Planetin ən yaşlı sakini, 150 minlik samovar, Koroğulunun qaşığı – Muzeydən REPORTAJ + FOTO
Kulis.az-ın Lerik Rayon Tarix Diyarşünaslıq muzeyindən hazırladığı reportajı təqdim edirik.
– Bu boyda dələ olar?
– Dələdi, qaqa, vallah dələdi.
– Yox əşi, bu başqa şeydir, belə dələ olmur.
Ulucayla Vüqarın zooloji mübahisəsini Sevil xanım böldü. O, 15 ildir ki, Lerik Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik edir.
– Dələdir.
Bu qəti cavabdan sonra heç kim mübahisəni davam etdirmədi, artıq hamımız əmin idik ki, divarda quruyub qalmış bu heyvancığaz dələdən başqa bir şey ola bilməz.
– Lerikə və Tarix-Diyarşünaslıq Muzeyinə xoş gəlmisiniz, uşaqlar. Gəlin sizi muzeylə tanış edim.
Muzeyin birinci zalını gəzməyə başladıq. Elə ilk addımı atmışdım ki, ayağım boşluğa düşdü, az qaldı ki, büdrəyib yıxılam. Sevil xanım əhvalını pozmadan bildirdi ki, “muzey köhnəlib, taxtalar çürük-çürükdür. Ona görə də diqqətli olun”.
Zalda müxtəlif bitkilər, heyvanlar nümayiş olunurdu, divardan Lerikin xəritəsi asılmışdı.
– Lerik cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. 160 kəndlə əhatə olunmuş Lerikin 86 min əhalisi var.
160 kənd! Barzavu, Geskon, Noda, Zenoni, Coni, Pirasora, Zuvand, Kələxan, Kəlvəz kimi kəndlər diqqətimi çəkdi. Özümü Lerikdə yox, paralel kainatda, 2154-cü ildə, Pandora planetində hiss edirdim.
– Lerikin flora və faunasından nümunələr. Talış meşələrində bitən dəmirağacıdır, gəmiqayırmada istifadə olunur. Bunlar isə ot bitkiləridir, qaragilə, solmazçiçəyi, nanə, kəklikotu. Baxın, bu bitkinin adı pindədir. Yerin üstündə bitir, kirpi formasında kökü var, həm də tikanlıdır, çox gözəl yanma keyfiyyətinə malikdir. Əvvəllər də, indi də yanacaq materialı kimi işlədilir.
Pində bitkisi mənə xeyli maraqlı gəldi. Həm adı, həm də forması xüsusi bir işgəncə alətinə bənzəyirdi. Bir anlıq nifrət etdiyim adamları pindənin üstünə oturan yerdə təsəvvür etdim.
Bitkilər də başqa təbiətin bitkilərini xatırladırdı. Lerikin unikallığına təəccüb edə-edə ikinci salona keçdik. Bu, arxeologiya salonu idi.
– Arxeologiya salonunda gildən hazırlanmış materiallar, məişət əşyaları nümayiş etdirilir. Sizə çox qiymətli bir eksponat göstərmək istəyirəm. Bütün muzeylərdə bir lüləli zoomorf qablar göstərilir – bu cür qablar keçmişdə müqəddəs hesab olunurdu – bizim muzeyimizdə isə Avesta dövrünə aid iki lüləli saxsı qab saxlanılır. Bundan başqa qızılbaşların baş daşlarından nümunələr, qılınclar, qadın bəzək əşyaları da muzeyimizin qiymətli eksponatlarına aiddir.
Qadın bəzək əşyalarının yanındaca nümayiş olunan sikkələr mənə maraqlı gəldi.
– Bunlar hansı dövrə aiddir? – sual verdim.
– Şahların adlarına zərb edilmiş mis sikkələrdir. Burada Sultan Səncərin adına zərb edilmiş, 12-ci əsrə aid sikkə də mövcuddur.
Üçüncü salona – etnoqrafiya salonuna tərəf gedirik. Milli geyimlər bizi qarşılayır, salon mənə arşın mal-alançıların boğçasını xatırladır.
– Etnoqrafiya salonunda əsasən milli geyimlər, çaparların istifadə etdiyi başlıqlar, məxmərdən hazırlanmış libaslar, qadın yaylıqları, xalçalar nümayiş olunur. Həmin xalçalar məhz bu dəsgahda əyrilib.
Bu isə – əli ilə işarə edərək köhnə bir tüfəng göstərir – Azərbaycanın ilk ən qoca insanı Mahmud Eyvazovun “Dayandoldurum tüfəngi”dir. Əlbəttə, Şirəli Müslümov daha uzun yaşayıb, amma Mahmud Eyvazov ən uzunömürlü birinci insandır.
– Hərəsi neçə il yaşayıb?
– Mahmud Eyvazov 152 il, Şirəli Müslümov isə 168 il.
Yox, artıq Lerikin paralel kainat olduğuna həqiqətən inanmağa başlayıram.
– Bu musiqi aləti yalnız Tarix-Diyarşünaslıq Muzeyində var. Talış musiqi aləti olan “lakto”dur.
Sevil xanım “lakto”da ritm tutaraq bizi həmin musiqi aləti ilə tanış edir. Bu xoş tanışlıqdan sonra dördüncü zala keçirik.
Bu zalda misdən, dəmirdən və digər metallardan müxtəlif qədimi eksponatlar nümayiş olunur. Bu arada Vüqar əlində təxminən çəkisi 15-20 kq, uzunluğu bir metr olan çömçə tutaraq deyir:
– Uşaq vaxtı anadan bunun nə olduğunu soruşurdum. Deyirdi ki, Koroğlunun qaşığıdır.
Sevil xanım əlində bir qamçı ilə yanımıza yaxınlaşır. Elə bilirəm ki, Vüqarın bu xatirəsini eşidib, onu döyməyə gəlir. Yanımıza çatıb qamçının ucunu göstərərək deyir.
– Bu ceyran dırnağıdır. Ceyran dırnağından hazırlanan qamçı həm möhkəm olurmuş, həm də estetik görünür? Yox?
Yadıma vegetarian, heyvansevər dostlarım düşür. Onların gözündən iraq, amma, həqiqətən, çox estetik görünür.
– Dördüncü zal “Təsviri sənət” salonudur – Sevil xanım deyir – burada 150-180 yaşlı lampalar, samovarlar nümayiş olunur.
Bu guşə isə Lerikin ziyalılarına ayrılıb. Alimlər, professorlar, fiziklər, riyaziyyatçılar, həkimlər, hamısı Lerik torpağının övladlarıdır.
Lerik ziyalılarına baxa-baxa sonuncu salona keçirik. Bu salonda da çoxlu şəkil var.
– Bura “Hərbi vətənpərvərlik” salonudur. “Hərbi vətənpərvərlik” salonunda həm 1941-1945-ci illərdə, Böyük Vətən Müharibəsində, həm I Qarabağ Müharibəsində, həm də 44 günlük müharibədə şəhid olmuş leriklilərin xatirəsi yad edilir. Lerik 44 günlük müharibədə 46 şəhid vermişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin.