27 İyul 2024

Saatlının tarix yazan tarix müəllimi FOTOLAR

44 günlük davam edən Vətən müharibəsində minlərlə oğullarımız əsl qəhrəmanlıq, şücaət nümunəsi göstərərək düşmən üzərində zəfər çaldı. Bu qanlı savaşlarda şəhidlərimiz də oldu, yaralananlarımız da. Şəhid olan oğullarımızdan biri də Saatlı rayonundan olan zabit Xalid Nəciyevdir.

Ehtiyatda olan leytenant Xalid Nəciyev vətənini, torpağını canı qədər sevirdi. Elə şagirdlərə də bu hissləri aşılayırdı həmişə. Zaman elə gətirdi ki, çox sevdiyi Vətəninin bütövlüyü uğrunda canını da qurban verdi. Bununla da bir zaman tədris etdiyi tarixin döyüş meydanında bir parçası oldu Xalid. Həm də Vətənimizin bütövlüyü uğurunda.

Şəhidin qardaşı Elçin Nəciyev deyir ki, yüksək əhval-ruhiyyə ilə döyüş aparmaq bacarığı var idi: “Əsgərləri də özü kimi. Hər yerdə bacarığı sözünü deyirdi. Onun üçün həmişə bir kəlmə var idi ki, “biz bacarmırıq” ifadəsi yoxdur. Bacaracağıq. Dedi narahat olma, alacağıq Qarabağımızı, salamat gələcəyik”.

Xalid Nəciyevin 28 yaşı var idi. Arzusu, xəyalları da çox idi. Vətən müharibəsi başlayanda Xalid müəllim də son borcunu yerinə yetirdi. İxtisasca tarix-coğrafiya müəllimi olan Xalid Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, eyni zamanda Təhsil Nazirliyinin Saatlı və Sabirabad rayonları üzrə ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs idi. Könüllü olaraq ön cəbhəyə yollanmışdı. Özü də ata-anasından xəbərsiz.

Şəhidin anası Əzizgül Nəciyeva bildirir ki, meyiti həyətə gələnə qədər biz heç nə bilməmişik: “Hamı bilib – rayonda işçilər, yoldaşları, qardaşı, qohumlar – hamı. Gəncəyə apardılar, dedi axıra qədər buradayam. Oradakı işimi burada görürəm. Kadrlar şöbəsində köməkçi işləyirəm. Dedi, narahat olma, mən axıra qədər buradayam. Biz də elə arxayın oturmuşduq. Qardaşına deyib ki, anamgilə demə, istəmirəm bilsinlər döyüşdəyəm”.

Sentyabrın 29-da Vətənin müharibəsinə yola düşən Xalid şiddətli döyüşlər zamanı ilk sırada yer alırdı. Rəhbərlik etdiyi qrupla düşmənə sarsıdıcı zərbələr endirmişdi. Ermənilərin xeyli sayda canlı qüvvəsini sıradan çıxarmışdı. Xalid Nəciyevin döyüş yolu Laçına qədər davam edib. Son döyüşü də elə bu ərazidə olub. Canı qədər sevdiyi əsgərlərini qorumaq məqsədi ilə sinəsini sipər edir. Beləliklə, xain düşmənin qəfil hücumu zamanı noyabr ayının 5-də şəhidlik zirvəsinə ucalıb.

Şəhidin qardaşı bildirir ki, noyabrın 4-də daha zəng eləmədi: “Demişdi ki, məndən xəbər almasan, bu adamla maraqlan, dostu idi, zabit idi. O adamla maraqlandım, dedi ki, qardaşın şəhid oldu”.

Həmin döyüşdə yaralanan əsgərin komandiri haqqında dedikləri: ”Bizim komandir haqqında təəssüratımız, onun son dediyi söz yaddaşımızda bu oldu ki, mən sizi qoruyuram siz şəhidi götürün. Həqiqətən də, bir komandirin, əsgərini, şəhidini, bu qədər düşünməsi, sadəcə onun komandirliyindən deyil, eyni zamanda insani keyfiyyətindən xəbər verir”.

”Laçının Səfiyan kəndində olub son döyüş. Şəhid olduğu yer ora olub. Ora qədər döyüşə-döyüşə gediblər. Qubadlının alınmasında, sonra digər yerlərdə iştirak edib. Lazım olsa, o biri oğlumu da göndərərəm. Vətən yolunda şəhid olub oğlum”, – şəhidin atası Qabil Nəciyev.

Xalid adının mənası ölməz, əbədi deməkdir. Cənab leytenat, Vətənimizin bütövlüyü uğurunda şəhidlik zirvəsinə ucalmaqla bütün Azərbaycan xalqı üçün ölməz oldun, əbədi oldun. Bu ölməzliyinin, əbədiliyinin fonunda ərazi bütövlüyümüz bərpa edildi.

Ruhun şad olsun!

(Report.az)

Facebook