25 Aprel 2024

Portuqaliyalı qapıçı: “Ronaldunu daim nəzarətdə saxlamalısınız”

“Portuqaliya əla oyunçulardan təşkil olunmuş çox güclü komandadır. Bizim yığmada dünyanın ən yaxşı futbolçusu çıxış edir”.

Bu fikirləri “Report”a açıqlamasında “Qəbələ”nin sabiq oyunçusu Dieqo Kosta Silva DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Portuqaliyalı veteran qapıçı Azərbaycan millisinin də şanslarının olduğunu bildirib: “Təbii ki, Portuqaliya əsas favoritdir və final mərhələsinə vəsiqə qazanacaq. Azərbaycan isə 2-ci yer uğrunda mübarizə apara, sürpriz edə bilər. Düşünürəm ki, bu komanda son illərdə inkişaf edib və seçmə mərhələdə uğurla çıxış etmək istəyir. Portuqaliya ilə yanaşı, Azərbaycana da azarkeşlik edəcəyəm”.

41 yaşlı keçmiş qolkiper “Azərbaycanlı futbolçular Kriştianu Ronaldonu dayandırmaq üçün nə etməlidirlər” sualına isə bu cür cavab verib: “Ronaldu ən yaxşı günündədirsə, onu saxlamaq, sadəcə, mümkün deyil. Milliniz çox əziyyət çəkəcək. Azərbaycanlı oyunçular Kriştianuya qarşı oynayarkən bir-birinə dəstək verməli, onu daim nəzarətdə saxlamalıdırlar. Amma dediyim kimi, Ronaldunu dayandırmaq, demək olar ki, mümkünsüzdür”.

Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Qətər yığmaları ilə A qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Dieqo Kosta Silva 2012 – 2014-cü illərdə “Qəbələ”nin formasını geyinib.