22 Noyabr 2024

Müasir gəncliyimizin devizi: Vətənə sevgi, düşmənə nifrət

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri kimi görür, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi.

Bu gün Azərbaycan əhalisinin böyük bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən, də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir. Xüsusilə müstəqil Azərbaycan üçün bu, məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaqlar. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Prezident İlham Əliyevin təbirincə desək, “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”.

Xalqımızın Vətən müharibəsində tarixi Qələbəsi milli potensialımızı üzə çıxarmaqla yanaşı, müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdiyini sübuta yetirdi. Xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməyən, haqqımız olanın əlimizdən alınması ilə barışmayan bir nəsil. O nəsil ki, canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin etdi. 44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbinin əsasını qoydu. Müharibənin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə birgə böyük əziyyətlər çəkən gənc əsgər və zabitlərimizin üzərinə düşdü. Qarabağın tacı, ruhumuzun şəhəri olan Şuşanın azad edilməsi üçün qayalardan dırmanaraq yüngül silahlarla – bıçaqla, avtomatla tankın, topun üzərinə atılan, bu igidliyi dünyanın hərb tarixinə düşən Azərbaycan gəncliyinin qəhrəmanlığı dillərə dastan oldu. Azərbaycan övladları əvvəlcə cəbhəətrafı kəndlərimizi, ardınca Suqovuşan qəsəbəsini, Cəbrayıl rayonunu, sonra Hadrut qəsəbəsini, Füzuli, Zəngilan, Qubadlı rayonlarını işğaldan azad etdilər. Noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşa 28 illik işğaldan sonra ordumuzun şücaəti sayəsində istiqlalına qovuşdu. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.

Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanıldı. Döyüşlərdə iştirak etmiş minlərlə gənc Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Vətən müharibəsində şəhid olmuş gənclərimizin məzarları ən müqəddəs and yerimizdir. Dövlətimiz şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın hər zaman yanındadır. Onların sosial müdafiəsi üçün lazımi tədbirlər görülür. Azərbaycan gəncləri də müxtəlif vətəndaş təşəbbüsləri ilə bu məsələlərdə dövlətimizə dəstək olmağa çalışırlar. Torpaqlarımızın azadlığından sonra indi Azərbaycan gəncliyi qarşısında həm də o torpaqların bərpası, abadlaşdırılması, sosial-iqtisadi dirçəlişi, yurdlarımızın yenidən gülüstana çevrilməsi missiyası durur. Azərbaycan gəncləri bunu da bacaracaqlar. Ali Baş Komandanın yetişdirdiyi gənclik buna da qadirdir.