04 Oktyabr 2024

Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil

Azərbaycanın xarici siyasətində ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Dövlətimizin xarici siyasətinin prinsipləri dəyişməzdir: böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurulur. Azərbaycanın xarici siyasətinin mühüm prinsiplərindən biri də budur ki. heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdxiləni də yolverilməz hesab edir.

Bunlara qısa baxışımız səbəbsiz deyil. Azərbaycan münasibətlərdə əsas faktor olan etimad mühitinin qorunmasına xüsusi diqqət göstərdiyi halda bu gün atdığı addımları ilə özlərinə qarşı bir inamsızlıq yaradan dövlətlər, beynəlxalq təşkilatlar az deyil.

Bu günümüzün əsas müzakirə mövzularından biri Avropa Şurasının qərəzdən, ölkəmizin uğurlarına siyasi qısqanclıq hissindən irəli gələn qərarıdır. Avropa Şurası Azərbaycan nümayəndə heyətinin səs hüququnu məhdudlaşdırmaqla nə qazandı? İnkaredilməzdir ki, bu addım Avropa Şurasının bu və ya digər güclərin əlində oyuncağa çevrildiyini təsdiqlədi. Təbii ki, burada Fransa və Almaniya xüsusi qeyd edilməlidir. Fransanın tarixi Zəfərimizdən bu günədək ölkəmizə qarşı apardığı əks təbliğat kampaniyası davamlılığı ilə diqqətdədir. Baş verən hadisələrin təhlili göstərir ki, Avropanın qarayaxma kampaniyası koordinasiya şəkilində həyata keçirilir. Qeyd edək ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. C.Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirdi. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq” deyən Aİ rəsmisi, hətta, Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə etdi. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərmişdir.

Avropa Şurasının məlum qərarı qarayaxma kampaniyasının davamıdır.  Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Qurum ikiüzlü siyasəti ilə diqqətdədir. Bu gün Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması beynəlxalq səviyyədə birmənalı qarşılanmır. Bu fikirlər xüsusi qeyd edilir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı atdığı addım Fransa Milli Assambleyasının, Prezident Makronun rəsmi Bakıya qarşı yürütdüyü siyasətin davamıdır. Avropanın bəzi ölkələri də milli maraqlarına və Azərbaycanla münasibətlərinə zidd olaraq bu işdə Fransaya dəstək verirlər. AŞPA-nın bu qərarının məhz ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə təsadüf etməsi önə çəkilərək belə bir əminlik ifadə olunur ki, Azərbaycan kimi güclü, ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa və ədalətə söykənərək tam təmin etmiş ölkə bundan sonra daha da möhkəmlənəcək və bütün maneələrə baxmayaraq müəyyənləşdirdiyi yolla uğurla inkişaf edəcək. Azərbaycan nümayəndə heyətinin bu qərara etiraz olaraq verdiyi bəyanat da özündə bütün məqamları açıqlayır. Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Bəyanatda bildirilir ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qurumda dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti mövcuddur.

Əsl səbəb və obyektiv həqiqət məlumdur.  AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda ölkəmizdə keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Hazırda Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi böyük nüfuz qazanıb. Ölkəmiz tarixi Zəfərimizdən dərhal sonra Ermənistana regionda davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün sülh təklifini etsə də qarşı tərəf hələ də konkret addımın atılmasından yayınır. Azərbaycan bu təklifi irəli sürdüyü vaxtda onun uzun müddət masa üzərində qalmayacağını bildirib. Sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğu Ermənistan rəsmiləri tərəfindən də təsdiqlənsə də Fransa kimi qərəzi, ikili standartlar siyasətini bir normaya çevirən himayədarları prosesin uzadılmasına səy göstərirlər. Bu, beynəlxalq riyakarlığın təzahürüdür. Bütün bunlara baxmayaraq Azərbaycan daim irəliyə doğru inamla addımlayaraq tarixi ədalətə söykənən müstəqil siyasəti nəticəsində hədəflərə zamanında nail olur və yeni çağırışların da nəzərdə tutulduğu vaxtda tam həyata keçiriləcəyinə əmindir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri