27 İyul 2024

“Hələ Siçan ilindəyik” – Astroloqdan ilginc 2021 proqnozları…

“Əslində insanlar yanlış sayırlar ki, yanvarın 1-də yeni il başlanır. Yanvarın 1-də təqvim ili başlayır. Hamının bildiyi astronomik il, yəni Çin təqvimi isə 20 yanvar – 18 fevral aralığında dəyişir. 

Bu dəfə ağ Öküz ilidir, astronomik hesabla fevralın 12-də başlayır. O vaxta qədər biz hələ Siçan ilinin təsiri, himayəsi altında olacağıq”.

Bu sözləri Musavat.com-a tanınmış astroloq Səbuhi Rəhimli 2021-ci ilin proqnozları haqda danışarkən bildirib.

Onun sözlərinə görə, Siçan dağıdıcı, çılğın ili kimi səciyyələndirilirdi: “Nəhayət, 2021 rahat, aydın, sabaha əminlik yaradan il olacaq. Öküz illəri bir qayda olaraq stabil dövrlər sayılır, kataklizmlər minimuma enir.

Bu ildə dildən iti, işini düzgün görən, özünə nikbinlik aşılayanlar, zəhmətkeşlər uğur qazana bilir. Eyni zamanda öküz ilində liderliyə can atanlar çox olur.

Hətta liderlik iddiasında olanlar qarşı tərəflə kəskin mübarizə aparırlar, siyasi müstəvidə isə rəqibinə sui-qəsd belə edirlər”.
S.Rəhimli hesab edir ki, düşər-düşərsiz il yoxdur, insanlar təqvimləri gərək belə xarakterizə etməsinlər:

“Sadəcə, illərin öz şərtləri var, diktələri var. Kim həmin şərtlərdən kənar olursa, yanlış yol tutursa, o adamlar mənfəətdən, qalibiyyətdən uzaqda qalırlar.

Yola salmaqda olduğumuz Siçan ilinin bizdən tələbi yalnız əldə olan mövqeləri qorumaq idi. Yəni, yeni nəyəsə əldə etməyə çalışmayın, əldə olanı saxlayın. Bura mülkiyyət, pul, işi yeri daxil idi.

Öküz ilində isə həm haqlı, həm güclü olmalısan. Biri olmasa ildən mənfəətli çıxmaya bilərsən. İnsanlar çox vaxt haqlı ola bilirlər, güclü ola bilmirlər”.

Astroloq Çin qoroskopuna görə Öküz ilində aparıcı planetin Venera olduğunu qeyd edib: “Hansı ilin planetidirsə, onun himayəsində olan əsas bürclər komandanlıq edəcək. Həmçinin, ilan və xoruz dost öküzə illərdir, həmin ildən olanlar üçün də uğurlu keçə bilər.

Biz 2020-ni çox narahat keçirdik, 2021-ə ümid bağlamışıq. Amma dediyim kimi, özündə güc tapmalısan, tək ümidlə iş olmur…”

Emil Salamoğlu
Musavat.com