Türkmənçay “sülh” müqaviləsi-Azərbaycanı ikiyə bölən bədnam sənəd
195 il öncə – 1828-ci il fevral ayının 10-da Çar Rusiyası və İran arasında bağlanan bu müqaviləyə əsasən Azərbaycan torpaqlarının Araz çayından Şimal hissəsi Çar Rusiyasının, Cənub hissəsi isə İranın əsarətinə keçdi
Türkmənçay “sülh” müqaviləsi Azərbaycan tarixinin ən ağrılı, faciəvi səhifələrindən biridir. O zaman Azərbaycanda mərkəzləşmiş dövlət yox idi. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət idi. Rusiya hələ 19-cu əsrin əvvəllərindən başlayaraq artıq Azərbaycanda, ümumən Qafqazda vəziyyəti xeyrinə dəyişdirmək yönündə daha güclü cəhdlərə başlamışdı. Gülüstan müqaviləsindən qabaq Qarabağ xanlığı ilə Kürəkçay müqaviləsi, eləcə də Şəki, həmçinin Şamaxı xanlıqları ilə müqavilələr imzalanmışdı. Ümumən götürəndə Rusiya 1-ci Pyotrun vaxtından başlayaraq Azərbaycana müdaxilələr edirdi. Rusiya daim öz siyasətini həyata keçirməkdə ermənilərdən məharətlə yararlanırdı. Qaldı ki, İrana, o zaman İranda Qacarlar hakimiyyətdə idi. İran Rusiya imperiyasının bu ərazilərdə möhkəmlənməsini qəti şəkildə istəmirdi. Hər iki ölkə Azərbaycanı özünün əyalətinə çevirmək istəyirdi. Bu səbəbdən də İranla Rusiya qarşı-qarşıya gəldilər. İran isə həmin dövrdə geridə qalmış feodal dövləti idi, hərbi cəhətdən o qədər də güclü deyildi. Bu səbəbdən də 1826-1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi Rusiya imperiyasının qələbəsi ilə nəticələndi. Azərbaycan Türkmənçay adlı müqavilə ilə iki yerə, yəni İranla Rusiya arasında bölündü. Şimali Azərbaycan torpaqları Rusiya imperiyasının tərkibinə daxil edildi. Qarabağ, Şəki, Şirvan, Gəncə, Bakı, Talış xanlığı, eyni zamanda Dərbənd xanlığının ərazisinə keçmişdi. İran, bu ərazilərin Rusiyaya daxil edildiyini təsdiq etmişdi. Müqaviləyə görə, daha iki Azərbaycan xanlığı Naxçıvan və İrəvan xanlıqlarının torpaqları da Rusiyanın tərkibinə keçdi. Türkmənçay sülhünün 3-cü maddəsi ilə bu rəsmiləşdirildi. Beləliklə, Azərbaycan torpaqlarının Rusiya və İran arasında iki hissəyə bölünməsi prosesi başa çatdırılmış oldu. Bu bölüşdürmənin birinci mərhələsi 1813-cü il Gülüstan sülhü ilə həyata keçirilmişdi.
“Türkmənçay” müqaviləsinin imzalandığı Türkmənçay kəndi Təbrizlə Tehranın arasında, Tehrana gedən yolun üstündə yerləşir. Həmin kəndin adət-ənənəsi, tarixi, yaşam tərzi sırf Azərbaycan türklərinin həyat tərzindən xəbər verir. Türkmənçay kəndində yaşayanların hamısı Azərbaycan Türkləridir. Nə qədər kədərli olsa da, bir xalqın iki yerə parçalanmasının rəmzi kimi bu gün Türkmənçay kəndinin adı 200 ilə yaxındır ki, türklərin ağlından, ruhundan silinmir. Çünki, tarixən nə Rusiya, nə İrana dəxli olmayan, əksinə Böyük Səfəvi dövlətinin bir parçası olan bu feodal dövlətlər bölünmüş və Azərbaycanın Şimalı və Cənubu ifadəsi yaranmışdı. Əslində bu, Rusiyanın Pyotr dövründən qalma siyasətinin bilavasitə davamı idi və burada hələ I Pyotr vəsiyyətlərində ifadə olunmuş müəyyən məqamlar öz əksini tapmışdı. Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı. Yəni ermənilərin Azərbaycanda yerləşdirilməsi üçün münbit siyasi şərait yaranmışdı və Türkmənçay müqaviləsinin təbəə alış-verişi, yəni insan dəyişməsi maddələri burada Azərbaycanın bugünkü taleyinə təsir edən məqamları yaratmışdı. Belə ki, bu müqavilənin şərtləri əsasında İrandan 40 min erməni Azərbaycana köçürüldü. Türkmənçay müqaviləsindən təxminən 40 gün sonra 1828-ci il mart ayının 21-də Türkmənçay müqaviləsi ilə Rusiyaya daxil edilən Naxçıvan və İrəvan xanlıqları Çar Nikolayın əmri ilə ləğv edildi və bu ərazilərdə erməni vilayəti yaradıldı. Köçürülən ermənilər də bu ərazilərdə yerləşdirildi. Eyni zamanda 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında bağlanmış Ədirnə müqaviləsinin 130-cü maddəsinə görə, Osmanlı ərazilərindən ermənilərin cənubi Qafqaza köçürülməsi başlandı. Qısa müddət ərzində 1829-1831-ci illərdə Osmanlı dövlətindən 14044 erməni ailəsi təxminən 100 min nəfər erməni Cənubi Qafqazda əsasən də Azərbaycan torpaqlarında məskunlaşdırıldı. 1828-ci il mart ayının 21-də erməni vilayətinin yaradılması ilə Azərbaycan torpaqlarının erməni ərazi vahidi yaradılmış oldu. Beləliklə, Azərbaycana elə bir tarixi zülm edildi ki, sonralar bu zülmün nəticəsində Azərbaycan xalqı hələ çox əziyyət çəkəcəkdi… Bir məqamı da qeyd edək ki, nə “Gülüstan müqaviləsi”, nə də “Türkmənçay müqaviləsi”ndə bircə dəfə də olsun “Azərbaycan” adına rast gəlinmir. Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycan adını müqaviləyə salmadılar. Sanki dədə malı kimi bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş.
Məlumat üçün bildirək ki, 1813-1828-ci illərə qədər Azərbaycanın ərazisi 410 min kvadratkilometr olub, o cümlədən İrandakı Güney Azərbaycanın sahəsi 280 min kvadratkilometr, Rusiyadakı Şimali Azərbaycanın sahəsi 130 min kvadratkilometr idi. 1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilən İrəvan xanlığı – 9 min kvadratkilometr, Rusiya əsarəti altındakı Dərbənd xanlığı – 7 min kvadratkilometr, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi – 114 min kvadratkilometr, 1920-ci ildə ADR-i işğal edən Sovet İmperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və Borçalının birlikdə sahəsi – 27,4 min kvadratkilometr olub.