələsgərin heykəlinin layihəsi və digər məsələlərə dair müraciətlər olub.

Anar Kərimov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən sonra vətənpərvərlik ruhunda yeni musiqi əsərlərinə ehtiyac duyulduğunu bildirib. Bununla bağlı Mədəniyyət Nazirliyinin Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə layihələrinin olduğunu, müsabiqələrin keçirildiyini və gələcəkdə həmin bəstələrin nazirlik tərəfindən satın alınmasının nəzərdə tutulduğu diqqətə çatdırıb.

Nazir həmçinin ölkəmizdə incəsənət xadimlərinin, Azərbaycan mədəniyyətinə töhfə verən şəxslərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını söyləyib. Bildirib ki, gələcəkdə həmin şəxslərin peşəkar və yaradıcı fəaliyyətinin, zəhmətinin, mədəniyyət sahəsində xidmətlərinin qiymətləndirilməsinin ədalətli, şəffaf şəkildə və müstəqil bir komissiya vasitəsilə aparılması istiqamətində işlər həyata keçirilir. Tətbiq olunacaq yeni mexanizm sayəsində bu sahədə çalışan və mədəniyyətimizin inkişafında, təbliğində xidmətləri olan şəxslər gələcəkdə layiqincə qiymətləndiriləcək.

Mədəniyyət və incəsənət xadimlərinin, vətəndaşların bütün müraciətləri dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alındı. Anar Kərimov qaldırılan məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün aidiyyəti şöbələrə tapşırıqlarını verib.