11 Oktyabr 2024

Qarabağda Birgə Monitorinq Mərkəzinin fəaliyyəti yubanır – siyasi yox, texniki səbəbdən…

Fazil Mustafa: “Ermənistanın bəzi istəklərinə uyğun olaraq Rusiyanın Türkiyəni kənarda saxlamağa çalışması iddia edilə bilər, amma…”

Qarabağda Türkiyə-Rusiya hərbçilərindən ibarət Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının hələ də reallaşmaması cəmiyyətdə müxtəlif fikirlərin, sualların yaranmasına səbəb olub. Xüsusən də 11 yanvar üçtərəfli Moskva bəyannaməsindən sonra belə şərhlər ortaya çıxmağa başlayıb ki, Rusiya Türkiyəni davamlı şəkildə oyundankənar vəziyyətdə saxlamağa çalışır və buna hələ ki, nail ola bilir.

Əslində belədirmi? Monitorinq Mərkəzi nə zaman işə başlayacaq?

Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın müəyyən istəklərinə uyğun olaraq Rusiyanın Türkiyəni kənarda saxlamağa çalışması proqnozlaşdırıla, iddia edilə bilər, amma bu, imzalanan bəyanatın ruhuna zidd olardı: “Rusiyanın özü üçün maraqlı deyil ki, bu prosesdə Türkiyə ilə münasibətlərini müəyyən dərəcədə soyutsun. O baxımdan da güman eləmirəm ki, qeyd olunan məsələni hansısa məqsədyönlü bir siyasət olaraq izləyirlər. Sadəcə, indiki mərhələdə proseslər daha Azərbaycan, Ermənistan və Rusiya arasında cərəyan edir. Ermənistanı müəyyən proseslərə gətirib çıxarmaq üçün addımların atılması ancaq Rusiyadan asılıdır. Yəni Naxçıvan yolunun açılmasından tutmuş, məskunlaşmaya və başqa məsələlərə qədər. Amma Türkiyə də qərarını qəbul edib, Rusiyanın nə istəməyindın asılı olmayaraq onsuz da Türkiyə özü meydandadır. Azərbaycan da Türkiyəsiz hər hansı bir şəkildə prosesləri idarə eləmə düşüncəsində deyil. Bu baxımdan Monitorinq Mərkəzinin fəaliyyətə başlaması məsələsində ləngimə sırf texniki məsələlərlə bağlıdır. Yer tam hazır olandan sonra türk hərbi birləşmələri mütləq ərazidə yerləşdiriləcəklər və sülhməramlı missiyasını da həyata keçirəcəklər. Türkiyə əslində təkcə Monitorinq Mərkəzi kimi deyil, həm də sülhməramlı kimi bu prosesin içində var. Sadəcə, indi daha çox sülhməramlı funksiyası Ermənistanla bağlı olduğuna görə Rusiya fəaliyyətini ilkin olaraq qabarıq ortaya qoyur. Amma sonrakı mərhələdə bölgədə atəşkəsə nəzarət olunmasında Türkiyə iştirak edəcək. Hətta bu günlərdə Türkiyə açıqlama verdi ki, əgər hər hansı atəşkəs pozulması istiqamətində addımlar olsa, kəskin tədbirlər görüləcək. Yəni Türkiyə prosesdə bərabərhüquqlu bir vəziyyətdə iştirak edir. Ən əsası, Azərbaycan imkan verməz ki, Türkiyənin rolu arxa planda saxlansın”.

Fazil Mustafa: “Azərbaycanda təhsilsiz qadın qalmamalıdır”

Fazil Mustafa 

Deputat onu da vurğuladı ki, ortada reallıqlar var: “Yəni bölgədə Türkiyəsiz prosesin irəlilədilməsi Rusiyanın özü üçün də müəyyən problemlər yarada bilər. Rusiya təkbaşına bu yükü daşımaq iqtidarında olmaya bilər. Bu yükü bir yerdə daşımaq lazımdır. Əgər Rusiya imtina edərsə, bu, bölgəyə sabitliyin, sülhün gəlməsinə imkan yarada bilməz. Ona görə də işlər Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Sülhü bərpa eləmək istəytiriksə, burada qapalı, gizli işlər görməyə gərək yoxdur. İşlər açıq, şəffaf şəkildə gerçəklşəməlidir. Əgər buna hər hansı bir şəkildə maneçiliklər olacaqsa, bu, böyük problemlər yarada bilər. Azərbaycan Prezidenti İlham Əliyev Moskva görüşündə Azərbaycanın maraqlarını ciddi şəkildə dilə gətirib. Rusiya bu maraqları indiki vəziyyətdə hər hansı şəkildə diqqətə almasa, eyni zamanda bölgədə Türkiyənin maraqlarını diqqətə almasa, bu qalıcı barışı saxlamaq çətin olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”