22 Noyabr 2024

Tamam Cəfərova: Azərbaycan öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb

“Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının  energetika naziri, şahzadə Əbdül Əziz bin Salmanın iştirakı ilə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. İnşa olunacaq stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır.”

Bu sözləri cənab Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışını “İki sahil”ə şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki,  XXI əsrdə məlum səbəblərdən ekoloji durumun korlanması, dünyanın karbohidrogen ehtiyatının tükənməsi və həmçinin dünyanın gündən-günə enerjiyə olan tələbatının artması ilə əlaqədar olaraq alternativ enerji mənbələrindən və xüsusilə külək enerjisindən istifadə edilməsi günümüzün mühüm məsələlərindəndir: “Hazırda dünyada istehsal olunan enerjinin yalnız 15 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşür. Bu enerjinin isə 79 faizi biokütlənin, 17 faizi suyun, 2 faizi geotermal, 1 faizi günəş və 1 faizi külək enerjisinin payına düşür. Bu baxımdan qeyd etməliyik ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpa-olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin prioritet istiqamətlərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlinin qoyulmasını da bu siyasətin növbəti təəntənəsi adlandırmaq olar. Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan “ACWA Power” şirkəti, həmçinin enerji sahəsində dünyanın ən böyük müəssisəsidir. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Əlbəttə, bərpaolunan enerji mənbələri  üzrə dünyanın ən təcrübəli müəssisələrindən birinin belə irihəcmli bir layihədə investor olması xüsusilə sevindirici haldır.”

Eyni zamanda millət vəkili bildirib ki, burada ən vacib məqamlardan biri inşa olunacaq stansiyanın əhəmiyyətinin təkcə iqtisadi mənfəətdən ibarət olmamasıdır: “Beləki, stansiyanın inşası hesabına təbii qaza qənaətin təmin olunması da reallaşdırılacaqdır. Həmçinin, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.”

Açıqlamasında işğaldan azad olunmuş ərazilərdə 10 min kvadratkilometr ərazinin “yaşıl enerji” zonası elan edilməsinə diqqət çəkən millət vəkili Tamam Cəfərova qeyd edib ki, artıq bir neçə su elektrik stansiyası inşa edilib və fəaliyyətdədir: “Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar var. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları, həm də elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.”