“Boeing”in kapitanı: “Füzuli Hava Limanı beynəlxalq standartlara uyğundur”
“Bu gün bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm. Uzun illərdən sonra biz Qarabağ səmasında sərbəst uçuşları yerinə yetirməyə başladıq və hər zaman da yetirəcəyik”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Füzuli Beynəlxalq Hava Limanına uçuş icra edən “Boeing 747-400” tipli hava gəmisinin kapitanı Rasim Əşrəfov deyib.
O bildirib ki, hava limanında uçuş sxemi Füzuli aeroportuna çox əlverişli və rahatdır: “Eyni zamanda uçuş zolağı pilot üçün çox rahatdır. Uçuş zolağının kifayət qədər böyük olan eni və uzunu imkan verir ki, hava limanı çox rahat şəkildə nəhəng təyyarələri qəbul edə və yola sala bilsin”.
Füzuli Beynəlxalq Hava Limanının avadanlığı beynəlxalq standartlara uyğundur. Əminəm ki, yaxın zaman ərzində Qarabağ ərazisində daha bir aerodromlara uçuşlara başlayacağıq” – o əlavə edib.