09 Dekabr 2022

Yeniləşən Azərbaycan ədliyyəsi

22 Noyabr Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104 illiyi tamam olur.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.

1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Nizamnaməsi təsdiq edilib. Məhz buna görə də ulu öndər Heydər Əliyev həmin tarixi ədliyyə işçilərinin peşə bayramı kimi elan edib. Bu tarix təkcə bu orqanda çalışanlar üçün deyil, eyni zamanda, bütün hüquqşünaslar üçün əlamətdardır.

Tarixə nəzər yetirsək görərik ki, 1920-ci il sovet işğalından sonra dəfələrlə ləğv edilib səlahiyyətləri ayrı-ayrı dövlət orqanlarına həvalə edilmiş Ədliyyə Nazirliyinin yenidən dövlətçiliyin vacib sütunlarından biri kimi təsis edilməsi bilavasitə ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildə Ulu Öndər Azərbaycan rəhbərliyinə gəldikdən sonra – daha dəqiq isə 1970-ci il 27 oktyabr tarixdə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib. Bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlayıb.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə çevrilib, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib.
2003-cü ildən ümummilli lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan hüquqlarının etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilib, ona hüquq-mühafizə orqanı statusu verilib. Ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi ədliyyənin inkişafına mühüm təkan verib.
Ədliyyə sahəsində aparılmış islahatlara uyğun olaraq yeni qurumlar – Ədliyyə Akademiyası, Bələdiyyələrə inzibati nəzarət idarəsi, müxtəlif reyestrlər, o cümlədən Əhalinin, Hüquqi Aktların və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrləri, habelə regional ədliyyə şöbələri yaradılıb, ədliyyə infrastrukturu yaxşılaşdırılıb.

Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il 26 may tarixli iclasında qəbul edilən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edib. Qanunda ədliyyə işçilərinin əsas hüquqları genişləndirilib, vəzifələri dəqiqləşdirilməklə məsuliyyətləri artırılıb, həmçinin onların sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi məsələləri əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il avqustun 17-də imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman əsasında aparılan islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri dəqiq müəyyənləşdirilib, onun cəmiyyətdə rolu və əhəmiyyəti daha da artıb, nazirliyin üzərinə yeni məsul vəzifələr qoyulub, yeni struktur qurumlar yaradılıb.
Builki bayram isə xüsusilə əlamətdar olmaqla böyük fəxarətlə keçirilir. Belə ki, bir neçə gün öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin ikinci ildönümü – Zəfər Günü qeyd olunub.

Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi Qələbənin sevincini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə gəzdikcə, qürur hissi keçiririk və qalib Azərbaycanın vətəndaşı olmağımızla fəxr edirik. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Ermənistanın işğalına öz gücü ilə son qoyaraq, dünyanın 50 ən güclü ordusundan biri olduğunu təsdiqlədi. Bu şanlı Qələbə dövlətçilik tariximizi qürurlandırdı, hər birimizə intizarında olduğumuz zəfərin sevincini yaşatdı. Hamı kimi, biz, ədliyyə işçiləri də qalib bir xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında öz gücümüzlə azad etməyimizlə qürur duyuruq.

Vətən müharibəsi günlərində ədliyyə işçiləri də səylərini əsirgəməyiblər. Hərbi vəziyyət elan olunduqdan dərhal sonra nazirlik gücləndirilmiş iş rejiminə keçmiş, fəaliyyətin digər hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla sıx əlaqəndirilməsi, fövqəladə hallar barədə operativ məlumatlandırmanın təşkili, penitensiar müəssisələrin, informasiya resurslarının təhlükəsiz fəaliyyəti və onların mühafizəsi üzrə təxirəsalınmaz tədbirlər görülüb.
Həmçinin nazirliyin tibb xidmətinin həkimləri döyüş bölgəsinə ezam edilib, ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq hərtərəfli dəstək göstərilir.

Son illər Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirilmiş və nazirliyin üzərinə yeni vəzifələr qoyulmuşdur. Bununla da demokratikləşən cəmiyyətimizdə Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən orqanlardan birinə çevrilmiş və onun hüquqi dövlət qurulucuğunda rolu artmışdır.

Ədliyyə və məhkəmə sahəsi də müasir informasiya texnologiyalarının tətbiqi ilə inkişaf edir, mütərəqqi islahatlar aparılır, pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmini məqsədilə innovativ həllərdən geniş istifadə edilir. Nazirlik tərəfindən aparılan və on minlərlə normativ sənədi ehtiva edən Hüquqi aktların vahid elektron bazası vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir.
Ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün” Dövlət Proqramı qəbul edilib. Həmin proqramda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması, beynəlxalq təsisatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi və bu sahədə İKT-nin tətbiqinin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri olaraq təsbit olunub.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər.

Tətbiq olunan yeniliklərdən biri kimi nikaha daxil olma yaşının bərabərləşdirilməsi və erkən nikahın qarşısını almaq üzrə profilaktik tədbirlərin gücləndirilməsini qeyd etmək olar. Bu gün erkən nikahlara qarşı maarifləndirici mübarizə tədbirləri geniş miqyas alır, bu istiqamətdə olduqca ciddi addımlar atılır.

Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bu dəyişiklikləri öz gündəlik həyatlarında da açıq-aşkar hiss edərək qiymətləndirirlər.
Bu bayram münasibətilə həmkarlarımı bir daha səmimi qəlbdən təbrik edir, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, ədliyyə işçiləri bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışacaq və bu sahədə əldə etdiyimiz nailiyyətlərlə gələn il Azərbaycan ədliyyəsinin 105 illiyinə böyük töhfə verəcəklər.

Məmməd Mustafayev,
Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə nazirliyinin qeydiyyat şöbəsinin rəisi