22 Dekabr 2024

Ruslar “taktiki geriçəkilmə”dən danışdılar

Rusiya Ukraynada daha bir kənddən geri çəkildiklərini rəsmən qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Zaporojye vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsinin “rəhbəri” Yevgeni Balitski danışıb.

Rusların “Arsrun Ovannisyanı” bunu “taktiki geriçəkilmə” olaraq təqdim edib.

“Rusiya ordusu taktiki nöqteyi-nəzərdən bu yaşayış məntəqəsini tərk edib, çünki belə bir çöldə qalmaq məqsədəuyğun görünmür. Bu səbəbdən yüksəkliklərə doğru hərəkət etdik”, – deyə Balitski “Solovyov Live”in efirində danışıb.

Onun sözlərinə görə, Rabotinonun ancaq adı xəritədə qalıb. Balitski Rusiya ordusunun əslində bununla Ukrayna ərazilərini xarabaya çevirdiyini etiraf edib.

Rusiya Müdafiə Nazirliyi hələ ki, Rabotinodan geri çəkildiyini rəsmən təsdiqləməyib. Bir gün əvvəl nazirlik Rusiya ordusunun Rabotino bölgəsində Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasının iki hücumunu dəf etdiyini açıqlamışdı.

Kənd Tokmak və Melitopol istiqamətində rus qoşunlarının birinci müdafiə xəttində yerləşir. Rusiya hərbçiləri onu 2022-ci ilin martında işğal ediblər. Uğrunda qanlı döyüşlərin getdiyi bu kənd olduqa kiçikdir, sahəsi cəmi 3 kvadratkilometrdir. Müharibədən əvvəl, rəsmi məlumatlara görə, orada 500-dən az adam yaşayırmış.