23 Aprel 2024

Koreya şirkətləri Kəlbəcərdə enerji istehsal etmək istəyirlər

Azad olunan ərazilərimizin yaşıl enerji potensialı nə qədərdir?

Azərbaycan işğaldan azad olunan ərazilərin enerji təchizatını tamamən alternativ enerji mənbələri hesabına həyata keçirmək niyyətindədir. Bunu Prezident İlham Əliyev dəfələrlə öz çıxışında vurğulayıb. Azad olunan ərazilərin alternativ enerji potensialı nəinki öz-özünü təmin etməyə yetəcək qədərdir, hətta burada böyük ixrac imkanları da mövcuddur.

Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17  faizini təşkil edir. Eyni zamanda ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir.

Bu potensialı böyük xarici şirkətlər yüksək qiymətləndirərək, müxtəlif layihələrin icrasına sərmayə yatırmağa başlayıblar. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Böyük Britaniyanın böyük şirkətləri ilə külək və günəş enerjisinin istehsalı stansiyalarının qurulmasına dair müqavilə və memorandumlar imzalanıb. Eyni zamanda əldə olunacaq enerjinin ixracına dair Avropa ölkələri ilə razılaşmalar əldə olunub. Dekabrda Qara dənizdə suyun dibi iləAzərbaycandan elektrik enerjisini Avropaya çatdıracaq kabelin çəkilməsinə dair layihənin icrasına dair müqavilələr imzalanıb. Bu kabel ildə 4 min meqavatt enerjinin ixracına imkan verəcək.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər də bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt-a dək gücdə KES-in tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə olaraq ölkə Prezidentinin tapşırığına əsasən işğaldan azad edilmiş əraziləridə “Yaşıl enerji” zonası yaradılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində “Yaşıl Enerji Zonası” Konsepsiya layihəsi hazırlanıb və artıq hökumətə təqdim edilib.

Koreya şirkəti Kəlbəcər və Laçında Külək Elektrik Stansiyasının  tikintisində - İştirak Etmək İstəyir - FED.az

Energetika Nzirliyindən verilən məlumata görə, Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub: “Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə ”xalis sıfır emissiya” zonası yaradılması niyyəti bəyan edilib. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verəcəkdir. İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur”.

Kəlbəcərdə hərbçimiz vəfat etdi BUTA.WS

Nazirlik onu da bildirir ki, işğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir: “Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilmişdir. Bunlar ”Güləbird” SES – 8 MVt; “Suqovuşan-1″ KSES – 4,8 MVt; ”Suqovuşan-2″ KSES – 3,0 MVt; “Kəlbəcər-1″ KSES – 4,4 MVt. Stansiyalarıdır.

Eyni zamanda Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40 MVt “Qız Qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.

Həmçinin Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək. Bundan başqa, 3 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanıb”.

Azərbaycan hökuməti hesab edir ki, Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsi ilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac edilməsi də nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan Muxtar Respublikasına çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, artıq bp-dən əlavə, bir sıra xarici şirkətlər də işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrindən enerji istehsalına maraq göstərməyə başlayıblar. Məsələn, Koreya Respublikasının şirkətləri artıq bu işə maraq göstərirlər. Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq APA-ya müsahibəsində deyib ki, Ermənistanla müharibənin bitməsindən yalnız iki il keçməsinə baxmayaraq, irimiqyaslı yenidənqurma layihələri ilə Füzuli və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının açılması, Füzuli-Şuşa yolunun tikintisi, “ağıllı kəndlər”in salınması kimi Azərbaycanın qısa müddət ərzində əldə etdiyi nailiyyətlər heyrətamizdir: “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması layihələri vasitəsilə Azərbaycan hökumətinin və xalqının məcburi köçkünləri tez bir zamanda geri qaytarmağa çalışmaq əzmini hiss etdim”.

Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərin yenidən qurulması layihəsini milli prioritet seçərək yenidənqurma layihələrini sürətlə həyata keçirdiyindən yaxşı xəbərdar olduqlarını da vurğulayıb. Li İn-Yonq qeyd edib ki, bir çox Koreya şirkətləri də Azərbaycanda yenidənqurma layihəsində iştirak etməkdə maraqlıdır. Koreyanın “Securo” şirkəti Kəlbəcər və Laçın rayonlarında 100 MVt gücündə Külək Elektrik Stansiyasının tikintisində iştirak etmək yollarını araşdırır: “Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi Zəngilan ərazisində ”ağıllı şəhər”in baş planının və texniki-iqtisadi əsaslandırmanın yaradılmasında iştirak etməkdə maraqlıdır. Koreya şirkətləri bərpa olunan enerji və “ağıllı şəhər” sahələrində mükəmməl texnologiyaya və rəqabət qabiliyyətinə malik olduğundan ümid edirəm ki, Azərbaycanın azad edilmiş regionlarında həyata keçirilən yenidənqurma layihələrində iştirak etmək üçün çoxlu imkanlar olacaq”.

Xarici şirkətlərin azad olunan ərazilərdə enerji layihələrinə cəlb olunması yalnız bu ərazilərin deyil, ətraf bölgələrin də yaşıl enerji ilə təminatına imkan verəcək. Zəngəzur dəhlizinin işə salınması əldə olunan enerjinin ixracı üçün əlverişli imkan yaradacaq. Bu dəhlizdən əlavə, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana yeni nəqliyyat dəhlizinin yaradılması layihəsinin icrasına başlayıb. Bu dəhliz boyunca yüksək gərginlik enerji verilişi xətlərinin çəkilməsi də nəzərdə tutulur ki, bu da daha bir ixrac imkanının yaranması deməkdir…

Dünya SAKİT