15 İyun 2024

30 illik işğalın fəsadları

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakətin nəticəsi ağılasığmaz dərəcədə böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan ermənilər orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv edib, vəhşi heyvanları belə öldürməkdən çəkinməyiblər.Erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Ərazilərimiz düşmən tapdağında olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa çevrilmişlər.

Hər birimizə məlumdur ki, işğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübüt edən Ermənistan bir an belə olsa bu çirkin niyyətlərindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törətmişdir. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq, xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silmişlər. Hər bir tarixi, mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə özünkiləşdirməyə çalışmışlar.

Qeyd edək ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.

Eyni zamanda, hal- hazırda Laçın rayonunda beynəlxalq hava limanı tikilməsinə start verilmişdir. Mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyət baxımdan işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq.

Laçının işğaldan azad olunması ilə burada yenidən həyat qurulur. Artıq insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək. Beləliklə, sonda bir daha qeyd etmək isteyirəm ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılmasına nail olundu.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi