Qida təhlükəsizliyimiz təhlükədə – yediyimiz yağdır, yoxsa…
Eyyub Hüseynov: “İnsanlar yağ alanda fikir versinlər, etiketinə baxsınlar…”
Azərbaycan trans yağların istehlakına qarşı heç bir tədbir görülməyən ən “təhlükəli” doqquz ölkə sırasındadır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda deyilir.
Hesabata görə, trans yağların birbaşa səbəb olduğu ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı on altı ölkədən doqquzunda bu təhlükəyə nəzarət yoxdur. Onların arasında Azərbaycan, Avstraliya, Butan, Ekvador, Misir, İran, Nepal və Cənubi Koreya da var.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə mediaya bildirilib ki, hesabatdakı göstərici ölkədə trans yağ turşularının istehlakı səbəbindən baş verən ölüm hadisələrinin ümumi sayını deyil, əksinə, ürək-damar xəstəlikləri ilə əlaqədar yaranan ölüm hadisələrinin neçə faizinin trans yağ turşuları səbəbindən baş verdiyini göstərir.
“Hesabatdan görünür ki, bu göstərici dünyanın sosial-iqtisadi baxımdan ən geridə qalmış hesab edilən bir çox ölkəsində daha aşağı, Amerika Birləşmiş Ştatları və Latviyada Azərbaycan üzrə göstəricidən daha yüksək, Kanadada isə demək olar ki, eyni səviyyədədir. Nəticə olaraq, bu, hər hansı formada ölkənin statusu ilə bağlı mənfi və yaxud müsbət fikrin yaranmasına əsas verməyən, sadəcə olaraq, trans yağ turşuları ilə bağlı olan ölüm sayının ürək-damar xəstəlikləri arasında payını faizlə ifadə edən bir göstəricidir”, – deyə izahatda qeyd olunur.
O da qeyd olunur ki, AQTA ölkədə trans yağ turşularına dair vəziyyəti qiymətləndirmək üçün monitorinq həyata keçirib: “Nəticələrə uyğun olaraq, sahibkarlıq subyektlərinə ölkəmizdə trans yağ turşularının miqdarının 2 faiz həddində müəyyənləşdiriləcəyi, həmçinin onların istehsal və ya idxal etdikləri məhsulların bu tələblərə uyğunlaşdırılması ilə bağlı xəbərdarlıq edilib. 2021-ci ildə isə yağlarda trans yağ turşularının tənzimlənməsi ilə bağlı texniki normativ hüquqi akt layihəsi ictimai müzakirəyə buraxılıb. 2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən “Qida məhsullarında trans yağ turşularına dair risk qiymətləndirilməsi” həyata keçirilib. Aparılan ilk monitorinqdən sonra vəziyyətin qiymətləndirilməsi ilə bağlı mütəmadi nəzarət tədbirlərinə əlavə olaraq, 20-23 dekabr 2022-ci il tarixlərində keçirilən son monitorinq çərçivəsində ölkəyə idxal edilən və yerli istehsal məhsullarından ümumilikdə 53 nümunə götürülüb və nümunələrin heç birində trans yağ turşularının miqdarı ilə bağlı uyğunsuzluq aşkar edilməyib”.
Ancaq ÜST-in hesabatı da yerində qalır. Aydındır ki, inflyasiya gücləndikcə dükan-bazarda saxta brendlə keyfiyyətsiz qida məhsullarının satışı da artacaq. İşbazların çevrəsi genişlənəcək. Bu problemlı necə mübarizə aparmalı? Əhali nələri nəzərə almalıdır ki, aldanmasın?
Musavat.com-a açıqlamasında farmakoloq, dosent Aydın Əliyev deyib ki, trans yağlara hidrogen vururlar və onların quruluşu dəyişdirilir: “Quruluşu dəyişilmiş yağlar insanlarda istənilən xəstəliyi törədir, nəinki ürək, qan-damar xəstəliklərini. Ən qorxulu cəhətlərindən biri budur ki, bədənin quruluşu, maddələr mübadiləsi dəyişir və immun sistemi zəifləyir. İmmun sistemi zəifləyəndə təbii ki, insanlarda birinci üzə çıxan əlamət ürəkdə, damarda dəyişikliklər olur. Qan qatılaşır, insult halları, ürək-damar xəstəliklərindən ölüm hallarının çoxalmasına səbəb olur.
Biz insanlar maddələr mübadiləsi ilə yaşayırıq. İnsan aldığı təmiz hava ilə, təmiz qida ilə yaşayır. Keyfiyyətsiz yağlar, dərmanlar, keyfiyyətsiz sular, çirkli hava təbii ki istənilən xəstəliyi törədir. Bizdə hazırda xəstəlik həddən artıq çoxdur. Xüsusilə onkoloji xəstələrə nəzər yetirin, xəstələri sayı həddən artıq çoxdur. Azərbaycana keyfiyyətsiz qida, yağ, dərmanlarını bilə-bilə kim gətirirsə, bizim düşmənə ehtiyacımız yoxdur”.
Həkim “bu istiqamətdə nə kimi profilaktik tədbirlər görülməlidir” sualına belə cavab verib: “Belə çıxır ki, ÜST bilir ki, hansı ölkələrə keyfiyyətsiz qidalar gedir. Onda belə məsələ ortaya çıxır ki, dünyada həqiqətən də üçüncü dünya müharibəsi gedir, vacib deyil ki, güllə atılsın. Bəzi ölkələrə raketlər, bəzilərinə isə bu cür istifadə edib demoqrafiq dəyişikliyinə səbəb olurlar. İnsanları xəstələndirirlər. Bu artıq qlobal bir problemdir. Çıxış yolu isə birdir. Kim bilə-bilə ölkəmizə keyfiyyətsiz məhsulları gətirirsə, bizə ən ağır zərbəni vurmuş olur. İnsanlar profilaktik tədbirlər görüb, sağlamlıqlarının qayğısına qalmalıdırlar.
İnsanla bağlı sadə bir düstur deyim sizə. Obrazlı desək, Allahın dörd resepti var, bu fəsillərdir. İnsanlar təbiətdə nə yetişirsə, hər fəslə uyğun yerli qidaları qəbul edirlərsə, onlar sağlam yaşayırlar. Trans yağlar bədənimizə uyğun deyil, dəyişdirilib. Onları əlavə olaraq hidrogenləşdirir, protonu vururlar. Ona görə də bədənizmizə uyğun deyil. Kobud bir misal çəkəcəyəm, necə ki, xaricdən maşın gətirilir, gərək ona uyğun da benzin ola. Yəni yağlar da bizə uyğun olmalıdır. Bir ara at, eşşək əti ilə bağlı yazırdılar, at, eşşək ətini yemək haram deyil. Amma bizim bölgəyə uyğun deyil, həmin ətlərə bədənimiz uyğunlaşmayıb. Əgər vətəndaşlarımızın sağlam yaşamasını istəyiriksə, hökumət yerli təsərrüfatı inkişaf etdirməlidir”.
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bazar qanunlarına görə, qiymət qalxdıqca, inflyasiya dərinləşdikcə saxta, keyfiyyətsiz mallar irəliləyir: “Bu da insanların sağlamlığına xələl gətirir. Ümumiyyətlə, bu sahədə problemin olduğunu Azad İstehlakçılar Birliyi 20 ildən çoxdur səsləndirir. Əlbəttə, inflyasiya dərinləşdikcə, qiymətlər artdıqca saxta mallar və trans yağlar daha da artacaq. Dəfələrlə demişəm ki, əldə satılan yağların əksəriyyəti trans yağlardır. “Nənəmin nehrəsi”, “nənəmin yağı” və sairə. Bunların çox böyük hissəsi, 95 faizi marqarinlərdən hazırlanır. Onun alqoritmini də mən demişəm, yenə də səsləndirirəm. Əhalinin aldanıb, guya əldən aldığı yağlar belə hazırlanır.
Məlumdur ki, 20 lirt süddən bir kiloqram kərə yağı almaq olur. Natural südü sərirlər, ondan qaymaq əmələ gəlir. Qaymağı yığır, ondan yağ hazırlayır. Bu yağ natural yağdır. Lakin qaymağın altda qalan südün 94 faizi sudur. Üzsüz süd deyirlər buna. Adətən onu atırlar, ya da üzsüz qatıq çalırlar. Lakin işbazlar altdakı südü atmır. Həmin altdakı südə ən vaxtı keçmiş, ən ucuz marqarin yağları vurur, tam yüz faiz trans yağlar qarışdırılır. Qaynadılır bir yerdə. Təxminən 85 dərəcə hərarətə qədər qaynadırlar. Lakin nə qədər qaynatsalar da, trans yağla su bir-birinə qarışmır. Bunu qarışdırmaq üçün həmin mayeni hamalizator deyilən bir cihaza tökürlər. Bu cihaz həmin mayeni bircinsli mayeyə çevirir. Əldə yağlı bir süd əmələ gəlir. Əgər o yağı əridib ekspertizaya versək ki, nə yağıdır, laboratoriya burada süd turşularını axtaracaq. Süd turşuları da burada var və bilinmir ki, bu nə yağıdır. Bunlar artıq yüz faizli trans yağlarıdır.
Təəssüflər olsun ki, mən bu məsələni AQTA-ya bildirsəm də, bunu hələ də araşdıran yoxdur. Ölkədə trans yağların bu qədər geniş yayılması aidiyyəti qurumlara maraqlı deyil. Ona görə də insanlar bu qədər ürək-damar xəstəliklərinə düçar olur, qan damarları tutulur. Bu səbəbdən ölüm halları həddən artıq çoxdur. Ümumdünya Səhiyyə Təşkilatına mənim o qədər də etibarım yoxdur. Lakin bu məsələdə haqlıdır, bu sahədə Azərbaycanda problem yaşanır. AQTA müəyyən normativ sənədlər hazırlayıb. Dünya standartlarına uyğun olaraq Azərbaycanda iki faizdən çox olmaması məsələsi ortaya qoyulub. Bildiyimə görə, sənədlər hələ təsdiq olunmayıb”.
Ekspertin sözlərinə görə, hökumət elə bir siyasət aparmalıdır ki, insanların sağlamlığı öndə dursun: “Bunun da önündə qanunlar dayanır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Ondan bəri qanun dəyişdirilməyib. Daim istehlakçıların zərərinə qərarlar qəbul olunub. Antiinhisar Departamenti də effektsiz işləyir. İnsanlar təhlükə altındadırlar. Bütün bu yarıtmaz siyasətin nəticəsidir ki, insanlar apteklərin qarşısında növbələrdə dayanırlar. İnsanlar yağ alanda fikir versinlər, çalışsınlar etiketinə baxsınlar. AQTA elə bir iş aparmalıdır ki, yağların etiketində trans yağın faizi yazılsın. Hələ ki bu yoxdur. İnsanlar etiketə baxmalıdır. Hansında trans yağlar yazılıbsa, onlara fikir versinlər. Trans yağlar bütün qidaların tərkibində var. Ətin, təmiz kərə yağının, heyvan mənşəli yağların, südün tərkibində trans yağlar var. Hətta ketçubların, mayonezlərin tərkibində, “fast-food”ların tərkibində trans yağlar var. Lakin hansı faizdədir, bu məlum deyil. Əgər AQTA əhalinin sağlamlığını düşünürsə, ÜST-in çağırışına adekvat cavab vermək istəyirsə, elə bir qərar qəbul etsin ki, bütün qida məhsullarının üzərində trans yağının faizi göstərilsin. Bu da mənim təklifimdir”.
Afaq MİRAYİQ