22 Noyabr 2024

Paşinyan ermənilərə reallığı izah etdi: Azərbaycanın ərazi bütövlüyü tanınıb, sülh sazişi imzalanacaq

Erməni baş nazir tədricən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına yönəlik Ermənistan cəmiyyətində təbliğat-təşviqat prosesinə start verməkdədir; O, keçmiş prezidentləri – Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı “hədəf taxtası”na çıxardır, özü üçün isə yalnız sərhədlərin delimitasiya və demorkasiyası, eləcə də yekun sülh sazişinin imzalanması ilə bağlı siyasi məsuliyyəti saxlayır…

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində bu il daha konkret addımların atıla biləcəyi qətiyyən istisna deyil. Hər halda, rəsmi İrəvanın bu istiqamətdə müəyyən cəhdlər göstərməyə çalışdığı qətiyyən diqqətdən yayınmır. Və Paşinyan hakimiyyətinin bunda birbaşa maraqlı olduğu da açıq-aşkar nəzərə çarpır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Azərbaycan rəhbərliyi ilə siyasi qarşıdurmadan da yayınmağa çalışdığı müşahidə edilir. Xüsusilə də, Ermənistan rəhbərliyi rəsmi Bakını qıcıqlandırmaqdan mümkün qədər yayınmağa da üstünlük verir. Ermənistanın baş naziri Nikol Paşinyanın social şəbəkə üzərindən keçirdiyi son onlayn mətbuat konfransında bu məqam qabarıq şəkildə nəzərə çarıb.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarında Ermənistana yönəlik sərt ittihamların, hətta hədələyici məqamların olduğuna yönəlik suala cavab verərkən, baş nazir N.Paşinyan təmkinli davranmağa çalışıb. O, Azərbaycan liderinin açıqlamalarının məzmun etibarilə Ermənistandan verilən bəyanatlara adekvat olduğuna eyham vurub: “Azərbaycandan verilən açıqlamalarla bağlı bəzi məqamlara diqqət etmək lazımdır. Bir müddət öncə analitiklərdən biri vurğulamışdı ki, Azərbaycanın açıqlamaları Ermənistanın 1994-cü ildən sonra yaydığı bəyanatların “güzgü prinsipi” üzrə inikasıdır. Vaxtilə Ermənistanda “artsax problem həll edilib” və ya “Bakı erməni şəhəridir” kimi bəyanatlar səsləndirilirdi. İndisə, rəsmi Bakı da eynilə bu cür davranır”.

1403967.jpg (17 KB)

Belə anlaşılır ki, erməni baş nazir öz həmvətənlərinə “nə əkərsən, onu da biçərsən” prinsipinin qüvvədə olduğunu demək istəyir. Yəni, rəsmi Bakının indiki bəyanatlarının səbəblərinin və günahının kənarda deyil, məhz Ermənistanın vaxtilə yol verdiyi davranışlarda axtarmaq lazım olduğuna eyham vurur. Eyni zamanda, rəsmi İrəvanın bundan sonra eyni səhvləri təkrarlamağa həvəsli olmadığını da gizlətmir.

Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarına və davranışlarına diqqət yetirdikdə onun ikibaşlı oyuna üstünlük verdiyi müşahidə edilir. Erməni baş nazir bir tərəfdən, Ermənistanda özünə qarşı aqressiv mövqeni mümkün qədər yumşaltmağa hesablanmış açıqlamalar verir. Digər tərəfdən isə Ermənistan cəmiyyətini ermənilərin məmnun olmayacağı daha ciddi geopolitik dəyişikliklərə hazırlamağa çalışır.  

Belə anlaşılır ki, erməni baş nazir xüsusi siyasi-psixoloji plan üzrə hərəkət edir. O, Ermənistan cəmiyyətinin yaxınlaşan önəmli dəyişikliklərə hazırlamaq vəzifəsini demək olar ki, təkbaşına öz üzərinə götürüb. Ola bilsin ki, bu məsələyə münasibətdə heç kimə güvənmir. Və mövcud reallıqların tələblərini Ermənistan əhalisinə daha ehtiyatla izah olunub, qəbul etdirilməsi prosesinə şəxsən nəzarət edir.

Ona görə də, erməni baş nazirin yalnız onlayn mətbuat konfransı modelinə üstünlük verməsi qətiyyən təəccüblü deyil. Çünki Ermənistan mətbuatı hazırda əsasən onun siyasi rəqiblərinin – Qarabağ klanının nəzarətindədir. Bu səbəbdən də, Ermənistan mətbuatı onun fikirlərini kontekstdən çıxarır, hətta “erməni xəyalları” ilə uzlaşmayan hissələrini senzuraya məruz qoyur. Belə vəziyyətdəsə, sosial şəbəkələr üzərindən Ermənistan cəmiyyətinə birbaşa xitab etmək daha effektiv modeldir.

pasha-kocha-sarka.jpg (990 KB)

Erməni baş nazir bu dəfə də bəzi önəmli məqamları, yeni geopolitik reallıqların şərtlərini Ermənistan cəmiyyətinə çox ehtiyatla, həm də keçmişdə baş verənlərə dayanaraq izah etməyə çalışıb. Onun dediklərinə əsasən, artıq Ermənistan vətəndaşları yaxın vaxtlarda hansı proseslərin ön plana keçə biləcəyini təxmin edə bilərlər. Və erməni baş hazır öz həmvətənlərini tədricən həmin proseslərə hazırlamağa çalışır.

Məsələ ondadır ki, baş nazir N.Paşinyan birmənalı şəkildə Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalamasının vacibliyini vurğulayıb. Bunun üçün böyük hazırlıq işlərinin aparılmasının da lazım olduğunu bildirib. Yəni, müəyyən mənada, yekun sülh sazişindən narahat olanları sakitləşdirməyə çalışıb. Əsas odur ki, Ermənistan cəmiyyətinə yekun sülh sazişinin qaçılmaz olduğunu çatdırıb.

Eyni zamanda, yekun sülh sazişinin imzalanacağı təqdirdə, iki qonşu ölkənin qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanımaları ilə bağlı problemdən narahat olanlara da mövcud reallığı izah edib. O, bildirib ki, belə bir problem əslində, hazırda mövcud deyil: “Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü hələ 1992-ci ildən tanıyıblar”.

Erməni baş nazir bununla Ermənistan cəmiyyətinə sülh sazişi imzalanmadan əvvəl mesaj verir ki, ərazi bütövlüyünün tanınması ilə bağlı məsələdə ermənilərin məmnun qalmayacaqları problemlərə görə o deyil, məhz ondan əvvəlki hakimiyyətlər günahkardır. Xüsusilə də, erməni baş nazir beynəlxalq sənədlərə əsasən “Dağlıq Qarabağ”ın taleyinə görə də məsuliyyət daşımadığına eyham vurub: “Madrid prinsiplərində əlbəttə ki, özünütəyinetmə prinsipi yer alır. Ancaq unutmaq olmaz ki, həmin prinsiplərin sırasında ərazi bütövlüyü prinsipi də mövcuddur. Biz doğru addımlar atmaq üçün vəziyyəti düzgün təhlil etməliyik”.

sulh-muqavile.jpg (293 KB)

Ardıncasa, erməni baş nazir 1991-ci ildə ratifikasiya olunmuş müqaviləni, “Dağlıq Qarabağ”ın danışıqlar prosesindən kənarlaşdırılması ilə bağlı İstanbul Xartiyasını, ATƏT-in Lissabon Bəyannaməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladaraq, sadalayıb: “Anlamaq lazımdır ki, 2018-ci ilə qədər və ondan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinə danışıqlar prosesində heç vaxt erməni ərazisi kimi yanaşılmayıb”.

Ermənistan baş naziri N.Paşinyanın bütün bu dediklərinin mənasını anlamaq o qədər də çətin deyil. Erməni baş nazir bacardığı qədər açıq şəkildə demək istəyir ki, beynəlxalq hüquq normalarına görə, “Dağlıq Qarabağ” Azərbaycan ərazisidir və bu reallıqla barışmaqdan başqa çıxış yolu yoxdur. Bu, Paşinyan hakimiyyətinin Xankəndi və ətraf bölgədən tam imtina etməyə hazır olduğunu göstərən önəmli əlamət sayıla bilər. Erməni baş nazir sadəcə, bu addımı rəsmən atmaqdan əvvəl Ermənistan cəmiyyətini də bu reallıqla barışmağa hazırlayır.

Belə anlaşılır ki, rəsmi İrəvan artıq tədricən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına yönəlik Ermənistan cəmiyyətində təbliğat-təşviqat prosesinə start verməkdədir. Bunun ardınca Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınması da elə bir ciddi problem yaratmayacaq. Çünki, baş nazir N.Paşinyan artıq belə bir problemin olmadığını, Ermənistanın əvvəlki hakimiyyətlərinin Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqlarını xatırladır. Yəni, bütün bu məsələlərlə bağlı Ermənistan cəmiyyətinin verə biləcəyi sərt reaksiyanı özündən əvvəlki hakimiyyətlərin – keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın üzərinə yönəltməyə çalışır. Bu prosesdə baş nazir N.Paşinyan özü üçün yalnız Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demorkasiyası, eləcə də bunun ardınca yekun sülh sazişinin imzalanması ilə bağlı siyasi məsuliyyəti saxlayır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu