20 Aprel 2024

«Xatirələrdə yaşayan ömür»

Hər bir millətin, hər bir dövlətin tarixdə tanınmış öz şəxsiyyətləri, öz liderləri olmuşdur. Belə insanlar həyatda gördükləri işləri, apardıqları siyasətləri ilə tarixə düşmüşlər. Tarix də belə insanları yaşada-yaşada gələcək nəsillərə tanıtmaq üçün zaman-zaman bir-birinə ötürmüşdür. Belə şəxsiyyətlərdən biri də millətimizin həmişə qəlbində yaşayan millətinə, xalqına, torpağına, adət-ənənəsinə, dilinə, dininə, elminə, mədəniyyətinə canı, qanı ilə bağlı olan, Azərbaycanın qurucusu, memarı ulu öndərimiz Heydər Əliyev olmuşdur. Dünya şöhrətli liderimiz Heydər Əliyevə Azərbaycan dövlətinə rəhbərlik etmək iki dəfə qismət olmuşdur. 1-ci hakimiyyət dövründə respublikamızı bütün Sovetlər birliyində tanıtmışdır. Azərbaycanın inkişafı üçün ölkədə hər bir sahə üzrə inkişaf proqramları hazırlanmış, böyük uğurlara imza atmışdır. 2-ci dəfə xalqın tələbi ilə yenidənH. Əliyev müstəqil respublikamıza rəhbərlik etmək üçün dəvət edildi. Ulu öndər elə bir vaxtda ölkəyə rəhbərlik etməyə başladı ki, əgər o Azərbaycana o ərəfələrdə rəhbərlik etməsəydi yenicə qurulan müstəqil Azərbaycan dövləti parçalanmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qalacaqdı. H.Əliyev dağılmaq üzrə olan dövlətimizin bütövlüyünü, suverenliyini, möhkəmliyini qoruyub saxlamaq üçün ağır, gərgin işlər görməklə ölkəni dağılmaq təhlükəsindən xilas etdi. İşğal olunmuş torpaqlarımızın azad olunması, yeni milli ordumuzun yaradılması, hərbi strategiyamızın güclənməsi üçün ilk növbədə atəşkəsin bərqərar olmasına nail oldu. Gələcək uğurlu işlərdə sülh şəraitində işləmək üçün, uzun bir zamana ehtiyac olduğunu ancaq H.Əliyev kimi güclü bir siyasətçi başa düşə bilərdi. İlk növbədə xarici dövlətlərin diqqətini ölkəmizə yönəltmək, iş adamları ilə müflisləşmiş dövlətimizin ərazisində iş qurmaq və investisiyalar qoymaq, neft sahəsində böyük ölkələrlə neft kontraktları imzalamaq ulu öndərin ilk işlərindən biri oldu. O, sağlam kadrların seçilib yerləşdiririlməsinə, savadlı kadrlara, ölkədən xaricdə təhsil almış gənclərə onların biliyindən istifadə etmək üçün hər cür şərait yaradılmasına diqqət göstərirdi. Tezliklə hər bir sahədə quruculuq və abadlıq işləri sürətlə inkişaf etməyə başladı. Xalqın istək və tələbi ilə hakimiyyətə gələn H.Əliyev xalqın ağır, acınacaqlı bir vəziyyətdə olduğu müddətdə gecə-gündüz gərgin iş rejimində çalışmalı oldu. Minlərlə qaçqın və məcburi köçkün, yurd-yuvasından didərgin düşən insanlarımızın yaşayışı, məskunlaşması ölkənin ən çətin məsələlərindən biri idi. H.Əliyev heç zaman bu çətinliklərdən qorxmadı. Gecə-gündüz öz siyasi biliyi ilə yenə də dövlətimizi sivil dövlətlər birliyində tanıtdı. O keçirdiyi tədbirlərdə etdiyi çıxışlarında bu fikri daim səsləndirirdi: Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, işğal olunan torpaqlar azad olunacaq, qaçqın və məcburu köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar.

Bu sözləri daim, böyuk ümidlə öz çıxışlarında səsləndirən ulu öndər əfsuslar olsun ki, bu arzusuna sağlığında çatmadı. Onun bu missiyasını və bir çox yarımçıq işlərini, onun davamçısı, özü qədər inandığı varisi, Azərbaycanın bugünkü Prezidenti, Ali Baş Komandanı hörmətli İlham Əliyev cənablarının rəhbərliyi ilə, bugünkü güclü Azərbaycan Ordusu, 30 ildən sonra həyata keçirdi. Torpaqlarımız işğaldan azad edildi. Bu sevinci bizə yaşadan 44 günlük müharibəni Zəfərlə başa çatdıran ordumuz canları, qanları bahasına torpaqlarımızın hər qarışı üçün şəhid olan oğullarımız, ulu öndərin yarımçıq qalan bu arzusunu həyata keçirərək, onun ruhunu şad etdilər. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı ordumuza güc, qüvvət diləyirik.

2023-cü il ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə “Heydər Əliyev İli” elan edilmişdir.

Ölkəmizin hər yerində ulu öndər xatırlanır, hörmətlə yad edilir,onunla çalışan, onu yaxından tanıyan insanlar onunla bağlı öz xatirələrini söyləyirlər.

Mən həyatda özümü çox xoşbəxt və şanslı bir insan hesab edirəm ki, dahi liderimizlə ən çox əlaqəli onun hər iki hakimiyyət dövründə onunla birgə dövlətimizin inkişafında yaxından çalışmışam. Mən bir əmək adamı kimi, sadə bir peşə sahibi olmağıma baxmayaraq 2 dəfə SSRİ Ali Sovetinin, birinci çağırış müstəqil respublikamızın Milli Məclisinin deputatı olmuşam. Respublikamızın qanunverici orqanında çalışmaqla müstəqil respublikamızın yeni qanunlarının hazırlanıb qəbul edilməsində deputat kimi iştirak etmişəm. Sovetlər dövründə Heydər Əliyev kimi dövlət rəhbərinin sadə zəhmət adamına qayğı və diqqəti nəticəsində ölkədə tanınan insanlardan olmuşam. H.Əliyev hər bir sahədə çalışan insanları qiymətləndirir, onlara diqqət göstərirdi. Onun mənə bir rəhbər kimi, bir mənəvi ata kimi qayğısı hər zaman hiss olunurdu. O bizim Bərdə rayonunda 14 dəfə olmuşdur. Bu səfərlərinin 12-də mənimlə iş başında görüşmüşdür. İşlədiyim dövrdə mənim əməyimi bir çox mükafatlarla, orden-medallarla, fəxri adlarla mükafatlandırmışdır. H. Əliyev mənim həyatda nə uğurum olubsa, o uğurumun banisidir, səbəbkarıdır. Mən bu diqqət və qayğını heç vaxt unutmaram. Mənim Tərlan Musayeva kimi tanınmağım, keçmişimə, bu günümə və gələcəyimə görə ailəmlə birlikdə ulu öndərə həmişə borcluyam. O mənə bir mənəvi ata, bir arxa-dayaq olmuşdur. Neçə 100 illər keçəcək Azərbaycan xalqı Tanrının bizə bəxş etdiyi bu insanı, siyasətçi lideri inanıram ki, daim gələcək nəsillərin də qəlbində yaşadacaq.

Şübhə yoxdur ki, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.Ruhun şad olsun Ulu Öndər.!

Tərlan Musayeva – Prezident təqaüdçüsü, Əmək qəhrəmanı, sürücü mexanik