Prezidentin Cənubi Qafqazın gələcəyi ilə bağlı “Yol xəritəsi”- alternativ yoxdur
19 və 20 sentyabrda həyata keçirilən antiterror tədbirlərindən və onun nəticələrindən sonra regionda yeni tendensiya formalaşmaqdadır. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində rəsmən bəyan etdi ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür.
Prezidentdən sitatlar:
- Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər.
Erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir.
Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.
- Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.
- Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. (Burada xüsusi olaraq qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci ilin oktyabrında Gürcüstana səfəri zamanı Qafqaz formatı təklif etmişdi. Antiterror tədbirlərindən sonra yaranmış yeni rellıqlar “Qafqaz evi” ideyasının gerçəkləşməsi üçün zəmin yaradır)
- Ermənistan bu dövr ərzində – dünən, bu gün, deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək…
Beləliklə Azərbaycan Prezidenti İlham Əliyev bu tezislərlə faktiki olaraq bölgə üçün “Yol xəritəsi”ni göstərib. Bölgədə sülh, inkişaf üçün alternativ yoxdur. Üç Cənubi Qafqaz ölkəsinin əməkdaşlığı hansı andan baş tuta bilər və bu regiona nə vəd edir?
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
Hikmət Babaoğlu: “Azərbaycan dövlət başçısı Cənubi Qafqazda sülh yaratma istəyində qətiyyətlidir və bunun üçün əməli tədbirlər həyata keçirir”
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, 19-20 sentyabrda Qarabağda Azərbaycan ordusu tərəfindən həyata keçirilən lokal anti-terror tədbirləri sülh istiqamətində atılan addımlarda yeni mərhələ yaratdı: “Çünki Azərbaycan ərazisində və bütövlükdə Cənubi Qafqazda sülhü təhdid edən ən əsas faktor Azərbaycanın Qarabağ ərazisində 10 min erməni silahlısının qalması idi. Artıq bu faktor keçmişə çevrilməkdədir. Ona görə də yeni imkanlar yaranıb. Bu baxımdan da Azərbaycan Prezidenti Azərbaycan xalqına müraciət edərkən yeni yaranmış vəziyyətlə bağlı regionun gələcəyinin əslində ”Yol xəritəsi”ni çəkmiş oldu. Cənab İlham Əliyev öz çıxışının son hissəsində Qafqazın ümumi lideri kimi, yaxud qlobal liderlərdən biri kimi çıxış edərək imperialist mərkəzlərə mesaj göndərmiş oldu ki, Cənubi Qafqaz onsuz da kifayət qədər mürəkkəb regiondur və bu regiondan əl çəkin. Bu, o deməkdir ki, Azərbaycan dövlət başçısı öz Cənubi Qafqazda sülh yaratma istəyində qətiyyətlidir və bunun üçün əməli tədbirlər həyata keçirir. Şübhəsiz ki, Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycanın mövqeyi, davranışları təyinedici olacaq. Ona görə də əslində əvvəlcədən irəli sürülmüş 3+3 formatı və burada üç Cənubi Qafqaz ölkəsinin birgə sinxron fəaliyyəti üçün yeni imkanlar yaranır. Əgər Ermənistanla Azərbaycan arasında sülh olacaqasa, hər üç Cənubi Qafqaz ölkəsi beynəlxalq münasibətlərdə və regional iqtisadi münasibətlərdə sinxron davranış nümayiş elətdirə biləcəklər. Regionun gələcəyi də, regionda sülhün uzun müddətli və etibarlı olması da bundan asılıdır. Ona görə də əgər Ermənistan bu reallığı nə qədər tez dərk edərsə və Cənubi Qafqaz üçlüyü formatına nə qədər tez qoşulmaq barədə qərar qəbul edərsə onda əlbəttə ki, regionumuza sülh və rifah daha tez gəlmiş olar”.
Oqtay Qasımov: “Azərbaycan dövlətinə qarşı təhdidlər ciddi şəkildə azalacaq”
Oqtay Qasımov: “Faktiki olaraq, 2020-ci ilin dekabrında zəfər paradında səsləndirilən 3+3 formatı ilə bərabər, eyni zamanda üçlü bir format təklif olunur”
Politoloq Oktay Qasımov isə bildirdi ki, 24 saatlıq lokal antiterror tədbirləri öz nəticəsini verdi və bölgədə yeni reallıq yarandı. Belə ki, artıq Azərbaycan ərazisində 30 ildən artıq yerləşmiş Ermənistan silahlı qüvvələrinin birləşmələri bölgəni dərk etməlidir. Bu da bölgənin, o cümlədən Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının yaranmasına gətirib çıxaracaq. Əməliyyatların yekunlaşmasından sonra Azərbaycan Prezidentinin xalqa müraciətində səsləndirdiyi fikirlər əslində proqram tezisli bir müraciət kimi qəbul edilə bilər: “Orada həm baş verən hadisəyə qiymət verildi, onun səbəbləri, nəticələri ən önəmli olan gələcəyə yönəlik fikirlər səsləndirildi ki, bu fikirlər həm Qarabağ ərazisində yaşayan erməni əhali ilə bağlı olan məsələydi, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı dövrü ilə bağlı olan məsələlər və ümumən Cənubi Qafqazla bağlı fikirlər ciddi şəkildə qəbul olunası tezislərdir. Həm orada yaşayan ermənilərin gələcəyi ilə bağlı məsələlər, onlara verilən hüquq və təhlükəsizlik təminatları ilə bağlı məsələlər, bütün məsələlərin Azərbaycan konstitusiyası çərçivəsində həlli ilə bağlı olan əsas məsələlər çox önəmli idi. Və bu məsələlərlə bağlı Ermənistanın son davranşılarına da pozitiv qiymət verən Azərbaycan Prezidenti ümumiyyətlə bölgədə kənar güclərin iştirakının buradakı proseslərə heç də müsbət təsir etmədiyini söylədi. Faktiki olaraq Prezidentin gələcək dövrlərdə üç Cənubi Qafqaz ölkəsinin münasibətləri ilə bağlı fikirləri də çox önəmlidir. Yəni faktiki olaraq, 2020-ci ilin dekabrında zəfər paradında səsləndirilən 3+3 formatı ilə bərabər eyni zamanda üçlü bir format təklif olunur. Bu təklifi Azərbaycan Prezidenti keçən il Gürcüstana səfərində ilk dəfə rəsmi şəkildə səsləndirmişdi. Orada da Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan və Ermənistanın öz arasında münasibətlərin inkişaf etdirilməsi və mehriban qonşuluq münasibətlərinə keçid və faktiki olaraq iqtisadi əlaqələrin qurulması, inkişaf etdirilməsi ilə bölgədə bir sabitlik müstəvisinin yaradılmasının zəruruliyini qeyd etdi ki, bu belə bir mühitin yaranması, əlaqələrin inkişafı bölgədə hər üç dövlətin maraqlarına uyğun olan fikirlər idi. O baxımdan Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikir, əlbəttə, gələcək üçün ümumi bir yol xəritəsi kimi qəbul edilməlidir”.
Politoloq vurğuladı ki, Gürcüstan tərəfinin də bunda maraqlı olduğunu keçən il Tiflis və bu ilin əvvəlində Gürcüstan baş naziri də təsdiqləmişdi. İndi burada əsas zəif bənd Ermənistandır: “Belə ki, Ermənistan hələ 1993-cü ilin fevralında ortaya çıxan ”Ümumqafqaz Evi” prosesinə qoşulmamışdı. Bu layihə ona görə reallaşmadı. İndi də yenə Ermənistan özü müstəqil qərar vermək iqtidarında hələ də olmadığından və kənar təsirlərin nəticəsində siyasətini qurduğundan ona burada ən zəif bənd Ermənistandır. Amma Ermənistanda da reallığı anlayan siyasətçilər və dövlət adamları da var. Onlar Azərbaycan Prezidentinin bu tezislərini qəbul edərlərsə və Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkərsə, faşist-rasist-irqçi ideologiyanın da ləğv edilməsi ilə prosesə qoşula bilərsə, əlbəttə, bu bölgə dövlətlərinin hər biri üçün faydalı ola bilər. Odur ki, Prezident İlham Əliyevin təklifləri Qafqaz ölkələrinin maraqlarına, həm də onların suveren hüquqlarına uyğun təkliflər olduğu üçün qəbul olunması vacibdir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”