21 Noyabr 2024

Azərbaycan qlobal enerji layihələrində etibarlı strateji tərəfdaşdır

2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Açılışda Prezident İlham Əliyev iştirak edərək çıxış edib.

Çıxışa başlayan Prezident İlham Əliyev gələn qonaqları salamlayıb və vurğulayıb ki, Rumıniyanın Prezidenti Klaus Yohannis ölkəmizə rəsmi səfərdədir və bu gün bizimlə olduğu üçün ona minnətdarıq. Dövlət başçısı qeyd edib ki, Rumıniya enerji təhlükəsizliyi məsələsinə böyük diqqət yetirir.

Daha sonra cənab Prezident İlham Əliyev komissar Simsona öz təşəkkürünü bildirib və qeyd edib ki, xanım Simson bizim bütün təşəbbüslərimizə dəstək verib. Prezident İlham Əliyev görüş haqqında ətraflı məlumat verərək bildirib ki, bir çox məsələlər haqqında danışaraq gələcək addımlarımızı planlaşdıracağıq. Ölkə başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci toplantısından sonra dünyada baş verən dəyişiklikdən danışıb və bildirib ki, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Bizim birgə səylərimizin nəticəsi olaraq yeni marşrutlar qurulur. Əlbəttə ki, biz vaxt itirmədən işə başladıq. İndi isə onun genişləndirilməsi haqqında danışırıq. Həmçinin TANAP və TAP-ın milyard kubmetrlərlə genişdirilməsini müzakirə edirik.

Cənab Prezident ötən ilin iyulunda  Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenlə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumunu xüsusi qeyd edib. Prezident İlham Əliyev qeyd edib ki, 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı düşünür, çünki bizim geniş resurslarımız var. Bizim çox yüksək səviyyədə qarşılıqlı etimadımız var. Bu çox vacibdir.

İclasın digər mühüm mövzularından biri isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması haqqında idi. Bu, Cənub Qaz Dəhlizi layihəsi və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində oldu və nəticədə bizim üçün təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanını yaratdı. Daha sonra Prezident İlham Əliyev təbii qaz resurslarından danışıb və bildirib ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il bəs edəcəkdir. Cənab Prezident qeyd edib ki, komandamızda dörd iştirakçı ölkə olsa da, gələcəkdə artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər.

Sonra Prezident İlham Əliyev Məşvərət Şurasının işinin necə qurulması haqqında danışıb və qeyd edib ki, bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur. Buna görə də biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor olacağını bilməliyik.

Prezident İlham Əliyev bərpaolunan enerji ilə bağlı planlardan da danışıb və bildirib ki, üç əsas enerji şirkəti ilə aramızda  razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir.

Digər bir layihə isə Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelidir ki, iş planı mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur.

Azərbaycan həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu,təsdiq olunmuşdur. “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” üzrə sessiyada Məşvərət Şurası formatında əməkdaşlığın “yaşıl” enerji istiqamətində genişləndirilməsinə diqqət yetirilib. Bildirilib ki, ötən ilin dekabrında Avropa Komissiyasının dəstəyi ilə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə dördtərəfli formatda əməkdaşlığın əsası qoyulub. Lakin Xəzər dənizi ilə Qara dəniz, Azərbaycan ilə Avropa arasında “yaşıl enerji” körpüsünün qurulması daha geniş “yaşıl beynəlxalq komanda”nın formalaşmasını zəruri edir. Çünki Cənub Qaz Dəhlizi kimi bu dəhliz də Avropa İttifaqı və Cənub-Şərqi Avropa ölkələrinə enerji təchizatını və tranzit marşrutlarını şaxələndirəcək. Daha çox Avropa ölkəsinə genişləndirilmək perspektivinə malik olacaq.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı