27 İyul 2024

Myanmada bu gün öldürülənlərin sayı 100 nəfərə çatıb

Myanmada martın 27-də hərbi rejim əleyhinə keçirilən etiraz yürüşünün dağıdılması zamanı polis və ordunun atəş açması nəticəsində öldürülən aksiyaçıların sayı 100 nəfərə çatıb.

Media1.az AYNA-ya istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.Bildirildiyinə görə, Myanmanın Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində keçirilən etiraz aksiyalara hərbçilər atəş açıb.

Bununla da fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı artaraq 388 nəfərə çatıb.

Myanmanın Siyasi Məhbuslarına Yardım Assosiasiyasının məlumatına görə, həlak olanların əksəriyyəti 18-24 yaş qrupları arasında olan insanlardır.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.