Rusiya-NATO danışıqlarında ikinci raund: gərginlik, nəticəsizlik, aviasiya gücləri sərhəddə…
Cenevrədən sonra Brüsseldə keçirilən toplantıda da konsensus əldə edilməyib, Vyana görüşünə olan ümidlər tükənir
Yanvarın 12-də Rusiya-NATO Şurasının toplantısı keçirilib. “Yeni Müsavat” xəbər verir ki, iclas NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutub. Rusiya diplomatik missiyasına xarici işlər nazirinin müavini Aleksandr Qruşko rəhbərlik edib. Görüş Rusiya və ABŞ arasında təhlükəsizlik təminatı ilə bağlı Cenevrədə baş tutan 9-10 yanvar danışıqları fonunda olub. Görüşün məqsədi Avropada təhlükəsizlik məsələləri, risklərin azaldılması və silahlar üzərində nəzarətdir. Bundan əvvəl isə Cenevrədə ABŞ-Rusiya danışıqları gərgin keçib. Moskvanın tələbləri NATO-nun şərqə doğru genişlənməməsi, Ukrayna və Gürcüstanın təşkilata üzv qəbul olunmamasıdır. Amerika isə tələblər qarşısında ağ bayraq qaldırmır və nəticədə Rusiya da Ukrayna sərhədlərinə cəmlədiyi qoşunları geri çəkmir. Sonra görüş yanvarın 14-də Vyanada olacaq və Avstriyada olacaq danışıqlardan da hansısa konsensus olacağına ümidlər tükənir.
Gözlənildiyi kimi, Rusiya-NATO danışıqları fiasko ilə nəticələnməkdədir. Elə Kreml və Vaşinqton rəsmiləri də müzakirələrin nəticələrindən pozitivlik gözləmirlər. Moskva istədiyinə nail ola, Qərbdən NATO-nun genişlənməyəcəyi barədə qarant ala bilmir, ABŞ da Ukraynanın başına dirənən rus silahının geri çəkilməsinə nail ola bilmir. Beləliklə, “soyuq müharibə” və böhran davam edir. Üstəlik, Rusiya Dumasında kommunist fraksiya qondarma “DNR”-in (“Donetsk Xalq Respublikası”) və “LNR (”Luqansk Xalq Respublikası”) tanınması ilə bağlı qətnamə layihəsi hazırlayıb.
ABŞ rəsmiləri bildirirlər ki, Rusiya prezidenti Vladimir Putin hərbi helikopterləri Ukrayna ilə sərhədə göndərməklə bağlı ilk addımları atıb və bu, qonşu ölkəyə hücum planlaşdırmasının davam etdiyinə işarədir. Bu barədə “Nyu York Tayms” qəzeti yazıb. Yerləşdirilmə səngisə də, hələ də sərhəddə 100 minə yaxın hərbçi var və hazırda Rusiya ora əlavə zərbə aviasiyası da yerləşdirib. “Putin Ukraynanı işğal etmək qərarına gələrsə, hücum və nəqliyyat helikopterləri, həmçinin qırıcı təyyarələr Rusiya üçün əsas üstünlük olacaq”, – qəzet bildirib. Bundan sonra hadisələr hansı istiqamətdə cərəyan edə bilər? Rusiya müharibəyə başlayacaqmı, yoxsa tərəflər arasında gərginlik bu tempdə saxlanacaq?
Murad Sadəddinov: “Bu səviyyədə görüşlərdə nəticə gözləmək sadəlövhlük olardı, əzələ nümayiş etdirirlər və görək ”əsəb müharibəsi”ndən kim qazanacaq”
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Cenevrə görüşləri Rusiya tərəfindən xarici işlər nazirinin müavini və ABŞ-dan dövlət katibinin müavini səviyyəsində idi və ilk görüş idi: “İlk görüşdən hansısa nəticə gözləmək sadəlövhlük olardı. Bu səviyyədə görüşlərə baxsaq, hətta SSRİ-ABŞ danışıqlarını yada salsaq, əvvəlcə tərəflər müzakirələrin yekununu rəhbərliklərə məruzə edirlər. Yəni nəticə bu ranqda görüşlərdə əldə edilmir. Bundan əvvəl Putin və Baydenin görüşü də olmuşdu, nəticə verməmişdi. Ona görə Cenevrə danışıqlarından nəticə gözləmək olmazdı”.
M.Sadəddinovun sözlərinə görə, NATO-Rusiya danışıqlarında da fikirlər bildiriləcək və beləliklə proses uzun çəkəcək: “Rusiya güc nümayiş etdirməyə çalışır və ABŞ da hədələrlə çıxış edir, yəni hansısa hərbi müdaxilə olarsa, ciddi sanksiyalar tətbiq edəcəyini bildirir. Misal üçün elektron daşıyıcılarına embarqo qoyula bilər. Hələ ki bir-birinə əzələ nümayiş etdirirlər və sonrasını gözləmək lazımdır. Görək ”əsəb müharibəsi”ndən kim qazanacaq”.
Züriyə Qarayeva
Siyasi şərhçi Züriyə Qarayeva bildirdi ki, Rusiyanın Ukraynanın şərq ərazilərində geostrateji maraqlarını əks etdirən məruzəyə görə, Rusiya Şərqi Ukrayna vasitəsilə Krıma dəhliz açmaq niyyətindədir: “Moskva Krım əhalisini şirin su ehtiyatları ilə təmin etmək və bu regionu qorumaq üçün Ukraynanın şərq ərazilərində bufer zonanın formalaşdırılmasını planlaşdırır. Çünki Krım yarımada olduğu üçün tək əlaqəsi Ukrayna ilədir və bu əlaqəni təmin etmək üçün Kremlin işğal planlarını genişləndirmək niyyəti var”.
Ekspertin fikrincə, Moskva Ukrayna üzərində psixoloji təzyiqi artırır: “Rusiya Dumasında kommunist fraksiya qondarma ”DNR”-in (“Donetsk Xalq Respublikası”) və “LNR (”Luqansk Xalq Respublikası”) tanınması da bu təzyiq vasitəsinin bir parçasıdır. Rusiyanın Ukraynanı parçalamayacağını düşünənlər 2014-cü ildən öncə də Moskvanın Krıma daxil olmayacağını düşünürdülər. Avropa isə Ukraynanın əvəzinə hərbi qarşıdurmada iştirak edə bilməz və etmək niyyətində də deyil. Avropanın Ukraynaya ən böyük dəstəyi onu NATO-ya üzv etmək ola bilərdi, bunun üçün isə heç bir addım atmır. Bu gün Qazaxıstan nümunəsində də gördük ki, Qərbin nüvə dövləti olan Rusiya ilə açıq qarşıdurma fikri yoxdur. Hamımızın alışdığımız sanksiyalardan söhbət gedə bilər ki, bu sanksiyalar Rusiyanı heç vaxt beynəlxalq hüququ pozmaqdan yayındırmayıb”.
Qeyd edək ki, 2021-ci il dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyinin saytında ABŞ və NATO ilə “təhlükəsizlik qarantiyaları” ilə bağlı saziş layihələri dərc edilmişdi. Burada xüsusən də Moskvanın NATO-nun şərqə doğru genişlənməməsi, habelə alyansın 1997-ci ilin may ayında mövcud olduğu ölkələrdən kənarda əlavə qoşun və silahlarının yerləşdirilməməsi tələbləri irəli sürülüb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”