Gələn il Azərbaycanın dövlət büdcəsi 29 milyard manata yaxın olacaq
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 407 milyon manat, xərclərinin isə 28 974 milyon manat olacağı gözlənilir.
Media1.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 3,8% və 1,5% çoxdur.
Son nəticədə dövlət büdcəsində 2 567 milyon manat kəsir yaranacaq.
Büdcə gəlirlərinin 52,4%-i neft, 47,6%-i isə qeyri-neft sektorunun payına düşəcək. Neft gəlirlərinin 85,7%-i Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 14,3%-i isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar hesabına təmin ediləcək.
Büdcə xərclərinin isə 68,7%-ni cari xərclər, 24,7%-ni əsaslı xərclər, 6,6%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək.