15 İyun 2024

Horadizdən Ermənistanla sərhədə qədər yol çəkilməsinə hazırlıq gedir

Horadiz – Mincivan – Ermənistanla dövlət sərhədi avtomobil yolunun çəkilməsi istiqamətində işlərə başlanılıb.

Bu barədə “Report” a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin yolla bağlı layihələndirmə aparılır.

“Əvvəllər bu yolla Ermənistan ərazisinə keçmək və oradan Naxçıvana getmək mümkün idi. Lakin qonşu ölkənin təcavüzkar siyasəti nəticəsində Naxçıvanla quru yolumuz bağlandı. Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistana qədər olan yolun yenidən tikilməsinə ehtiyac var. Yəqin ki, üçtərəfli bəyanatda yer almış, Naxçıvana dəhlizin açılması ilə bağlı bəndə uyğun olaraq gələcəkdə həmin yol Naxçıvan istiqamətində uzadıla bilər”, – deyə o, qeyd edib.

A.Nəcəfli onu da qeyd edib ki, Horadiz – Mincivan – Ermənistanla dövlət sərhədi ayrılan Qubadlı-Laçın yolu da layihələndirilir.