23 Aprel 2024

Mövsümi meyvələri ancaq varlılar yeyə bilir… – bazarlardan reportaj

“Ötən ildən bu yana ölkədə xeyli bahalaşma baş verib və fermerlər də bu bahalaşmaya əsasən qiymətləri tənzimləyir”

Bazarlarda, supermarketlərdə mövsümi meyvələr “od qiymətinə”dir. Rayonlarda kəndlilər deyir ki, onlardan gilası, alçanı, çiyələyi bazarlarda satılandan azı 3 qat ucuz alırlar. Niyə ilbəil meyvələr bahalaşır? Hazırkı qiymətlərlə meyvəni ancaq varlılar ala bilir…

Məsələni daha yaxından araşdırmaq üçün bazar və mağazalarda mövsümü meyvələrin son qiymətləri ilə maraqlandıq. Paytaxt Bakının ən ucuz bazarlarından biri hesab olunan “8-ci kilometr” bazarında apardığımız müşahidələrdən məlum oldu ki, ötən illə müqayisədə mövsüm meyvələrinin qiymətlərində artım var.

Məsələn, adıçəkilən bazarda hazırda gilasın qiyməti 5-7 m, gilənar 2-4  manat arasında dəyişir, çiyələk 3,5-4 manat, alça 1,5-6 manat, ağ tut 6, qara tut 7 manat, ərik 4-8 manatdır. Satıcılarla söhbətləşəndə bildirdilər ki, ötən illərlə müqayisədə bazarda həm meyvə qıtlığı var, həm də yerlərdə meyvələr baha qiymətə verildiyindən, satışda da hələlik qiymətlər nisbətən bahadır.

“Əvvəllər nəinki həftə sonları, həftəiçi də müştərilərimiz bol olurdu. Amma indi sanki camaatda pul yoxdur, müştəri çox azdır. Bəzən məhsullar piştaxtada qalıb, xarab olur, nəticədə məcbur qalıb, daha aşağı qiymətə satmalı oluruq”, – deyə satıcılardan biri gileylənir.

Alıcılara gəldikdə, bəzi alıcılar bildirdilər ki, “hələlik meyvələrin əksəriyyəti dərmanlı olduğu üçün” yalnız 1 kq almağa çalışırlar.

“Evdə uşaq istədiyi üçün 1 kq çiyələk, 1 kq ərik almışam. Amma bilirəm ki, hamısı dərmanlı və hazırda mövsümü olmadığı üçün o qədər də dadı yoxdur, üstəlik, təhlükəli də ola bilir.  Məsələn, 4 manat verib, 1 kq çiyələk alırıq, artıq axşama xarab olur, məlum məsələdir ki, dərmanla yetişdiyi üçün.

Həm də qiymətlər “əl yandırır”. Bir aydır ki, bazarda çiyələyin qiyməti 4 manatdan aşağı düşmür. Gözləyirik ki, bəlkə gələn aydan başlayaraq həm bol, dadlı meyvələr olar, həm də qiymətlər aşağı enər”, – deyə orta yaşlı alıcı bildirir.

Mağaza və supermarketlərdə isə meyvələrin qiymətləri daha baha qiymətə satılır. Bir neçə supermarket və mağazalarda apardığımız müşahidələr bu cürdür:

– 1kq çiyələk 6-9 manat, ərik 6-8 manat, alça 2-7 manat, 1 kq ağ-qara tut 6-8 manat, gilas 8-9 manat, gilənar 5-7 manat.

Bəs əgər ölkədə aqrar sektor inkişaf edirsə, qiymətlər niyə bahadır? Mövsüm meyvələrinin qiymətinin ucuzlaşması gözlənilirmi?

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli

“Ümumiyyətlə, hazırda ölkədə meyvələrin qiyməti daha çox ötən illə müqayisə olunur. Lakin unutmaq olmaz ki, ötən il bahalaşma baş verib. Belə ki, bəzi qida, ərzaq məhsulları və digər sahələrdə 40 faiz bahalaşma müşahidə olunub. Bu gün də inflyasiya 19 faizin üzərindədir. Əlbəttə ki, bunların hamısı qiymətlərə öz təsirini göstərir. Çünki müəyyən xidmətlər,  gübrə, nəqliyyat və sairənin qiyməti artdığından fermerlər gəlirlərini nəzərə alaraq, öz məhsullarını baha satmağa çalışır. Bu, obyektiv amillərdir.

Meyvələrin qiymətinin baha olmasının subyektiv amili isə ondan ibarətdir ki, bir müddət ölkədə hava yağıntılı keçdi və bu məhsulların, xüsusən də gilas, çiyələk meyvəsinin yetişən vaxtına düşdü. Nəticədə bu fakt meyvələrin məhsuldarlığına, qiymətinə təsir etdi. 

İkinci subyektiv amillərdən biri də budur ki, ölkədə, xüsusən də paytaxt Bakıda topdansatış  bazarlarının çox məhdud sayda olmasıdır. Məlum olduğu kimi, Bakıda cəmi bir topdansatış bazarı var və fermerlərin ora girişində müəyyən problemlər yaşanır. Həm də ora fermerlərə sərf etmir, çünki qiymətlər bahadır. Digər tərəfdən, bir fermer öz məhsulunu şəhərə gətirəndə müəyyən xərclər çəkir. Məsələn, məhsulun gətirilməsi, şəhərdə qalması və sairə. Xərc çox çıxdığından  fermerlər daha çox yerlərdə məhsullarını satmağa çalışır.

Ümumiyyətlə, meyvə ticarəti daha çox itkiyə  məruz qalan ticarətdir. Çünki meyvələrin rayonlardan Bakıya gələnə qədər xarab olmaq  məsələsi var. Onları da nəzərə alıb, qiymətləri daha da artırırlar.  Həmçinin qeyd etdiyim kimi, bazarların məhdud olması böyük problemlər, rəqabətsizlik yaradır və xərcləri çoxaldır. Bu mənada  hazırda meyvələrin qiymətinin baha olmasını müşahidə edirik”.

Ekspert müəyyən müddətdən sonra meyvələrin qiymətində sabitləşmə, enmə olacağını dedi: “Məhsuldarlığın bol olduğu mövsüm var, bu, iyul-avqust aylarıdır. Həm də məhsuldarlıq bol olduqca,  qiymətlər aşağı düşəcək. Məsələn, hazırda gilas və çiyələyin mövsümü yenicə başlayıb. Məhsuldarlıq artanda onların qiymətlərinin bu günə nisbətən aşağı enməsini görəcəyik. 

Bir daha qeyd edirəm ki, qiymətləri ötən illə müqayisə etmək lazım deyil. Çünki ötən ildən bu yana ölkədə xeyli bahalaşma baş verib və fermerlər də bu bahalaşmaya əsasən qiymətləri tənzimləyir”.

Xalidə GƏRAY,
Fotolar müəllifindir
“Yeni Müsavat”

PreviousNext