Rusiya səhm bazarında baş verənlərin Azərbaycana təsiri necə olacaq?
Hazırda Rusiyanın yeritdiyi xarici siyasət və dünya ölkələrinin bu siyasətə adekvat cavabı iqtisadiyyata birbaşa təsir göstərir. Bu təsir Rusiyanın səhm bazarında da özünü göstərir.
Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən birinin Xarici Bazarlar Departamentinin rəhbəri Valeh Qənbərov “Report”a deyir ki, hazırda Rusiya səhm bazarının qısa müddət ərzində 30 %-ə yaxın çöküşünün üç əsas səbəbi var:
“Birinci səbəb Rusiya tərəfindən Luqansk və Donetsk bölgələrinin müstəqil respublika kimi tanınmasının ardından gözlənilən sanksiyalardır. Bu sanksiyaların birbaşa Rusiyanın transmilli şirkətlərinə təsiri olacaq. Həmçinin, bu şirkətlərdən beynəlxalq investorların çıxması ilə nəticələnəcək. Bu proses artıq gedir.
İkinci səbəb yerli investorların rublda olan aktivlərdən çıxması və möhkəm valyutaya keçməsidir. Bu rus səhmlərinin aktiv satışına səbəb olur.
Üçüncü səbəb isə Rusiyanın faiz dərəcəsinin rus şirkətlərinin dividend gəlirliyindən daha aşağı olmasıdır. Bu da Rusiyanın riteyl investorlarını marjinal ticarətə gətirib çıxarır. Bu isə rus riteyl şirkətlərinin broker tərəfindən məcburi çıxmasına səbəb olur. Beləliklə, bazarın düşməsi ilə nəticələnir”.
Rusiya səhm bazarında baş verənlərin ölkəmizə təsirini şərh edən investisiya şirkətlərindən birinin direktoru İntiqam Səfərəliyev hesab edir ki, hazırda Rusiyada baş verənlərin Azərbaycan səhm bazarına təsiri çox cüzi ola bilər:
“Çünki Azərbaycanda bu bazar elə də inkişaf etməyib. Ona görə də ciddi dəyişiklik gözləmirəm. Təsiri təxminən 3-5 % dərəcəsində ehtimal etmək olar. Məncə, yerli investorlar həmin şirkətlərin səhmlərini almaq üçün çox gözləməsinlər. Çünki may-iyun aylarında dividendlərini alacaqlar”.
Qeyd edək ki, Ukrayna ətrafındakı vəziyyət Rusiya səhm bazarında enişə səbəb olub. Lakin bu gün bu enmə müəyyən qədər ləngiyib: Moskva Birjasının indeksi təxminən 9 % əvəzinə 3,5 % itirir.
Hərracların nəticələrinə görə, indeks 10,5 % dəyər itirərək, 2014-cü il martın 3-dən bəri rekord səviyyəyə enib.
Bu gün Rusiya fond bazarında ticarət artan volatilliklə baş verir. Moskva birjasının rubl indeksi Moskva vaxtı ilə 10:54-ə 3,64 % – 2 926,2 bəndədək, başlanğıcda isə 2 756,46 bəndədək (təxminən 9 % itirib) azalıb.