22 Noyabr 2024

26 noyabr Bəyanatı Ölkəmizin mövqeyini tam əks etdirir

Soçidə üç dövlət başçısı tərəfindən imzalanan Bəyanat Azərbaycanın mövqeyini tam şəkildə təmin edir. Ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşləri bir çox məqamlara aydınlıq gətirdi.
Görüşdə Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 noyabr 2020-ci il tarixli Bəyanatın icrasına, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli Bəyanatı müzakirə edildi və qərara alındı ki, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün bəndlərinin bundan sonra da ardıcıl icra edilməsinə ciddi riayət olunsun.
Digər vacib məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı idi ki, bu məsələ ilə bağlı da konkret qərar qəbul olundu və sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəlindi. Dövlət başçımız da bir daha diqqətə çatdırdı ki, Azərbaycan dəfələrlə açıq şəkildə bildirib ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır.
Heç şübhəsiz ki, nəqliyyat və kommunikasiyaların açılması da ən mühüm məsələlərdən biri olaraq müzakirə edildi, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu.
Digər önəmli məqamlar ondan ibarətdir ki, burada Qarabağ ifadəsi yoxdur və yekun sənəddə Ermənistanın hər zaman iddia etdiyi əsir və ya girovlar məsələsinə də toxunulmayıb. Bu amillər heç şübhəsiz ki, Azərbaycanın haqlı və qətiyyətli mövqe olduğunu bir daha təsdiq edir.
Görüşdəki digər vacib məqam isə bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi ilə bağlı oldu. Bu məqam sülh danışıqlarını daha çox ikitərəfli formata yönəldir və indiki məqamda Azərbaycanın maraqlarımıza tam olaraq cavab verir.
Bütün bu amillərlə yanaşı dövlət başçımızın Soçi səfəri həm də Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından da olduqca əhəmiyyətli oldu.
Soçi görüşü və imzalanmış 26 noyabr bəyanatı onu göstərdi ki, Azərbaycan Prezidentinin indiyə qədər istər delimitaisya və demarkasiya, istər nəqliyyat əlaqələrinin bərpası, istərsə də 9 noyabr bəyanatının icrasıyla bağlı dəfələrlə etdiyi bütün çağırışlar faktiki olaraq Rusiya tərəfindən də dəstəklənir.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri