27 İyul 2024

Məktəblər fevralın 1-dən açılır

Tələbələr üçün xoş xəbər, bağça və repetitor fəaliyyəti isə…

Yanvarın 22-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib. Brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev ilk öncə qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirmək mümkün olmayıb:

“2020-ci il təhsil baxımından dünya ölkələri, o cümlədən Azərbaycan üçün də kifayət qədər çətin il oldu. Ermənistanın cəbhə bölgəsində, eyni zamanda cəbhə bölgəsində olmayan ərazilərə hücum etməsi nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik. Məlum olduğu kimi 2020-ci ilin mart ayından tədrisin fəaliyyəti dayandırılmışdı. Sentyabrın 15-dən təhsili qismən bərpa etdik, lakin Vətən müharibəsinin başlaması və pandemiyanın sürətlə artması nəticəsində yenidən təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı.

Daha sonra dekabrın 14-dən başlayaraq ölkədə ciddi karantin tətbiq edilmişdi. Təhsil müəssələrinin fəaliyyəti ilə bağlı qərarı təkbaşına olaraq Təhsil Nazirliyi verə bilməz. Bu barədə Azərbaycan hökuməti müəyyən məsləhətləşmələr, araşdırmalar əsasında qərar verir”.

Daha sonra nazir 1 fevral tarixindən ümumi təhsil müəssisələrində mərhələlərlə əyani tədrisə başlanılacağını diqqətə çatdırıb: “Fevralın 1-dən tədris mərhələli şəkildə bərpa olunur. Belə ki, həmin tarixdən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadası, eləcə də bütün ölkə ərazisində ibtidai siniflər, məktəbəqədər hazırlıq qrupları və icma əsaslı məktəbəqədər qrupların əyani təhsili qismən başlayır. Böyük şəhərlərdə həftədə 3 dəfə olmaqla, digər bölgələrdə sıxlıq imkan verdikcə həftədə 4 və ya 5 dəfə olmaqla tədrisin bərpa olunması ilə bağlı qərar verilib.

Həftədə 3 dəfə dərslərin açılması zərurətdən irəli gəlir. ÜST-in sosial məsafə ilə bağlı tövsiyələrinə uyğun olaraq bir partada 2 şagird otura bilmir. İstər siniflərin və məktəblərin ölçüsü, istər müəllimlərin sayı və maddi texniki baza baxımından siniflər bölünürsə, həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Belə olanda məktəbi 4 növbəli edə bilmirik. V-IX siniflər gələndə daha çox sıxlıq olacaq”.

Nazir həmçinin qeyd edib ki, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü siniflərin, ali təhsil müəssisələrində də qismən təshilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur: “Metronun açılması ilə bağlı qərar verilərsə, 5-9-cu siniflərin təhsilinin bərpa edilməsinə şərait yarada bilər”.

Nazir həmçinin qeyd edib ki, bölgələrdə ənənəvi tədrisin bərpası ilə bağlı sürətlə açılmalara gedilə bilər: “Lakin açılışlar düzgün və vaxtında edilmirsə, qısa müddətdə qapanmalara qayıdıla bilər. Məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır. Pandemiya şəraitində ən vacib göstərici sıxlığın idarə olunmasıdır. Azərbaycanda şagird sayı 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir. Hibrid model yaradıcı təfəkkürün məhsulu deyil”.

Elektron dərsliklərə müraciət 2 dəfə artıb…

Nazirin sözlərinə görə, ölkədə elektron dərsliklərdən istifadə sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb: “4 milyondan artıq şagird elektron dəsrliklərə müraciət edib və oxunan səhifələrin sayı 30 milyondan çox olub.  Ən böyük problem və mənfi təsirlər daha aşağı imkanları olan təbəqələrə dəyir. Bu dünyanın hər yerində belədir. Ucqar kəndlərdə, yerlərdə yaşayan tələbələr və şagirdlərimiz daha az dəstək almış olurlar. Müsbət və mənfi tərəflər, təhsilin keyfiyyətinin hansı istiqamətdə getdiyini demək tezdir. Bilik və bacarıqlarla bağlı fevral ayında dərslər bərpa ediləndə qiymətləndirmələr keçirləndə daha yaxşı məlumatlar əldə edəcəyik. Bununla yaranmış boşluqları necə doldura bilərik fəaliyyəti planı ilə ictimaiyyət qarşısına çıxacayıq”.

Nazir daha sonra qeyd edib ki, yanvarda 6 milyon 200 min onlayn dərs keçirilib: “Azərbaycan təhsilinin iki hekayəsi var. 1 milyon 4 mindən çox təhsil alanın özünəməxsus kabineti var. 128 min təhsilverən isə bu qeydiyyatdan keçib. Yanvarda 6 milyon 200 min onlayn dərs keçirilib. Bu dərslərin keçirilməsində müəllimlərin böyük əməyi var. Onlayn təhsil şəbəkəsi bizə imkan verir ki, hansı çətinlikləri yaşadığımızı görək. Bu bizim problemli hekayəmizdir. Sentyabr-yanvar ayında 3 min teledərs təqdim edilib. Distant təhsil bu gün bizim seçimizimiz yox, verilmiş vəziyyətdə ən yaxşı həll yoludur”.

Təhsil haqqını ödəyə bilməyən tələbələrin DİQQƏTİNƏ!

Təhsil haqqını ödəyə bilməyən tələbələr üçün xoş xəbər

Nazir tələbələrin təhsil haqları ilə bağlı məsələyə də toxunub: “Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur.

Prezidentin müvafiq sərəncamı  ilə 11 500 tələbəyə sosial yardım göstərilib. Bu gün ali təhsil alan tələbələrin 100-dən 56-sı dövlət hesabına oxuyur. Son illərdə dövlət sifarişli yerlərlə bağlı da müsbət dinamkianı müşahidə edirik. Hazırda I kursda oxuyan tələbələrin 60 faizdən artıq tələbənin təhsil haqqını dövlət ödəyir. Yerdə qalan hər bir tələbənin də belə bir probleminin olmasını güman etmək olmaz. Əksər tələbələrin nəzəri olaraq təhsil haqqını ödəmə problemi olmamalıdır.

Bəzi hallarda təhsil haqlarının ləğvi və ya tam dövlət tərəfindən ödənməsi barədə fikirlər səslənir. Dövlət iki halda – bir bacarıqlara görə, daha yüksək bal toplayan, bir də sosial ehtiyac meyarına görə təhsil haqqını ödəyir. Bu gün universitetlər daha yaxşı olmağa çalışır ki, daha çox dövlət sifarişli tələbə gəlsin. Təhsil haqlarının məbləğinə gəlincə,  ilə bu, Azərbaycanda vergi güzəştlərinə görə aşağıdır. Universitetlərdə orta hesabla təhsil haqqı 2500 manatdır, bəzilərində hətta 2000-dən aşağıdır.

Lakin bununla belə müəyyən sayda tələbənin ödəmə problemi var. Buna ali təhsil müəssisələri ilə müəyyən uzalaşmalarla, fərdi qaydada baxmaqla həll etmək vacibdir. Beləliklə, tələbələrin təhsil haqlarını ödəyə bilməsi üçün kreditlər verilməsi haqda düşünürük. Bu iki istiqamətdə olacaq. Onlardan biri sosial kreditlərdir ki, həmin kreditlər isə faizsiz olacaq. Dövlət büdcəsində bununla bağlı 80 milyon manat nəzərdə tutulur”.

Emin Əmrullayev kimdir? – DOSYE – Yenicag.Az

Müəllimlər arasında kütləvi yoluxma olub…

Nazir müəllim və şagirdlər arasında koronavirusa yoluxma hallarından da söz açıb. O qeyd edib ki, müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya olunmasını nəzərdə tutulur: “Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunmasını nəzərdə tutulur. Nazir onu da qeyd edib ki, şagirdlər arasında koronavirusa kütləvi yoluxma halı qeydə alınmayıb. Özəl təhsil müəssisələri də Təhsil Nazirliyinin qəbul etdiyi qərarlara əmək etməlidir. Məktəblər açılandan sonra hər gün yoluxan şagird və müəllimlərin sayı ictimaiyyətə açıqlanacaq. Yoluxmaların əksəriyyəti evlərdə olur. Birinci mərhələdə şagirdlər arasında kütləvi yoluxma olmayıb, müəllimlər arasında 2 dəfə olmuşdu. Ona görə də ölkə üzrə yoluxma statistikasına uyğun olaraq, 5-9-cu siniflər üçün dərslərin bərpa olunmasına qərar veriləcək”.

Bəs repetitorların və bağçaların fəaliyyətinə də icazə veriləcəkmi?

Təhsil naziri repetitor fəaliyyəti ilə məşğul olan müəssisələrin fevralın 1-dən müvafiq say gözlənilməklə bərpasının nəzərdə tutulduğunu deyib: “Bu kursların 10 nəfərdən çox olmamaqla açılması nəzərdə tutulur”.

Bağçalar haqqında isə bu cür açıqlama verib: “Fevral ayının 15-nə qədər uşaq bağçalarının açılmasına ümidliyik. Lakin indidən bu haqda danışmaq hələ tezdir”.

“Məktəb rəhbərliyi araşdırmalıdır ki, şagird niyə dərsə qoşulmur”

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu isə çıxış edərək bildirib ki,  fiziki tərbiyə dərslərində təmasların çoxluğu nəzərə alınaraq, müvəqqəti olaraq bu dərslər əyani tədrisdə dayandırılacaq. Qurum rəsmisi həmçinin qeyd edib ki, şagirdlərin çoxunun “Virtual məktəb”də gündəlik dərslərə qoşulmaması məsələsi məktəb səviyyəsində həll olunur:

“Məktəb direktoru, direktor müavini, sinif rəhbəri bu uşaqlarla iş aparmalı, məsələni aydınlaşdırmalıdılar ki, həmin şagirdlər nə üçün dərsə qoşulmurlar. Şagirdlərə biliyinə görə qiymət verilir, davranışına görə yox. Davranış dəyər məsələsidir, məktəbin apardığı siyasətdən, formalaşdırma qabiliyyətindən asılıdır. Sinifdən-sinfə keçmək üçün yeganə meyar isə şagirdin qiymətidir”.

Vəfa Yaqublu: Tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması  gözlənilmir

Vəfa Yaqublu 

Qəbul imtahanında bəzi mövzuların ixtisarı olacaq

Vəfa Yaqublu həmçinin builki qəbul imtahanlarına düşəcək mövzulardan da söz açıb. O qeyd edib ki, qəbul imtahanında bəzi mövzuların ixtisarı olacaq:

“Nazirlik tərəfindən imtahanlarda iştirak edəcək şəxslər üçün xüsusilə çətin mövzular ixtisara salınıb. Bu siyahı artıq Dövlət İmtahan Mərkəzinə göndərilib. DİM bunu nəzərə alaraq həmin mövzular üzrə suallar salmayacaq”.

V.Yaqublu qeyd edib ki, abituriyentlərin imtahanlarda neçə bal toplaması məsələsini zaman göstərəcək.

Xalidə GƏRAY,
“Yeni Müsavat”