27 İyul 2024

“44 seriyalı humanitar missiya” Xankəndinin qapısında

Bakıdan erməni əhalisi üçün humanitar yük göndərildi, separatçılar isə təhdidə keçdi; “Bu yol açılacaq, ya da açılacaq…”

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalanıb. O bildirib ki, bəyanatın fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardım edilməlidir. “Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya göndərmişik və hazırda humanitar yardımımız göndərilir. Qırmızı Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək”, – təşkilat rəhbəri bildirib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatı göndəriləcək:

“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Qarabağda yaşayan erməni separatçıların bir qismi Azərbaycanın humanitar yardım addımına qarşı aqressiv münasibət göstərməyə başlayıb. Qarabağda yaşayan separatçı David Minasyan özünün facebook səhifəsində “Türk çörəyinə əsla ehtiyacımız yoxdur. Əgər “artsax”a girsələr, bu maşınları məhv edəcəyik” yazıb.  Minasyan eyni zamanda Azərbaycanın humanitar yardımının Xankəndinə girişini əngəlləmək üçün hamını “oyanmağa” çağırıb.

Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan yardım göndərilməsinin onlarla “razılaşdırılmadığını” bildirib. O, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımı “yalançı xeyriyyəçilik” adlandırmaqdan da çəkinməyib. Bildirib ki, Bakı həqiqətən yardım etmək istəyirsə, Laçın yolunu ikitərəfli açmalı və yüklərin daşınmasına şərait yaratmalıdır.

qaynarinfo.az

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu, həm erməni əhalisinə praktiki çıxış yolu təqdim etmək, həm də beynəlxalq müstəvidə aparılan “blokada” kampaniyasına cavab vermək baxımından lazım idi. Ekspertin fikrincə, növbəti addımda yardım mərkəzinin yaradılması istisna deyil: “Bakının bu addımında iki məqam diqqət çəkir: niyə ilk göndərilən humanitar yardım undan ibarətdir? Qarabağda “humanitar fəlakət” oyununda “çörək yoxdur” iddiaları zaman-zaman gündəmə gəlsə də, kampaniya əsasən müxtəlif ərzaq növlərinin tükənməsi üzərində aparılırdı. Son günlər yayılan məlumatlar prosesin “çörək yoxdur” mərhələsinə keçdiyini göstərir: “çörək növbələri”nin yaranması haqda manipulyasiya edirlər; separatçıların erməni əhalisinin əlində olan taxılı almaq istədiyi açıqlayıb, bunun məcburi qaydada ediləcəyi gözlənilir. O da gözlənilir ki, beynəlxalq müstəvidə davam edən “humanitar fəlakət” kampaniyasının növbəti – əsas mərhələsi “çörək qıtlığı” üzərində olacaq və Bakı məhz bundan öncə 40 ton unu Ağdam yoluna göndərməklə əks-həmləsini etdi. Çörək problemi varsa, problemin həll yolu da var”.

Ekspert hesab edir ki, humanitar yardımın indi göndərilməsi təsadüfi deyil: “Ermənistanın “TIR şousu” 25 iyulda başlasa da, Bakının Ağdam yoluna indi yardım çıxarmasının iki məqsədi aydın görünür: Birincisi, Fransanın planlarına cavabdır. Rəsmi Parisin Qarabağla bağlı iddiaları BMT Təhlükəsizlik Şurasına çıxarmağa hazırlaşdığına dair məlumatlar var. Bunun fonunda sabah – avqustun 30-da Fransadan göndərilən “yardım”lar sərhəddəki “yardım şousu”na qoşulacaq, o cümlədən Paris meri də bölgəyə gələcək. Aydındır ki, Fransanın bu addımı məsələni BMT TŞ-də müzakirəyə çıxarmamışdan öncə “arqumentlər”ini gücləndirmək, eyni zamanda digər ölkələri də “yardım şosuna” qoşmaq məqsədi daşıyır. Azərbaycan məhz Fransanın sərhəddəki şouya qoşulmasından bir gün öncə Ağdam yoluna yardım göndərməklə beynəlxalq ictimaiyyəti fakt qarşısında qoyur və bununla həm də BMT TŞ-də növbəti mümkün müzakirələrə hazırlaşır.

İkincisi, Xankəndindəki erməni ictimai rəyinə təsir etməkdir. Separatçı qüvvələr arasında Ağdam yolundan yardımın qəbul edilməsi ilə bağlı ciddi fikir ayrılığı var. Samvel Babayanın dəstəsi bunu dəstəkləyir, Ruben Vardanyanın dəstəsi qarşı çıxır, mövcud “rəhbərlik” – Araik və dəstəsi qərar vermək üçün müzakirələr aparır.

Bakının yardımı indi Ağdam yoluna göndərməsi Xankəndidə bu yardımın qəbul edilməsi, yoxsa imtina edilməsi ilə bağlı qarşıdurmanı kəskinləşdirəcək və bu, həm separatçılar arasında “həmrəyliyi” pozur, həm də erməni əhalisində yardımı qəbul etmək istəklərini gücləndirir. Ağdam yolunda humanitar mərkəz yaradılarsa, ermənilərin ərzaq üçün bura müraciət edəcəyi gözləntisi böyükdür. Laçın-Xankəndi yolunda aksiya zamanı mülki erməni Toros Qazaryanın kömək üçün azərbaycanlılara müraciət etməsi bunun bariz nümunəsidir”.

Telman Qasımov: Türkiyə və Rusiya Xankəndində PUA-larla kəşfiyyat uçuşu  aparıb - Gündəm - YouTube

Telman Qasımov

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “10 noyabr bəyannaməsinə görə, hər iki tərəfdə giriş və çıxışda təhlükəsizliyə rus sülhməramlı kontingenti nəzarət edir. Bu ona görə önəmlidir ki, təxribat baş verərsə, Azərbaycanla əlaqəsinin olmadığı təsdiqlənsin.  Ermənilər humanitar yardımdan birmənalı şəkildə imtina edəcəklər. Kasıb təbəqə buna ehtiyac duysa, kənar qüvvələr tərəfindən təlimatlandırılan separatçılar buna qarşı çıxacaqlar. O ərazidə taxılçılıq inkişaf etmişdi, un ehtiyatının olması istisna deyil. Sadəcə olaraq, “aclıq” şousunu qəsdən yaradırlar ki, ajiotaj olsun, Azərbaycanı günahlandırmaq üçün bəhanə olsun. Azərbaycan bütün həqiqətləri üzə çıxarır. Əgər həqiqətən acından ölürlərsə, niyə təklif olunan yolları qəbul etmirlər? “Türkün çörəyini” yemək istəmirlərsə,  danışıqları necə davam etdirəcəklər? Azərbaycan alternativ yollar təklif etməklə yanaşı, humanitar yardım etməklə beynəlxalq qurumlar qarşısında fakt qoyur”.

Nigar HƏSƏNLİ,