“Bizə danışıqlar lazım deyil, İrəvan öhdəliklərini yerinə yetirməlidir” – SABİQ NAZİR
Tofiq Zülfüqarov: “Paşinyanın bəyanatından sonra gözləmək ki, Ermənistan danışıqlarla sülh sazişinə imza atacaq, problem həllini tapacaq, inandırıcı deyil”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüş təklifi səsləndirib. Paşinyan bildirib ki, Azərbaycan lideri ilə Qarabağla bağlı danışıqlar aparmağa hazırdır. Ermənistan hökumətinin 12 avqust iclasındakı çıxışı zamanı Paşinyan İrəvanın ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözlədiyini də bəyan edib. Qeyd edib ki, regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır.
Ermənistan Baş nazirinin Azərbaycan lideri ilə görüşmək istəyinin arxasında dayanan məqamları, belə təklifin hansı məqsədə xidmət etdiyini AYNA-ya sabiq xarici işlər naziri Tofiq Zülfüqarov müsahibəsində şərh edib. T.Zülfüqarov qeyd edib ki, Ermənistanın həyata keçirilməsindən imtina etdiyi bir neçə məsələ var:
– Məsələn, Ermənistanda keçirilən parlament seçkilərindən sonra Paşinyan münaqişəni davam etdirmək üçün bir strategiya seçdi. O, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir, sülh müqaviləsini imzalamaq istəmir, Qarabağın ermənilər məskunlaşan ərazilərinin ölkəmizdən qoparılması layihəsinin həyata keçirilməsinə davam etmək niyyətindədir. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatla İrəvanın üzərinə götürdüyü öhdəliklərin bir hissəsini yerinə yetirməkdən imtina edir. Bu da nədir – Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması, Naxçıvanın Kərki kəndinin və Qazaxın 7 kəndinin azad edilməsi, Zəngəzur dəhlizinin açılması məsələsidir. Əlbəttə, Nikol bu siyasətin ciddi risklərini dərk edir və Azərbaycanın ehtimal olunan cavab tədbirlərinə qarşı “insan qalxanı” kimi istifadə etmək niyyətində olduğu hər hansı bir beynəlxalq quruluşu sərhəd boyunca yerləşdirərək özünü qorumaq istəyir. Təbii ki, bu avantürist siyasətin nəticəsi Ermənistan üçün yeni məğlubiyyət ola bilər. Üstəlik, bu, Rusiyanın, ABŞ və Fransanın 10 noyabr Birgə Bəyanatın müddəalarını yerinə yetirmək üçün alternativ olmadığını birmənalı şəkildə bəyan etdiyi şəraitdə baş verir. Paşinyanın bu siyasəti Azərbaycana beynəlxalq hüquq çərçivəsində gücə qarşı çıxmaq hüququ verir.
Digər yandan, Rusiya Prezidenti Vladimir Putin Birgə Bəyanatın təminatçısıdır. Bəyanatı dəstəkləyən dediyim kimi, həm də ABŞ və Fransadır. Bu baxımdan, İrəvan onlara Bəyanatın müddəalarını niyə yerinə yetirmədiyini açıqlamalıdır. Paşinyan sənədin icra olunmayacağı ilə bağlı hissə-hissə bəyanatlar verib. Məsələn, Zəngəzur dəhlizinin olmayacağını bildirib. Daha sonra Ermənistan XİN bəyanat verdi ki, Qarabağdakı erməni silahlılarının oranı tərk etməsi üç rayona – Kəlbəcər, Ağdam və Laçına aiddir, digər bölgələrə aid deyil. Hiss olunur ki, təzyiqlərdən qaçmaq üçün Paşinyan danışıqların bərpasını təklif edir. Guya ki, Ermənistan konstruktivdir, danışıqlarda maraqlıdır. Eyni zamanda, öhdəliklərə yenidən baxılmasına çalışırlar.
– Birgə Bəyanatdakı bəndlərə yenidən baxılmasına?
– Bəli. Danışıqlar yolu ilə Birgə Bəyanatda İrəvanın götürdüyü öhdəliklərin neytrallaşdırılmasına nail olmaq niyyətindədirlər. Paşinyanın məqsədi budur. Amma İkinci Qarabağ müharibəsindən əvvəl biz bu cür danışıqları görmüşük. 30 il idi ki, danışıqlar aparılırdı, sonunda da heç bir nəticə əldə olunmadı. İrəvan indi istəyir ki, həmin mənzərəni yaratmaq, danışıqları bərpa etsin.
– Azərbaycan bu danışıqlara gedəcəkmi?
– Hesab edirəm ki, Azərbaycanın mövqeyi hazırkı məqamda imtina olmalıdır. Rəsmi Bakı tələb etməlidir ki, Ermənistan Birgə Bəyanatda götürdüyü öhdəlikləri yerinə yetirsin. Bizə danışıqlar lazım deyil. Burada artıq həlli tələb olunan məsələlər var. Biz vasitəçiyə müraciət etməliyik ki, İrəvan rəsmi şəkildə öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Danışıqlara getmək mənasızdır. Danışıqlar üçün danışıqlardan hansısa nəticə gözləmək əbəsdir. Çünki Ermənistan köhnə siyasəti yeni situasiyada davam etmək niyyətini açıq şəkildə bəyan edib. Məsələn, Paşinyan bildirdi ki, Ermənistan “Arsax”la bağlı siyasəti yeni şəraitdə davam etməlidir. Yəni ki, İrəvan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib, bu iddiaları yeni reallıqlar şəraitində irəli sürür. Bu, təbii ki, Azərbaycanın ərazi bütövlüyünə ziddir. Paşinyanın bəyanatından sonra gözləmək ki, Ermənistan danışıqlarla sülh sazişinə imza atacaq, problem həllini tapacaq, inandırıcı deyil.
– Belə fikirlər var ki, vasitəçi olmadan Nikol Paşinyan və İlham Əliyev arasında görüşün keçirilməsinə, müzakirələr aparılmasına ehtiyac var. Belə əsaslandırılır ki, iki ölkə liderinin təkbətək müzakirəsi daha effektli olar, nəinki vasitəçilərin təşkilatçılığı ilə…
– Mən belə hesab etmirəm. Çünki Paşinyanın bəyan etdiyi siyasi prioritetlər razılığa imkan vermir. Mən inanmıram ki, Ermənistan Azərbaycana ərazi iddialarını davam etdirdiyi məqamda oturub danışmaqla məsələ həllini tapa bilər. Biz başa düşürük ki, vasitəçilərin marağı nədən ibarətdir. Onlar istəyirlər ki, münaqişə qalsın, bununla regionda maraqlarını, siyasətlərini həyata keçirə bilsinlər. Onların niyyəti bəllidir. Amma sadəlövh olmayaq ki, iki lider oturacaq, danışacaq və bütün məsələlər həll olunacaq.
Müəllif: Anar Bayramoğlu