18 Aprel 2024

İctimai təşkilatlar terror hücumunu sərt şəkildə qınadı

İctimai təşkilatlar Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu ilə bağlı birgə Bəyanat yayıb.

Media1.az  həmin bəyanatı təqdim edir:

“Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpusları ölkəmizin ərazisi sayılır. Səfirliyə, səfirlik əməkdaşlarına hücum Azərbaycana, onun suvereneliyinə qəsddir.

Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən xain hücum da terror aktıdır, ölkəmizin inkişafını, müstəqil siyasətini, qüdrətini gözü götürməyənlərin məkrli planıdır. İrandakı səfirliyimizə qarşı edilən bu terror hücumunu şiddətlə qınayırıq. Terror hücumu nəticəsində şəhid olmuş mühafizəçimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğluna Allahdan rəhmət diləyirik.

Rəsmi Tehran Diplomatik Əlaqələr Haqqında Vyana Konvensiyasının tələblərinə uyğun olaraq Səfirliyin mühafizəsini etibarlı şəkildə təşkil etməli, əməkdaşlarını qorumalıydı. İranın bu öhdəliyini yerinə yetirməməsi bizdə hiddət doğurmuşdur.

Hadisədən sonra İranın rəsmi qurumlarının təmsilçilərinin ziddiyyətli açıqlamaları bizdə olan şübhələrin, hadisənin rəsmi Tehrana bağlı xüsusi xidmət orqanları tərəfindən törədilməsi fikrini gücləndirmişdir.

Biz İranın aidiyyatı qurumlarından sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək sərt şəkildə cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə, onun təmsilçilərinə qarşı hücum qəbuledilməzdir. Günahkarların layiqli cəza almasında, baş verənlərin obyektiv şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında, bu cür hadisələrlə ölkəmizdə qarışıqlı yaratmaq istəyənlərin qarşısının alınmasında Azərbaycan Respublikasının, onun aidiyyatı strukturlarının, xalqımızın yanında olduğumuzu bəyan edirik.

Bu vandal aktı törədənlər bilməlidir ki, belə alçaq üsullarla, insanlığa sığmayan hərəkətlərlə Azərbaycana təsir göstərib onu doğru yoldan çəkindirə bilməyəcəklər. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yeni reallıqlar yaradaraq regional və beynəlxalq nüfuzunu artırmaqdadır. Bundan narahat olaraq bu cür çirkin əməllər törədənlər bəd niyyətlərinə çata bilməyəcəklər. Doğma Azərbaycan Respublikası inkişaf edir və edəcək.

Arzuman Abdulkərimov, Hilal Təşkilatının sədri

Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri

Anar Turan, Milli Fikir və İnkişaf Birliyinin sədri

Ceyhun Bayramlı, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri

Elman Cəfərli, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə Təşkilatının sədri”

Musa Muradlı, “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri