22 Aprel 2024

Yazova qarşı çıxıb marşal və nazir olan Şapoşnikov- süquta uğrayan SSRİ-nin sonuncu müdafiə nazirinin etirafları

Onun 30 ildən artıq bir dövrdəki hərbi fəaliyyətində yaddaqalan fövqəladə bir xidməti olmayıb. Bəlkə də elə bu səbəbdən də Yevgeni Şapoşnikovun SSRİ-nin müdafiə naziri təyin edilməsi hərbi elita üçün gözlənilməz olub. Bir çox araşdırmaçılar SSRİ-nin sonuncu müdafiə naziri kimi Dmitri Yazovun adını vurğulayırlar. Əslində isə formal olsa da sonuncu nazir Yevgeni Şapoşnikov olub.

Maraqlıdır, Mixail Qorbaçov bu təyinatda niyə məhz Yevgeni Şapoşnikovu seçib? Hansı xidmətlərinə görə Şapoşnikov bu vəzifəyə təyinat alıb?

Yevgeni Şapoşnikov 1942-ci ildə Rostovda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Xarkov Ali Hərbi Aviasiya Məktəbində təhsil alıb. Daha sonra isə Hərbi Hava Qüvvələri Akademiyasını və Baş qərargah yanında Hərbi Akademiyanı bitirib.

1988-ci ilə qədər Yevgeni Şapoşnikov SSRİ-nin ayrı-ayrı hərbi dairələrində qərargah rəisi, alay və diviziya komandiri, hərbi dairə komandanı vəzifələrində xidmət edib.

O, 1988-ci ildə SSRİ hərbi hava qüvvələri komandanının müavini təyin edilib. İki ildən sonra, 1990-cı ildə isə Şapoşnikov SSRİ müdafiə nazirinin müavini, eyni zamanda hərbi hava qüvvələri komandanı vəzifəsinə təyinat alıb.

Müasirlərinin dediklərinə görə, Şapoşnikov bu vəzifəni sonuncu hərbi vəzifəsi kimi qəbul edib və yaxın zamanlarda istefaya çıxacağını bildirib. Amma SSRİ-də baş verən ictimai-siyasi hadisələr Şapoşnikovun hərbi karyerası və hərbi xidmətlə bağlı planlarını başqa səmtə yönəldib.

Şapoşnikov öz həmkarları arasında Dmitri Yazov haqqında həmişə yüksək fikir bildirib, hərbi karyerasında Yazovun böyük rolu olduğunu söyləyib. Amma hadisələr elə cərəyan edib ki, Şapoşnikovla Yazov arasında ciddi fikir ayrılığı yaranıb.
1991-ci ilin avqust ayında “QKÇP” qiyamı zamanı nazir müavini işləyən Şapoşnikov Mixail Qorbaçova qarşı çıxmaqdan imtina edib. Məhz həmin hadisələr zamanı Qorbaçovun Moskvada əlaqə saxladığı şəxslərdən biri də Şapoşnikov olub. Qorbaçov ona təşəbbüsü ələ almağı xahiş edib. Bu zəngdən sonra Şapoşnikov Yazova bildirib ki, qoşunları Moskvanın küçələrinə buraxmaq yolverilməzdir və öz nazirinə “QKÇP” üzvlərinə qarşı çıxmağı məsləhət görüb.

Uğursuz “QKÇP” qiyamından sonra Qorbaçov Şapoşnikovun xidmətini yüksək qiymətləndirərək avqustun 23-də Yevgeni Şapoşnikovun müdafiə naziri təyin edilməsi ilə bağlı sərəncam imzalayaraq baxılması üçün SSRİ Ali Sovetinin sesiyasına göndərib. Ali Sovet avqustun 29-da bu təyinatı təsdiqləyib. Hələ bu təsdiqdən öncə avqustun 26-da Qorbaçovun təşəbbüsü ilə Şapoşnikov marşal rütbəsi də alıb.

Süquta uğrayan SSRİ-də sonuncu müdafiə naziri kimi Yevgeni Şapoşnikov bu vəzifəni cəmisi bir neçə ay daşıyıb. SSRİ-nin özü kimi müdafiə naziri vəzifəsi də ləğv olunduqdan sonra Yevgeni Şapoşnikov MDB Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı vəzifəsini icra edib. Bu qurumun isə ömrü çox olmayıb. 1993-cü ildə qurum ləğv ediləndə Şapoşnikova Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsi həvalə edilib.

Son illərdə tutduğu vəzifələrdə “formal fiqur” kimi görünən Yevgeni Şapoşnikov hərbi və siyasi elitada vacib sima sayılmadığını anlayaraq fəaliyyət istiqamətini dəyişib. O, 1995-1997-ci illərdə Rusiyanın “Aeroflot” hava yolları şirkətinin baş direktou vəzifəsində işləyib.

“Aeroflot”da işləyərkən Yevgeni Şapoşnikov çox fərqli bir məsələ ilə bağlı gündəmə gəlib. Məhz onun şirkətdə baş direktor olduğu dövrdə milyardlarla rublun mənimsənilməsi faktı aşkar olunub. Pul maxinasiyalarının başında isə Boris Berezovskinin “Aeroflot”a təyin etdirdiyi yüksək vəzifəlilər dayanıb. Şapoşnikov bu səsli-küylü hadisədən quru çıxıb. Amma sonralar istintaq qrupunun üzvlərindən biri mənimsəmə hadisəsində Yevgeni Şapoşnikovun da birbaşa əli olduğunu bildirib.

SSRİ-nin sonuncu müdafiə naziri və sonuncu marşalı Yevgeni Şapoşnikov həmkarlarının, onu tanıyanların yaddaşında “gülümsəyən marşal” kimi qalıb. Ən mürəkkəb vəziyyətlərdə, ən çətin anlarda belə Şapoşnikovun üzündən təbəssüm əskik olmayıb. Bir çox sovet məmurları onu zəif və iradəsiz adlandıraraq qeyd ediblər ki, Yevgeni Şapoşnikovun güclü iradəsi olsaydı, SSRİ-ni qorumaq mümkün olardı.

Ömrünün son illərində Şapoşnikov öz xatirələrini yazıb, həmin xatirələrdə marşal yol verdiyi səhvləri də etiraf edib. Amma onu da vurğulayıb ki, bütün variantlarda SSRİ süquta uğramalı idi.

Yevgeni Şapoşnikov 2020-ci ildə, 78 yaşında vəfat edib. Bir çox mənbələrdə onun ölüm səbəbi kimi COVİD-19-a yoluxması göstərilir.

İlham Cəmiloğlu, Musavat.com