22 Noyabr 2024

Mədəniyyət Nazirliyi aparılmış maliyyə yoxlamalarına aydınlıq gətirdi

Mədəniyyət Nazirliyində aparılmış maliyyə yoxlaması 08 may 2020-ci il tarixədək olan dövrü əhatə edir.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində 2021-ci ildə yoxlama aparılıb və bu əvvəlki dövrlərə aid olub.

“Məlum olduğu kimi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 2020-ci ilin 8 may tarixində Mədəniyyət Nazirliyində və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətində əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, Nazirliyin və Xidmətin bəzi vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında şübhəli şəxs qismində saxlanılıb.

Aparılmış istintaq tədbirləri nəticəsində Mədəniyyət Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə əsasən həmin vəzifəli şəxslər azadlıqdan məhrum edilib və onların üzərində həbs qoyulmuş əmlakları dövlət hesabına müsadirə olunub”, – deyə nazirlikdən bildiriblər.