Ağdama səfər təşkil olunub… VİDEO
Yazıya Ulu Öndərimizin Ağdam haqqında dediyi sözləri ilə başlamaq istəyirəm: “Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır.”
12 sentyabr 2021-ci il.
28 il əvvəlki Ağdamdan indiki Ağdama qayıdırıq… Qürur , sevinc, həyəcan, xoşbəxtlik…İllərlə xatirələrdə yaşayan Ağdamımıza gedirik, dostlar! Hər kəsin içində bir təlatüm…Yol yoldaşlarımdan fərqli olaraq, mən lap kiçik yaşımda ayrılmışam bu şəhərdən. Xatırlamıram, amma , valideynlərimin və yaxınlarımın danışdığı xatirələrdən yaratmışam surətini evimizin, doğma yurdumuzun… Ağdamın fəxrləri : elm adamları, incəsənət və din xadimləri, həkimləri, idmançıları, media nümayəndələri ilə gedirəm Ağdama. Bir gənc kimi mənim üçün bundan qürurverici nə ola bilər?…
Yol boyu dəyərli insanlarla keçən zaman içərisində, bir də gizlədə bilmədiyim həyəcanla dərin düşüncələrə dalıram. Ağdamı ziyarət edəcək insanların bu şəhərlə bağlı xatirələri var , bəs mənim necə? Görəsən küçəmizi, yollarımızı, abidələrimizi doğru əzbərləmişəmmi? Tapa bilərəmmi valideynlərim üçün çəkəcəyim fotoşəkildə yadigar qalacaq kiçik bir xatirə? Sevindirə bilərəmmi illəri özündə yaşadan fotoşəkillərdən təsəlli tapan insanları, elə Ağdamın bugünkü fotoşəkilləri ilə???…
***
…Çatırıq işğaldan azad olunan ərazilərimizə. Bu doğma, məşəqqətlərə təkbaşına sinə gələn torpaq, sanki öz dərdini unudub, övladlarına qucağını açır. Boynunu qucaqlamaq üçün tələsirəm ana torpağın. Həyəcanla avtobusun pəncərəsindən çölə baxıram. Yol boyu keçirdiyim sevinc, xoşbəxtlik hissi buz kimi dondu yanaqlarımda…Haradadır mənim Ağdamım? Yox, yox… televiziyada göründüyü kimi deyil, daha dəhşətlidir. Gördüyüm mənzərəyə bir daha, bir daha baxıram dayanmadan. Təəssüflə, təəccüblə… Bura ağ damları viranə qalmış Ağdamdır. Bu görüntülər qarşısında özümü təmkinlə dayanmağa məcbur edirəm. Çünki Ağdam övladını belə görməməlidir. Çünki, bu dəfə biz Ağdamın yarasına məlhəm olmağa gəlmişik və əbədi olaraq qayıtmışıq.
Nəhayət, o möhtəşəm an çatdı. Bir azdan “DƏMİR YUMRUQ” gücü hesabına işğaldan azad olunan Ağdam torpağına ayaq basırıq… Dayandım bir anlıq, tərəddüd etdim avtobusdan enməyə. Yenə fikir məni apardı… Bu torpağa ilk dəfə qədəm qoyacam. Görəsən uşaqlığımın, gəncliyimin keçdiyi, Ağdama qardaş olan doğma Bərdədə böyüyüb, boya – başa çataraq, təhsilimlə, fəaliyyətimlə layiqli gənc ola bilmişəmmi bu Vətənə? Görəsən Ağdam əsarətdə qalanda onun üçün edə biləcəyim hər şeyi etmişəmmi? Cəmi bir neçə saniyədə yüzlərlə fikir keçdi beynimdən. Asta – asta qapıya yaxınlaşdım və ilk dəfə bu torpaqlara ayaq basdım.
Bölünməz Vətənimizin bir parçası olan AĞDAMIMIZ, xoş gördük səni doğulduğum torpaq!
İllərlə həsrətin qəlbimizi parçaladı, çox uzun çəkdi qayıtmağımız, amma bax, biz gəldik, evimizə gəldik…
Sanki qollarım uzanıb, nəinki Ağdamı, bütün Qarabağı qucaqlayıram. Dərindən nəfəs alıb, Qarabağın havasından uduram. Buranın havası da, ətri də başqadır. Pambıq kimi buludlar, mavi göy üzü, tər – təmiz hava. Dostlar, Qarabağın dağ çəkilən halı belə cənnətmiş…
Ağdama çatanda bizi ilk olaraq Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşıladı. Emin müəllim bizə Ağdam şəhərinin baş planı haqqında geniş və ətraflı məlumat verdi.
Bu möhtəşəm planla tanış olmaq biz ağdamlılara böyük sevinc bəxş edir.
Emin müəllim sakinləri maraqlandıran suallara cavablandıraraq, Ağdamda yaradılacaq İşğal muzeyi və Zəfər Muzeyi haqqında söz açdı. Maraqlı bir faktı da sizlərlə bölüşüm ki, Emin Hüseynov artıq bir neçə gündür Ağdamda daimi yaşamağa başlayıb.
Cənab Prezidentimiz İlham Əliyev doğma Qarabağımızı yenidən cənnətə çevirmək üçün bütün imkanları səfərbər edib. Ali Baş Komandanımızın qətiyyəti sayəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə “Böyük Qayıdış” planı həyata keçirilir. Biz gənclər də Möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək, Qarabağın inkişafı üçün var gücümüzlə çalışacağıq.
Səfərimiz “QARABAĞ”-ın “İMARƏT”-i ilə başladı. “Qarabağ” FK-a qələbələr qazandıran stadion – İmarətdəyik. İllərdir səbirsizliklə gözlədim bu günü. Çünki Ağdamda, uğrunda minlərlə can verilən bu torpaqda, üçrəngli , əzəmətli üçrəngli bayrağımızı daşımaq ən böyük arzularımdan olub. Çatan kimi “İmarət” satdionunda müqəddəs bayrağımızı açdım. Azərbaycan gənci olmaqdan və Azərbaycan bayrağını Ağdamda daşımaqdan qürur duyuram. Bu bütün Azərbaycan gəncliyinin qüruru idi.
Növbəti ziyarətimiz Ağdam Cümə Məscididir. Asta səslə, yavaş addımlarla daxil olduğumuz ibadətgah – Məscidə qarşı necə vəhşilik törətmək olar İlahi? Bizlər belə olmamışıq. Başqa dinlərin ziyarətgahlarına qarşı belə davranmamışıq.
İçəri daxil oluram. Dağıntıları gördükcə daha da diqqətli, yüngül addımlarla hərəkət edirəm. Axı illərlə ağrı-acı görmüş bu torpağı incidə bilərəm.
Birdən Məscidin qoşa minarələrindən Azan səsi eşidildi. Qeyri -ixtiyari əlimi göyə tutub, Rəbbimizə bu günümüzə, bu müqəddəs ziyarətimizə görə şükür etdim. Tarixi anlar, bir ömür yaddaşlardan silinməyən dəqiqələr yaşayırıq. Allah xalqımızın Dualarını qəbul etdi.
İllərlə əsarətdə qalan doğma Qarabağımızın başına gələn müsibətləri dünyaya çatdırmaq üçün Azərbaycan gəncliyi olaraq əlimizdən gələni etdik. Bu gün isə o vəhşiliyi əyani şəkildə görən gənclik kimi olaraq bu istiqamətdə işlərimizi davam etdirəcəyik, törədilən vandalizmi dünyaya çatdıracağıq.
Dağıntılar o qədər qəddarlıqla törədilib ki… Bu şəhərdə bir küçə, küçədə bir döngə, döngədə bir ev, evdə bir nişanə tapa bilmirsən. Düşmənin törətdiyi bu vəhşiliyin adı yoxdur lüğətdə. Şəhər yeksan edilib, şəhərin mərkəzində səngərlər qazılıb, kəndlər də eyni vəziyyətdə, hətta qəbrləri belə dağıdıb bu mənfurlar… Bir sözlə, Ağdamda nəinki yerin üstü, yerin altı belə salamat qalmayıb.
Son dayanacaq – əzəmətli Şahbulaq Qalası. Gözəlliyi dillər əzbəri olan cənnətməkandayam…Yaşıl ağaclar, sərin sulu bulaq, başgicəlləndirici təmiz hava… Çox sevincliyəm… Amma “sevincliyəm” kəlməsi yetməz….
Xoşbəxtliyin sirridir VƏTƏN.
Televiziyalara müsahibə verərkən, yaşadığım anları, sevincimi , təəsüratlarımı bölüşürəm.
Bu müqəddəs torpaqlarımızın azadlığı uğrunda canından keçərək, illərlə köksü yaralı olan Azərbaycanı bütövləşdirən şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Müqəddəs torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsində canlarını belə əsirgəməyən, düşməni “iti qovan” kimi qovan qazi qardaşlarımıza Uca Tanrıdan şəfa diləyirik.
Başda Ali Baş Komandanımız olmaqla, dünya hərbi tarixində öz sözünü demiş, xalqımıza qələbə sevinci yaşadan Ordumuz var olsun!
Qürur duyuram!
Azərbaycanlı olmaqdan qürur duyuram!
Qarabağı Azad edən gəncliyin bir parçası olmaqdan qürur duyuram!
Qarabağda olmaqdan qürur duyuram!
Bu gün bir daha başı dik, alnı açıq, qürurla sözünü deyir AZƏRBAYCAN GƏNCİ!
…Müqəddəs torpaqlara ziyarət yekunlaşır. Sonda bir ovuc torpaq götürürəm ovcuma. Uşaqlığı, gəncliyi bu doğma torpaqda keçən valideynlərimə aparmaq üçün…
Gəlirəm… Doğma Ağdamdan, doğmalaşan Bərdəyə gəlirəm. Dəyərli ziyalımız Əliyev Əlinin bir şeiri yadıma düşür bu anda:
Qarabağ həyatım, varlığımdır bil,
Ağdam bir gözümdür, Bərdə bir gözüm.
Bütün dünya şahid olsun, duysun səsimi istəyirəm: Biz Qarabağdan gəlirik!
QARABAĞ AZƏRBAYCANDIR!
Nəsirli Fidan Elbrus qızı
Ağdam rayon sakini, Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi