QHT tərəfindən Beyləqan və Füzulidə şəhid və qazi ailələrinə dəstək göstəriləcəkdir
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Ermənistanın işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin 4 ay müddətində həyata keçirilməsi nəzərdə tutulub.
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr departamnetiindən Media1.az-a bildirildiyinə görə layihənin əsas məqsədi Beyləqan və Füzuli rayonlarında Vətən müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda şəhid olmuş və yaralanmış qazilərimizin övladlarının fərdi inkişafına yönəlmiş müxtəlif fəaliyyətlərin təşkil edilməsindən ibarətdir.
Layihə çərçivəsində Beyləqan və Füzuli rayonlarında şəhid və qazi ailələrinə, onların övladlarına psixoloji, loqopedik və sosial xidmət dəstəkləri göstəriləcəkdir. Layihəyə əsasən cəlb olunacaq şəhid və qazi ailələrinin övladları və ailələrinin sosial ehtiyaclarının müəyyən olunub və onların övladlarına müxtəlif fərdi inkişaf xidmətlərin göstərilməsi üçün fərdi qayğı planları hazırlanaraq, onlara xidmət göstəriləcəkdir. Layihə əməkdaşları tərəfindən səyyar xidmətlər də göstərilməsi nəzərdə tutulur.
Eyni zamanda layihənin fəaliyyət planına uyğun olaraq, Beyləqan və Füzuli rayonlarında şəhid ailələrinin və qazılərin övladlarının cəmiyyətə inteqrasiyasını sürətləndirən müxtəlif inkişafetdirici və bayram tədbirləri ilə yanaşı, ölkənin tarixi və turizm bölgələrinə 30 nəfər şəhid və qazi övladlarının iştirak etdiyi səfər və ekskursiyanın da həyata keçirilməsı nəzərdə tutulur.