21 Fevral 2024

Hadrutdan Şuşaya və ya yeni tarixə şahidlik edən Topxana

Müəllif: Seymur Kazımov

Xocavənd rayonuna səfərimiz Hadrut qəsəbəsinin şimal-qərbində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) antiterror əməliyyatı keçirdiyi vaxta təsadüf etdi. DTX və Müdafiə Nazirliyinin birgə yaydığı məlumata görə, atəşkəs elan olunduqdan sonra da ərazidə bəzi erməni silahlı birləşmələrinin qalması nəticəsində burada belə bir əməliyyat keçirmək məcburiyyəti yaranıb.

Hələ noyabrın 26-da işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin 3 hərbi qulluqçusu öldürülmüş, 2 nəfər yaralanmış,  dekabrın 8-də Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdı.

Təhlükəsizliyin təmin olunması üçün zəruri təlimatlara əməl etmək şərti ilə Hadrutdan çıxıb, yüksəkliklərə doğru qalxmağa başladıq. Ərazidə qurulmuş hər xidməti postdan keçərkən təlimatları təkrarlayır, bəzən şəraitə uyğun yeni detallar əlavə edirdilər. Bundan başqa, bütün ehtimalları nəzərə alaraq, Hadrutda xidmət aparan hərbçilərdən biri bizə qoşulur. O, üz tutduğumuz məntəqəyə əvvəlcə özü tək daxil olurdu, ərazi yoxlanıldıqdan sonra biz də onun arxasınca hərəkət edirdik.

Təhlükəsizliyi-təmin-etmək-üçün-zabit-öndən-gedir

Yuxarılara qalxdıqca hava şəraiti bir neçə dəfə dəyişdi. Hətta bir müddət qarlı yollarla da getdik.

Yəqin ki, Azərbaycanda sosial şəbəkə istifadəçiləri Hadrutda “DQR” bayrağının rənglərinə boyanmş daş sütunu xatırlayırlar. Rusiyadan olan bloger, müharibə dövründə əsasən erməni auditoriyasına yalan məlumatlar verməsi ilə yadda qalmış Semyon Peqovun WarGonzo kanalı bu daşın yanından Hadrutun Ermənistan ordusunun nəzarətində olduğunu təsdiqləyən süjet yaymışdı. Hazırda həmin sütun yerindədir. Azərbaycan bayrağının rənglərinə boyanıb. Biz də onun qarşısından keçib, yolumuza davam etdik.

Dağların başı qarlı, onların ətəklərində yerləşən kəndlər isə dumana bürünmüşdü.

Ətrafda hərbi təyinatlı nəqliyyat vasitələri, hərdən mülki avtomobillər gözə dəyirdi. Sonuncular əsasən ərazidə infrastrukturun qurulması ilə məşğul olan təşkilatlara (Azərsu, Avtomobil Yolları Dövlət Agentliyi və s.) məxsus maşınlar idi.

Yolun sağında və solunda işğaldan azad olunmuş kəndlərimizi seyr edə-edə Xocavəndin Tuğ kəndinə çatdıq. Burdan sağa və sola iki yol ayrılır: sağ yol Qırmızı Bazar deyilən əraziyədir və Şuşaya gedir. Hazırda həmin ərazi Rusiya sülhməramlılarının nəzarətindədir. Sol yol isə Köhnə Tağlar kəndinə aparır. Ondan bir qədər də yuxarıda Böyük Tağlardır.

Hər iki kənddə infrastruktur işləri görülür, dövlət qurumları fəaliyyət göstərir. Böyük Tağlara artıq işıq çəkilir. İşlər sürətlə gedir, yəqin ki, qısa zamanda bu yerlərə elektrik enerjisi veriləcək.

Füzulidən Şuşaya çəkilən yolun bir hissəsi Xocavənd rayonundan keçir.

44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu buradan Şuşaya qədər uzanan meşəlik ərazidən özünə yol açıb irəliləmiş, Daşaltıya çıxaraq şəhəri azad etmişdi.

Bu, məşhur Topxana meşəsidir. Ətrafda şiddətli döyüşlər getdiyi dərhal sezilir. Yol kənarlarında, meşənin gözlə müşahidə olunan dərinliklərində Ermənistan Silahlı Qüvvələrinə məxsus, sıradan çıxarılmış hərbi texnika, erməni əsgərlərinin geyim və əşyaları səpələnib, qalıb.

Topxana meşəsinin 1988-ci ildə bir qrup erməni tərəfindən qırılması Dağlıq Qarabağın gələcəyi üçün mühüm siyasi hadisələrə və qanlı toqquşmalara təkan vermiş, 30 ildən artıq davam edən müharibə alovunu qızışdırmışdı.

İndi burada balta səsləri yox, ağır yük maşınlarının, traktorların uğultusu eşidilir: Şuşaya yol çəkilir. Topxana tamam fərqli bir tarixə şahidlik edir.