23 İyul 2024

Hər bir ölkənin gəncləri onun bu günüdür, sabahıdır, ümididir

Gəncləri gələcəyimiz kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və neçə öyrətməyimizdən asılıdır. Azərbaycan gəncləri müasir dünyagörüşünə, təhsilə, savada malik gənclərdir.

Gənclərimizin Vətənə sadaqət ruhunda tərbiyə olunması Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biridir. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı fəaliyyətinin əsası olub. Hələ hakimiyyətinin birinci mərhələsində Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil alması prioritet məsələ kimi önda dayandı. Hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına həbi liseyin yaradılması da bu tərkibdəndir. Ümumilikdə hər bir ölkənin gələcək inkişafında təhsilin rolu böyükdür.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi də davam və inkişaf etdirilməyə başlandı. Statistik rəqəmlərə nəzər salaq.  Atılan uğurlu addımları nəticəsi olaraq artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara Prezident təqaüdünün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Gənclərimizə diqqət və qayğının mühüm tərkib hissələrindən biri Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsidir.  1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.»  Ulu öndər Heydər Əliyevin 1996-cı il 22 iyun tarixində imzaladığı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Göründüyü kimi, gənclərin inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Son 20 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə biri-biringən mühüm Fərman və sərəncamlar imzaladı, Dövlət proqramları təsdiqlədi.  Təkcə bu faktı qeyd etmək kifayətdir ki, “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olundu. Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq oldu. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilmiş və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib.  Prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq etdi. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Gələcəyimiz olan gənclərin təhsilinin inkişafı bütün dövrlər üçün öz aktuallığını qoruyur və biri-bindən əhəmiyyətli addımlara stimul verir.

Ümummilli Lider Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Gənclərimiz hansı potensiala malik olduqlarını 44 günlük İkinci Qarabağ müharibəsində bir daha nümayiş etdirdilər. Bu gün böyük qürur hissi ilə gənclərimizin Vətənə, torpağa bağlılığından, sevgisindən bəhs edirik. Tarixi Zəfərimizin qəhrəmanlarının həyat yolu vətənpərvərlik məktəbi kimi öyrənilir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri