11 Oktyabr 2024

Həkimlər Saakaşvilinin son vəziyyətini açıqladı:”Arıqlamaqda davam edərsə …”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti ağırdır.

Musavat.com Redaktor.az-a istinadla xəbər verir ki, bunu bazar ertəsi keçirilən mətbuat konfransında Gürcüstanın Ombudsman Aparatının məsləhətçilərinin həkimi Giorgi Qriqoliya deyib.

Mütəxəssis vurğulayıb ki, siyasətçi arıqlamaqda davam edərsə, 55 kiloqrama çatarsa, o zaman geri dönməz proseslər başlayacaq və o, yataq xəstəsi olaraq qalacaq.

“Kaxeksiya güclənir. Saakaşvili ilə baş verənlər təbiidir: o, arıqlayır, əzələ və artıq sümük toxumasının məhv edilməsi prosesi gedir. Bu, adekvat müalicə almadığı üçün baş verir”, – Qriqoliya jurnalistlərə deyib.

Həkim qeyd edib ki, hazırda Saakaşvilinin çəkisi 64 kiloqramdır, lakin arıqlamaq tendensiyası davam edir. Ombudsman aparatının həkimləri fevralın 19-da Saakaşvilini müayinə ediblər. Həkimlər qrupunun rəsmi rəyində bir sıra xəstəliklər qeyd olunur.

Saakaşvili ailəsinin üzvləri siyasətçinin vəziyyətinin ağır olması barədə gündəlik məlumat verirlər. Bundan əvvəl müstəqil həkimlər Saakaşvilinin ağır metallarla zəhərləndiyi barədə məlumat vermişdilər. Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin xaricdə klinikada müalicəsi üçün həbs cəzasının mümkün möhlətinə dair işə baxıb, lakin məhkəmə vəkillərin vəsatətini təmin etməyib.

Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Siyasətçi bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Birinci halda Saakaşvili üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” televiziya şirkətinin talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı işlərdə təqsirləndirilən şəxsdir – onlara hələ də məhkəmələr baxır.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşvilinin uzun müddət həbsdə qalacağını, bütün müddətini çəkəcəyini bildirib.