19 Mart 2024

Ucar rayonunda qızların təhsil və peşə inkişafına dair Forum keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan “Təhsil və peşə hər bir qızın haqqıdır!” layihəsi çərçivəsində Ucar rayonunda Forum keçirilmişdir.

Rayon gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, dini qurumlarla iş və digər aidiyyətli strukturların iştirakı ilə Ucar Gənclər Evində təşkil olunan Forumda 45 nəfər iştirak edirdi. Öncə iştirakçılar vasitələr və mövzuya aid hazırlanan kitabça ilə təmin olundular.  

Forumun açılışda SQPR İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Gülnarə Bağırova, rayon gənclər və idman idarəsinin rəisi Əhliman İbrahimov, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov çıxış edərək, bu maarifləndirici layihənin və Forumun bölgə gəncləri, xüsusilədə orta məktəb yaşlı qızlar üçün fayda, əhəmiyyətini müsbət qiymətləndirdilər və erkən nikahlarla mübarizə və bu istiqamətdə gənc qızların tam təhsil və peşə inkişafı təbliği sahəsində görülməli işləri qeyd etdilər.

Layihə eksperti, ADTGT sədri Asif Əsgərli interaktiv təqdimat çıxışında regionlarda erkən nikahların vəziyyəti, qızların yuxarı siniflərdə təhsildən yayınması halları, peşə və karyera inkişafından kənarda qalma məsələlərini və onlarla mübarizə və bu istiqamətdə müxtəlif qurumların birgə maarifləndirici və sosial fəaliyyətləri qeyd etdi. Ekspert regionlarda erkən və qohum nikahların gənclərə, onların təhsil və peşə inkişafına, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, mübarizə və bu sahədə vacib alət və mexanizmlərdən danışdı.

A.Əsgərli bölgələrdə erkən nikahlarla effektiv mübarizə üçün təhsil, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lər tərəfindən birgə səmərəli əməkdaşlığı, bu sahədə araşdırma, sorğu, PR kampaniyası və şəbəkələşməni də xüsusi vurğuladı. Forum iştirakçıların geniş və əhatəli müzakirə və fikir mübadiləsi ilə yekunlaşdı.

Cəlilabad, Salyan, Ucar və Qobustan rayonlarında icra olunan layihənin əsas ideyasını bu regionlarda erkən nikahların yeniyetmə qızlara, onların tam orta təhsil, peşə sahibi olmalarına, mənəvi-psixoloji durumuna, cəmiyyətin inkişafına və milli genefonduna göstərdiyi mənfi təsirlərlə mübarizədən və bu sahədə vacib alətlər olaraq valideynlərlə aparılacaq maarifləndirici və sosial fəaliyyətlər təşkil edir.

                  

   SQPR İctimai Birliyinin mətbuat xidməti